Putin: "Qazprom" "Şimal axını-2" kəmərinə qaz vurmağa hazırdır
Ölçü:


"Qazprom" "Şimal axını-2" kəmərinə qaz vurmağa hazırdır.

Koordinat.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu ölkənin şimal paytaxtı hesab olunan Sankt-Peterburqda start götürmüş Beynəlxalq İqtisadi Forumun (SPIEF-2021) bu gün baş tutmuş plenar iclasında çıxış edərkən bildirib.

"Sevinc hissi ilə xəbər vermək istəyirəm ki, 2,5 saat bundan əvvəl "Şimal axını-2" qaz kəmərinin ilk qolunun döşənməsi uğurla başa çatıb. Kəmərin ikinci qolu üzrə işlər davam edir. Dəniz hissəsi də daxil olmaqla bütün xətt üzrə işlər tamamlanıb", – deyə prezident məlumat verib.

Qeyd edək ki, iyunun 2-də Sankt-Peterburqda XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu öz fəaliyyətinə başlayıb. Tədbirdə Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İyunun 6-dək davam edəcək forumda iştirakçılar dünya və Rusiya iqtisadiyyatının aktual problemləri, sosial və texnoloji inkişaf məsələlərini müzakirə edəcəklər. Forumun gündəliyində xarici ticarət əlaqələri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlıq, Avrasiya İqtisadi Birliyində elektron ticarət, dəyişmiş qlobal mühitdə BRICS iqtisadi tərəfdaşlıq məsələləri də yer alır.

Daha sonra forumun gündəliyinə qlobal rəqəmsal platformalar dövründə çoxmədəniyyətli müxtəlifliyin qorunması, turizm sənayesi üçün yeni sərmayə və texnoloji imkanlar, beynəlxalq ticarət üçün rəqəmsal platformanın formalaşması məsələləri və bir çox digər aktual mövzular daxil ediləcək.

Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun tanıtım proqramı çərçivəsində hər il iri tədbirlər, biznes forumları və işgüzar dairələrin nümayəndələrinin görüşləri də keçirilir.
04.06.2021 17:55:00
Oxuma sayı: 915