Azərbaycanda Türkiyə təcrübəsinə əsaslanan iki peşə məktəbi yaradılacaq
Ölçü:


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Koordinat.az xatırladır ki, protokol bu ilin fevralın 19-da Ankarada imzalanıb.

Bu əməkdaşlıq konkret nəyi nəzərdə tutur? Azərbaycanda Türkiyə peşə təhsili müəssisələrinin filialları açılacaqmı? Protokol ciddi böhran keçirən peşə təhsilinin inkişafına öz töhfəsini verəcəkmi?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov “Press Klub”a açıqlamasında cari ilin 25 may tarixində Türkiyə Milli Təhsil Nazirliyinin beynəlxalq əlaqələr və peşə təhsili üzrə rəhbər şəxsləri, həmçinin Azərbaycanın Peşə Təhsili üzrə Dövlət Agentliyi rəhbərliyinin iştirakı ilə keçirilən görüş zamanı 2021-ci il 19 fevral tarixində imzalanan Protokol çərçivəsində iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm məsələlərin ətraflı müzakirə edildiyini bildirdi: “Tərəflər müvafiq Protokol əsasında peşə təhsili üzrə əməkdaşlığın genişləndirilməsi məsələsinin vacibliyini vurğulayıb və yaxın zamanda Azərbaycanda Türkiyə Respublikasının təcrübəsinə əsaslanan iki yeni peşə təhsili müəssisəsinin yaradılacağını qeyd ediblər. Mayın 27-də isə Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclasında həmin Protokolun təsdiqi haqqında qanun layihəsinə baxılaraq bu sənədin iki qardaş ölkə arasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində əməkdaşlıqda da yeni səhifə açacağı qeyd olunub”.

Ekspertin sözlərinə görə, 15 maddədən ibarət əməkdaşlıq protokolu peşə təhsili sahəsində Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva etməklə yanaşı, peşə təhsili müəssisələrinin təsis edilməsini də nəzərdə tutur: “Bu müəssisələrdə Türkiyənin böyük nailiyyətlər əldə etdiyi informasiya texnologiyaları, turizm, mebel, dizayn və qida sahələri üzrə peşə ixtisaslarının veriləcəyi gözlənilir. Onu da xatırlatmaq yerinə düşər ki, 2019-2020-ci tədris ili ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyinin, peşə təhsili müəssisələrinin idarə heyətinin və müxtəlif peşə istiqamətləri üzrə istehsalat təlim ustaları və ixtisas fənn müəllimlərinin iştirakı ilə Ankara, İstanbul, İzmir şəhərlərində təlimlər təşkil olunub, liderlik, dərzi, dizayn, elektrik, mebel, avtomobil, turizm və qida istiqamətləri müzakirə edilib, görüşlər keçirilib. Türkiyənin milli təhsil naziri Ziya Səlcuq və təhsil nazirimiz Emin Əmrullayevin görüşündə də deyilib ki, yeni yaradılacaq Türkiyə-Azərbaycan Peşə Təhsili Mərkəzində informasiya texnologiyaları, qarşılama, yerləşdirmə və səyahət xidmətləri, mebel və daxili dizayn, moda dizaynı sahələrində təhsil məsələlərinə toxunulub, qarşılıqlı fikir mübadiləsi aparılıb. Hesab edirəm ki, prezident İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi barədə qanunu təsdiqləməsi iki qardaş ölkə arasında digər sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın daha da inkişaf etdirilməsində yeni mərhələ olacaq”.


22.06.2021 10:43:00
Oxuma sayı: 15670