Məcburi köçkün şəhərciklərində isti su problemi - "Azəristiliktəchizat" hamını aldadır
Ölçü:

"Azəristiliktəchizat" ASC bir aydan çoxdur ki, məcburi köçkün şəhərciklərinə isti suyun verilməsini dayandırıb. Buna səbəb istifadə olunmuş isti suya görə borcların sayğac göstəriciləri əsasında deyil, adambaşına normativlərlə hesablanması və abunəçilərə şişirdilmiş borcların yazılmasıdır.

Koordinat.az xəbər verir ki, isti su təchizatının dayandırılması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə inşa edilmiş bütün şəhərciklərə aiddir.  Abşeron rayonu Masazır qəsəbəsindəki “Zəngilan şəhərciyi”nin sakinləri isti sudan istifadə haqlarının ödənməməsinə və yığılıb qalmış borclara görə "Azəristiliktəchizat"ı günahlandırırlar. Sakinlərin APA-ya verdiyi məlumata görə, dövlət vəsaiti hesabına salınmış şəhərciklərdə bütün kommunal xidmətlər üçün sayğaclar quraşdırılıb. Məcburi köçkünlər işığıqn, suyun və təbii qazın aylıq ödənişlərini sayğac əsasında ödəyir və təchizatçıq qurumlarla hər hansı problem yaşanmır.  “Azəristiliktəchizat” isə bütün mənzillərdə isti su üçün sayğaclar olmasına baxmayaraq, hesablanmanı adambaşına normativlər əsasında aparır. Daha doğrusu, təchizatçı qurum sayğac göstəricilərini nəzərə almadan hər evə 300 manatdan 500 manatadək borc yazıb. Səbəb kimi isə onu göstərir ki, binalardakı dövlət hesabına tikilən binalara yararsız sayğaclar quraşdırılıb, isti su sayğaclar işləmir.

 “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev APA-ya açıqlamasında faktı təsdiqləyib. O, bildirib ki, Prezidentin Sərəncamına əsasən, 2017-ci ilin yanvarın 1-dən məcburi köçkün şəhərciklərində yaşayan sakinlər tərəfindən bütün kommunal xidmət haqları, eyni zamanda istilik, isti su onlara ayrılmış müavinətlə özləri tərəfindən ödənilir: “Masazırda yerləşən “Zəngilan şəhərciyi”ndə 2017-ci ildən indiyə qədər heç bir sakin bir manat ödəniş etməyib. Bir neçə dəfə xəbərdarlıq, məhdudlaşma etmişik. Onlar gah İcra hakimiyyətinə gediblər, gah yol kəsiblər ki, ödəniş etmirik. Biz də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişik, hökumətə yazmışıq. Son nəticədə hamının rəyi bu olub ki, qərar var, məcburi köçkünlər isti su haqqını özləri ödəməlidir. Amma heç kim bu günə qədər ödəniş etməyib. Biz həmin şəhərciyə həm istilik veririk, həm də isti su. Kiminsə iddiası varsa ki, hansısa mənzildə sayğac işləmir, qanunvericilikdə nəzərdə tutulub ki, sayğac işləməyən mənzillərdə adambaşına aylıq isti su istehlakı norması 2 kubmetr götürülür. Hesabat da bununla aparılır. Kimin fərdi qaydada şikayəti varsa ki, onun mənzilində hesabat düzgün aparılmayıb, yerində fərdi qaydada onun borcunu araşdıraq, deyək ki, həmin borc düzdür, ya səhvdir, onlar haqlıdır, ya biz haqlıyıq. Bütün şəhərciyin borcu səhv hesablana bilməz ki, bir-iki nəfər kimin şikayəti varsa, onu araşdıraq. Heç istiliyin də ödənişini etməyiblər. Tutaq ki, kimsə 3-5 faiz şübhə edir ki, borcu düzgün hesablanmayıb, yerdə qalan özünün qəbul etdiyi hissəni belə ödəməyib axı...".

R.Əliyev deyib ki, sayğaclaşma mərkəzləşmiş qaydada aparılır: "Binalar tikiləndə sayğac da qoyulur. Kimsə istəyirsə, fərdi qaydada müraciət edib sayğacı dəyişdirə bilər. “Azəristiliktəchizat” sayğaclaşma işinə baxmır. Sayğacları biz quraşdırmamışıq, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sifariş əsasında həmin binaları tikəndə orada sayğac da quraşdırılıb. Hansı mənzildə sayğac işləmirsə, aktlaşdırırıq və oraya adam başına istehlak norması tətbiq edirik. “Azəristiliktəchizat”ın maliyyə vəziyyəti qazanxanaları işlətməyə imkan vermir. Çünki enerji daşıyıcılarına pul ödəməliyik, əməkdaşlara əmək haqqı verməliyik. İstiliyi, isti suyu verən kimi dərhal bizə vergi öhdəliyi yaranır. Vergini ödəyirik, amma oradan heç bir pul yığılmır. Ödəniş olmalıdır ki, biz də qazın, suyun, işığın pulunu verək, qazanxanaları normal işlədə bilək”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, 2017-ci ilədək məcburi köçkünlərin kommunal xərcləri komitə tərəfindən mərkəzləşdirilmiş qaydada ödənilib. 2017-ci il yanvarın 1-dən “Azəristiliktəchizat” ASC ilə istehlakçılar arasında müvafiq xidmət müqavilələrin bağlanmaması səbəbindən məcburi köçkünlərin istilik və isti su təchizatı xidmətləri üzrə ödənişlərin həyata keçirilməsində ciddi çətinliklər yaranıb. Digər bir səbəb isə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış komplekslərində fərdi qaydada sayğacların quraşdırılmaması göstərilir. Yaranmış borca görə “Azəristiliktəchizat” ASC tərəfindən yaşayış kompleksləri və qəsəbələrdə istilik və isti su xidmətləri dayandırılıb. Bununla əlaqədar Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara müraciətlər göndərilib.

Əslində isə "Azəristiliktəchizat" hən aidiyyəti dövlət orqanlarını, həm də məcburi köçkünləri aldadır. Belə ki, məcburi köçkün şəhərciklərinin hamısında fərdi qaydada isti su sayğacları quraşdırılsa da, "Azəristiliktəchizat" sayğacların işləmədiyini iddia edir. Halbuki, sayğaclar işləməsə belə, təchizatçı qurum onu təmir etməyə və işlək vəziyyətə gətirməyə borcludur. Digər bir tərəfdən, isti su tarifləri sayğaclar əsasında deyil, adambaşına normativlərə uyğun şəkildə hesablanırsa, onda “Azəristiliktəchizat” ASC bununla bağlı istehlakçılarla xidməti müqavilə imzalamalı və tərəflərin bütün öhdəlikləri orada aydın şəkildə qeyd edilməlidir. Ancaq "Azəristiliktəchizat" ASC məcburi köçkün şəhərciklərində məskunlaşan istehlakçılar ilə belə bir müqavilə imzalamayıb.
19.05.2021 16:27:00
Oxuma sayı: 18694