Hansı tələbələrin təhsil haqqını dövlət ödəyəcək?
Ölçü:

Azərbaycanda 252 min tələbə var. Onların yarıdan bir qədər çoxu ödənişli təhsil alır. Ödənişli təhsil alan, sosial baxımdan həssas əhali qrupuna aid ailələrdən olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbuluna başlanır.

Koordinat.az xəbər verir ki, müraciətlərin qəbulu üçün internet üzərindən qeydiyyat bu gündən aktivləşdirilir və iyunun 7-dək davam edəcək.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Press Klub”a açıqlamasında bildirib ki, e-telebe.edu.az portalı vasitəsilə məhz bu qrupa aid olan tələbələr müraciət edə bilər: “Hər iki valideyni əlil olan və yaxud valideynlərindən biri əlil, digəri isə vəfat etmiş, eləcə də əmək pensiyası alan digər katerqoriyadan olan sosial həssas qrupa aid ailələrin övladları bu imkanlardan yararlana bilərlər. 2020/2021-ci ilin payız semestrində müraciət etmiş və artıq bu imkandan yararlanmış tələbələrimiz yenidən müraciət etməyə bilər. Çünki onların artıq sistemdə məlumatları var”.

Qurumun rəsmisinin sözlərinə görə, status elektron informasiya sistemində avtomatik rejimdə yoxlanılacaq: “Hüququ olan tələblərin təhsil xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə SMS məlumat  göndəriləcək. Bu statusu yeni qazanan və ya hansısa səbəblərdən bu statusdan olan, amma indiyə qədər müraciət etməmiş tələbələr isə mütləq şəkildə elektron portal vasitəsilə qeydiyyatdan keçməlidirlər. Onlayn müraciətlərin qəbulu iyunun 7-dək aktiv olacaq. Müraciətlər yekunlaşdıqdan sonra sistemdə yoxlanacaq, dəqiqləşdirilərək tələbələrə məlumat veriləcək. Söhbət əyani təhsil alan, ali təhsil müəssisələri, kolleclər və peşə təhsil müəssisələrində oxuyan tələbələrdən gedir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə məhz bu məqsədlə 14 milyon manat ayrılıb ki, həssas əhali qrupuna aid olan tələbələrimiz təhsil xərclərinin ödənilməsində əziyyət çəkməsinlər. 16 mindən artıq tələbənin bu imkandan istifadə etməsi gözlənilir. Proses Nazirlər Kabinetinin 2020-ci ilin aprel ayında verdiyi qərarla həyata keçirilir. Bugünədək 15 mindən artıq tələbə bu fürsətdən faydalanıb”.

Təhsil üzrə ekspert Kamran Əsədov “Press Klub”a şərhində bu qərarın təkrar ali və orta ixtisas təhsili alan tələbələrə şamil edilmədiyini vurğuladı: “Həmçinin, sosial vəziyyəti aşağı olub, qiyabi təhsil alanlar da bu imkandan yararlana bilmir. Bu və ya digər səbəbləri əsas götürərək təhsil xərcləri qarşılanan tələbələrin əhatə dairəsi genişləndirilməlidir. Birincisi, kifayət qədər insan var ki, qiyabi təhsil alırlar və onlar da təshil haqqını ödəməkdə çətinlik çəkirlər. Ona görə də, hesab edirəm ki, bunu qiyabi təhsil alan tələbələrə də şamil etməliyik. İkincisi, qərarda qeyd olunur ki, hər iki ailə başçısı işsiz olmalıdır. Etiraf edək ki, bir çox ailələr var ki, yalnız ailə başçısının biri çalışır və onun gəliri yalnız ailənin maddi ehtiyaclarını ödəməyə çatır. Bu cür ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsində çətinliklər var”.

K. Əsədov pandemiya dövründə insanların gəlirlərinin aşağı düşməsini nəzərə alaraq valideynlərdən biri işsiz olan və yaxud biri əlil olan şəxslərin də güzəştli kateqoriyaya cəlb olunmasının zəruriliyini vurğuladı.
20.05.2021 18:23:00
Oxuma sayı: 13230