Azərbaycanda taxta bahalaşıb
Ölçü:


Rusiyada kobud emal olunmuş bir sıra ağac növlərinin ixracına qoyulan rüsumun məbləği 10% artırılıb və bu artım ilin sonunadək qüvvədə olacaq.

Koordinat.az-ın məlumatına görə, Rusiya Baş nazirinin müavini Yuri Trutnev bildirib ki, hökumət dəyirmi ağac materiallarının ixracına dair 2022-ci ildə qüvvəyə minəcək qadağanın ləğv edilməsi məsələsini nəzərdən keçirmir.

Qeyd edək ki, Azərbaycanda tikintidə istifadə edilən ağac məmulatları əsasən Rusiyadan gətirilir. Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli "Sputnik Azərbaycan"a deyib ki, bizdə taxtanın qiymətində artım gözlənilir: "Lakin bizim başqa ölkələrdən taxta almaq imkanlarımız var. Müvafiq qurumlar ayrı-ayrı bazarları araşdırmalıdır. Məsələn, Ukrayna, Qazaxıstan bazarlarından taxta idxalı üçün alternativ yollar araşdırılmalıdır. Bu zaman qiymət artımının qarşısını nisbətən ala bilərik. Bizim sahibkarlar qiyməti ucuz olduğu üçün taxtanı Rusiyadan gətirirdilər. Rusiyada müəyyən mövsümlərdə buğdanın da ixrac rüsumunu artırıblar. Ona görə də buna hazır olmalı və alternativ yollar araşdırılmalıdır".

"Dünya Bankının son hesabatına görə, bu il dünya iqtisadiyyatında 6 faiz artım gözlənilir. Bu da tikinti sahəsinə öz təsirini göstərəcək və inşaat işləri artacaq. 6 faizlik artım dünyada neft məhsullarının da qiymətində bahalaşmaya səbəb olacaq", - deyə o qeyd edib.

İqtisadçı Natiq Cəfərli də deyib ki, son bir neçə aydır ölkəmizdə taxtanın qiymətində ciddi artım var: "Mart ayından başlayaraq qiymət artımı daha ciddi hiss olunmağa başlayıb. Rusiyada taxtanın ixrac rüsumunun artırılması Azərbaycan bazarında da ciddi qiymət artımına səbəb ola bilər. Məsələn, taxılda biz bunu gördük. Rusiyada taxılın ixrac rüsumu artırıldı və bu, Azərbaycana gətirilən taxılda da hiss olunur. Taxtanın bahalaşmasının fərdi tikililərin qiymətinə təsiri olacaq. Çünki fərdi tikililərin maya dəyərinin artması gözlənilir".
 
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir ki, 2021-ci ilin aprel ayında mart ayına nisbətən kəsilmiş taxtalar üzrə daha çox bahalaşma qeydə alınıb.

Kəsilmiş taxtanın bir kubmetrinin qiyməti bu ilin yanvar ayında 331.17 manata, fevral ayında 336.23 manata, mart ayında 339.79 manata, aprel ayında isə 353.89 manata olub. Aprel ayında ilin əvvəli ilə müqayisədə qiymət 22.72 manat bahalaşıb. Aprel ayında qiymət mart ayı ilə müqayisədə 14.10 manat, yaxud 4,15 faiz bahalaşıb.

04.06.2021 18:16:00
Oxuma sayı: 984