Ərazilərin bərpasında tender fırıldağı - təzə vəzifəlilərin köhnə üsulu
Ölçü:


Şəhərsalma və Arxitektura Komitəsi Cəbrayıl, Füzuli, Tərtər, Ağcabədi, Goranboy, Naftalan, Beyləqan, Mingəçevir, Gəncə, Ağdam və Bərdədə düşmən təcavüzü nəticəsində dağıdılan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi üçün 21 milyon 810 min manatdan çox  vəsait ayırıb...
Deməli:
- Milyonlarla manat dəyəri olan tender müsabiqələrini cəmi bir həftə ərzində yekunlaşdırıblar. Bu cür böyük layihə üçün “Açıq tender” keçirmək əvəzinə,  29.03.2021-ci il tarixində “Təkliflər sorğusu” elan olunub. Sənəd qəbulu 2 gün sonra – 30.03.2021-ci ildə başlayıb və 02.04.2021-ci ildə başa çatıb. Üstəlik, elan rəsmi qəzetlərdə ("Respublika") sənəd qəbulunun başladığı gün (30 mart) yerləşdirilib. Bu cür böyük müsabiqəni bir həftəyə necə yekunlaşdırmaq olar?!

- Tender müqaviləsinə görə, Gəncə şəhərində dağıdılan evlərin bərpası layihəsinin icrası aprelin 19-da başlayıb. Amma, aprelin 23-də Gəncə İcra Hakimiyyətinin saytında yazılır ki, 253 evin təmiri artıq başa çatıb (link rəydə). Bu o deməkdir ki, şirkət işlərin icrasına müsabiqəsiz (həm də qanunsuz) cəlb olunub, daha sonra formal olaraq müsabiqə keçirilib. 

- “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsində açıq şəkildə qeyd olunur ki, vergi borcu olan şirkətlər tender müsabiqələrində iştirak edə bilməzlər. Amma  hazırda “Az Graft Construction” MMC-nin 31 min, “Real-İnşaat” MMC-nin 8 min, “PARLAQ-N” MMC-nin isə 191 min manat vergi borcu olmasına baxmayaraq milyonlarla manat dəyəri olan tender müsabiqələrində qalib elan ediliblər.

- Şirkətlərin bir-çoxunun normal veb-saytı, sosial şəbəkə hesabları belə mövcud deyil. Şəkildə gördüyünüz (link rəydə) “Facebook” səhifəsi 3,4 milyon manatlıq tenderi udan “Az Graft Construction” MMC-yə məxsusdur. Nizamnamı kapitalı 20 manat olan şirkətə (“Real-İnşaat”) isə 5,7 milyon manat vəsait ayrılıb.

P.S. Belə görünür ki, minlərlə gəncin şəhid olması hesabına Qarabağın bir hissəsi işğaldan ona görə azad olundu ki.., Kimlərsə rahat kreslolarında əyləşib şəhidlərin qanının töküldüyü torpaqların üzərindən milyonlar “qazanmağın” planlarını qursunlar???

Qeyd: "Skrinşot"dan da gördüyünüz kimi, dünən bu rəqəm 2 milyard 181 milyon manat göstərilib. Heç bir şey olmamış kimi bu gün bu səhvlərini sakitcə düzəldiblər. (Normal ölkələrdə belə səhvə görə istefa etməlidirlər.) Bu səbəbdən də statusu bu rəqəm üzərindən yazmışdım. Amma rəqəm 2 milyard deyil, 21 milyon olsa da tender müsabiqəsinin keçirilməsində ciddi qanunsuzluqlar olub. Ona görə də sadəcə milyard rəqəmini milyonla əvəz edirəm...


Aydın ALLAHVERDİ
27.04.2021 17:16:00
Oxuma sayı: 7428