Beynəlxalq Energetika Agentliyindən neft-qaz istehsal edən ölkələrə xəbərdarlıq
Ölçü:


"Beynəlxalq Energetika Agentliyinin enerji transformasiyası ilə bağlı yeni hesabatı təbii resurs ölkələri üçün həyəcan təbilidir".

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. O, qeyd edib ki, beynəlxalq qurum bu hesabatı ilə neft-qaz istehsalçısı olan ölkələrə "zaman çox azdır, başınıza çarə qılın" xəbərdarlığı edir: "Agentliyin proqnozuna görə, 2030-cu ilədək dünya iqtisadiyyatı 40% böyüyəcək, amma enerji istehlakı 7% azalacaq. Bu enerjiyə qənaət texnologiyalarının tətbiqi sayəsində mümkün olacaq. "Yaşıl energetika" yaxın 10 ildə 14 milyon yeni iş yeri yaradacaq".

Agentlik hesab edir ki, artıq indidən resurs ölkələrinin yeni neft  yataqlarının işlənməsi üçün lisenziyalar verməsinə ehtiyac aradan qalxır və bu prosesi dayandırmaq lazımdır. Çünki neftə olan tələbat bir də heç vaxt 2019-cu ilin pikini aşmayacaq, bundan sonra hər il azalacaq. Nəticədə 2030-cu ilədək neftin qiyməti 35 dollar ətrafında qərarlaşacaq.

"Peşəkar və dürüst siyasi idarəetmə, yüksək biliyə və texnologiyaya əsaslanan iqtisadiyyat qura bilməyən resurs ölkələri yeni texnoloji əsrin "feodal periferiyaları" kimi yaşamağa məhkum qalacaqlar" - deyə, Rövşən Ağayev hesabatı şərh edərkən bildirib.

08.06.2021 18:12:00
Oxuma sayı: 773