Ağdam Sənaye Parkı ətraf rayonların sənaye mərkəzinə çeviriləcək
Ölçü:

“Ağdamda yaradılacaq sənaye parkı yalnız Ağdamın deyil, bütövlükdə ətraf rayonların sənaye mərkəzinə çevirilməsinə imkan verəcək. Sənaye parkında inşaat materiallarının, kənd təsərrüfatı ilə emaledici məhsulların istehsalının təşkili nəzərdə tutulub. Buradakı şərait şərab, gübrə və digər məhsulların istehsalına imkan verəcək".

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. O, qeyd edib ki, Ağdam işğaldan azad olunmuş rayonlar arasında çox böyük iqtisadi potensialına malik  rayondur: "Ağdam keçmiş SSRİ-də bir çox məhsulların istehsalına, o cümlədən şəraba görə üstünlüyə malik olan və daha məhsul satan rayonlarımızdan olub. Bu baxımdan, sənaye parkında həmin məhsulların istehsalının təşkil edilməsi və ənənəvi olaraq, həmin məhsulların bir qisminin ixracı həyata keçiriləcək”.

Deputatın sözlərinə görə, ümumilikdə sənaye parkına 110 milyona yaxın sərmayə qoyuluşunun həyata keçirilməsi nəzərdə tutulub: “Gözlənilir ki, təxminən 33 sahibkar sənaye parkından istifadə etmək imkanına malik olacaq. Bu isə 330 iş yerinin yaradılması anlamına gəlir. Eyni zamanda, sənaye parkında ixtisaslı kadrlara iş təklif olunacaq, onların işlə təmin olunması həyata keçiriləcək. Bu, ixtisaslı kadrların, xüsusilə də sənaye sektorunda iş axtaran vətəndaşlarımızın işlə təmin olunmasına imkan verəcək. Sənaye parkında istehsal ediləcək məhsulların bir qismi daxili bazara yönəldiləcək, digər qismi isə ixrac imkanlarına malik olacaq. Həmin məhsulların müqayisəli üstünlüyü, rəqabət aparmaq imkanları var. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizdə yeni nəqliyyat və logistik xidmətlərin yaradılacağı gözlənilir. Bu istiqamətdə işlərin başlandığını da qeyd etməklə həmin məhsulların ixrac imkanlarının geniş olacağını deyə bilərik. Ümumilikdə Ağdam sənaye parkı bir tərfədən daxili bazarda olan tələbin ödənilməsinə, yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin edilməsinə, digər tərəfdən isə Azərbaycanın ixrac imkanlarını artırmaqla, ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək”.

31.05.2021 15:29:00
Oxuma sayı: 1112