İlham Əliyev: “Mən deməmişəm ki, Zəngəzura tankla qayıdacağıq”
Ölçü:

"Azərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri və başqa misallar var. Beləliklə, biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin".

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib. Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”.

Dövlətimizin başçısı qeyd edib ki, bu, faktdır. Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var: “Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.

Prezident Ermənistandakı vətəndaş cəmiyyətlərinə də səslənərək öz xalqına  həqiqətləri deməyə çağırıb: “Ermənistandakı vətəndaş cəmiyyətləri erməni xalqına həqiqətləri deməyə başlamalıdır. Ermənistanın vətəndaş cəmiyyətindən daha çox şey gözləyirik. Çünki nə hökumət, nə də müxalifət bu gün onlara nəinki Azərbaycan haqqında pozitiv, hətta neytral söz deməyə şərait yaratmaz. Çünki bu, Azərbaycanofobiya konsepsiyasıdır, Azərbaycana qarşı onilliklərlə yaradılmış nifrətin kultivasiyasıdır. Ermənistandakı vətəndaş cəmiyyətləri özlərində cəsarəti tapmalı, erməni xalqına həqiqətləri deməyə başlamalıdırlar. Çünki müharibə artıq tarixə qovuşub, konflikt həll olunub və biz gələcəyə baxmalıyıq”.

13.04.2021 12:57:00
Oxuma sayı: 46