Hafiz Hacıyev: “REAL pula işləyən partiyadır“
Ölçü:

Ötən gün REAL-ın sədr müavini, tanınmış iqtisadçı-ekspert Natiq Cəfərlinin Paşinyanın seçkilərdə qalib gəlməsi münasibəti ilə erməni xalqını təbrik etməsi müzakirəsiz ötüşməyib.

Koordinat.az xəbər verir ki, məsələyə sosial şəbəkələrdə müxtəlif rakurslardan yanaşılıb. Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında onun bu addımının tapşırıq olduğunu deyib: “Düşmən nə addım atır, nə iş görür, hansı qələbəni qazanırsa qazansın, elə düşməndir. Ermənistan xalqını təbrik eləmək Natiq Cəfərlinin və onun rəhbərinin xislətindən əmələ gələn bir şeydir. Onlar ömür boyu ermənilərə işləyib, hər zaman Avropadakı ermənilərlə bir yerdə olublar. Bu addımı da düzgün hesab etmirəm, düşmən düşməndir. Paşinyan bundan sonra hansı addımlar atacaq, bunu zamanla görəcəyik. O, kifayət qədər addım atıb öz sözünü dedi - 44 günlük müharibədə nə qədər övladımız şəhid oldu. Bütün bunları bilib, onları təbrik etmək düzgün addım deyil. REAL partiyası artıq ifşa olunmuş partiyadır. Onlar pula işləyən adamlardır, görünür, kimlərsə pul verib tapşırıq yollayıblar ki, onlar da bu addımı atıblar. İlanın ağına da lənət, qarasına da. Erməni ermənidir!”

Partiya sədrinin sözlərinə görə, Paşinyan bu qələbədən sonra daha riskli addımlar ata bilər: “Paşinyanın qələbəsi təbii ki, çox şeyi dəyişəcək. Paşinyan yerini möhkəmləndirdi, bütün Avropa dövlətlərinə bir daha sübut etdi ki, müharibədə uduzmuş bir dövlət başçısı risk edib seçkilərə qatıldı və demokratik seçki nəticəsində qələbə qazandı. O, Rusiyanın əl qoyduğu namizədin - Köçəryanın arxasını yerə vurdu və xalqın səsini aldı. Əlbəttə ki, bundan sonra Paşinyan daha cəsarətli, daha riskli olacaq. Hər halda biz bir çox məsələyə hazırlıqlı olmalıyıq”.
22.06.2021 15:55:00
Oxuma sayı: 1767