Ombudsman Aparatında Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş
Ölçü:

Ombudsman Aparatında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regional nümayəndəliyinin Həbsxana sistemləri üzrə məsləhətçisi Zoya Xasia və həmin təşkilatın Azərbaycan nümayəndəliyinin əməkdaşı Elem Xairullin qəbul edilib.

Bu barədə Koordinat.az-a Ombudsman Aparatından məlumat verilib. Görüşdə Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri – Vüqar Heydərov, Cavidan Qorçiyev, Əli Heybətov və Aparatın İşgəncələrin qarşısının alınması şöbəsinin sektor müdiri Elmin Cəfərov iştirak edib. Qonaqlara Ombudsmanın Milli Preventiv Mexanizm qismində həyata keçirilmiş fəaliyyəti barədə ətraflı məlumat verilib, irəli sürülmüş təklif və tövsiyələr, əməkdaşlıq perspektivləri müzakirə edilib, müxtəlif suallar cavablandırılıb.

Görüşdə MPQ və onun yeni tərkibi, həmçinin həyata keçirilmiş fəaliyyət istiqamətləri diqqətə çatdırılıb. Pandemiya şəraitində mövcud çağırışlar və şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr, eyni zamanda Ombudsman təsisatı ilə BQXK arasında səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edilib. Bildirilib ki, bu səmərəli əməkdaşlıq çərçivəsində mütəmadi olaraq adları BQXK tərəfindən təqdim edilən və penitensiar müəssisələrdə saxlanılan şəxslər həyata keçirilən başçəkmələr zamanı qəbul edilib, onların müxtəlif müraciətləri alınıb.

Qonaqlar təmsil etdikləri təşkilatın mandatı çərçivəsində istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri, habelə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə həyata keçirdikləri monitorinqlər barədə məlumat verib.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşün sonunda gələcəkdə də mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
22.06.2021 17:23:00
Oxuma sayı: 1757