Neft bahalaşır, manat sabitdirsə qiymətlər niyə artır - ekspert bahalaşmanın səbəblərini açıqlayır
Ölçü:


Yüksək neft qiymətləri, manatın sabit məzənnəsi, ölkədəki stabil vəziyyətə baxmayaraq, qiymətlər artan tepmlə yüksəlir.

Koordinat.az xəbər verir ki, bu barədə Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bahalaşmanın son bir neçə ayda daha da sürətləndiyini deyib: “Azərbaycanda istər ərzaq, istər qeyri-ərzaq qiymətlərinin sürətlə bahalaşmasının şahidi oluruq və proses artıq bir neçə aydır davam edir. Əsasən də ərzaq inflyasiyası hətta rəsmi rəqəmlərə görə 5 faizi keçib. Aydındır ki, bizdə rəsmi rəqəmlərlə real rəqəmlər arasında həmişə fərq olur. Təəssüf ki, alternativ statsitik hesablamalar aparmaq da mümkün deyil. Amma günümüzün reallığını bilirik, alıcı olaraq, evimizə, ailəmizə alınan məhsulların bahalaşmasının şahidi oluruq”.

Ekspert səbəblərin əsasən subyektiv olduğunu vurğulayıb: “Yeganə obyektiv səbəb dünya bazarlarında ərzaq qiymətlərində ciddi artımın müşahidə olunmasıdır. Ötən ilə nisbətən ərzaq indeksi təqribən 10 faizdən çox bahalaşıb. Bu da bütün ölkələrdə qiymət artımının səbəblərdən biridir. Buna da səbəb bəzi ölkələrin “protaksionist” siyasət yeritməsidir. Yəni bəzi daxili ixracatçı ölkələr bazarı qorumaq üçün ərzaq məhsuallarına kifayət qədər böyük həcmdə vergi və gömrük rüsumları qoyur. Nəticə etibarilə ixrac olunan məhsulların qiymətində də artım müşahidə edilir. Amma Azərbaycanın öz spesifik xüsusiyyətləri var. Təəssüf ki, ölkəmizdə qiymət artımına təsir edən amillər rəqabətsizlikdən doğur. Rəqabət mühitinin olmaması səbəbindəndir ki, bizdə bir neçə şirkət həm istehsal, həm də ölkəyə mal gətirilməsi baxımından daxili bazarın təqribən ¾-nə, 70-80 faizinə nəzarət edir. Öz vəziyyətlərindən istifadə edərək, qiymət diqtəsini həyata keçirirlər. Bu şirkətlərin qiymət diqtəsi bahalaşmanın daha çox sürətlənməsinə səbəb olur, çünki əsasən xaricdən gətirilən məhsullarda rəqibləri yoxdur. Daxili istehsalın da zəif olduğunu nəzərə alsaq, bizdə qiymət artımının sürəti “normal”dır”.

N.Cəfərli digər səbəbin gömrük rüsumları ilə bağlı olduğunu bildirib: “Azərbaycanda daxili istehsalı olmayan, yaxud az olan ərzaq məhsullarının da gömrük rüsumları çox yüksəkdir. Məhsullar 15 faiz gömrük rüsumu ilə ölkəyə gətirilir. 18 faiz Əlavə Dəyər Vergisini də nəzərə alsaq, məhsul sərhəddən ölkəyə keçən kimi avtomatik olaraq, 35 faiz qiymətin üzərinə gəlir. Hökumətin bizdə daxili bazarda istehsalı olmayan, yaxud sosial mal qrupuna aid olan və insanların gündəlik tələbatına uyğun məhsulların gömrük rüsumları ilə bağlı qərarlarına ehtiyac var. Rüsumlar azaldılmalıdır ki, həm daxili bazarda rəqabət artsın, həm də qiymətlərin tənzimlənməsi mümkün olsun. Süni yolla, dövlətin və hökumətin müdaxilələrilə qiyməti tənzimləmək mümkün deyil. Bu, əksinə pis fəsadlara gətirib çıxara bilər. Ona görə də hökumətin əlində olan ən işlək alətlər vergi dərəcələri və gömrük rüsumlarıdır. Burada müəyyən dəyişiklik etməklə, bazarda sabitliyin yaranmasına və qiymətlərin tənzimlənməsinə nail olmaq mümkündür”.
21.06.2021 14:44:00
Oxuma sayı: 3626