“Bakı Metropoliteni” işçiləri məcburi məzuniyyətə göndərib
Ölçü:

“Bakı Metropoliteni” QSC-də çalışan əməkdaşların əməkhaqlarına ödənilən əlavələr dayandırılıb. Tikinti və yenidənqurma sahəsində çalışan işçilər isə öz hesablarına məzuniyyətə göndərilib.

Koordinat.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”ndə çalışan əməkdaşlar sosial şəbəkələrdə məlumat yayıb. Hələ bir neçə gün əvvəl yayılan məlumatlarda deyilirdi ki, pandemiya dövr ilə əlaqədar “Bakı Metropoliteni”ndə sərnişindaşımanın olmaması, təmir-tikinti işlərinin azalması səbəbindən işçilərin bir qismi aprelin 1-dən öz hesablarına məcburi məziniyyətə göndərilib. İşçilərə məcburi məzuniyyətin qeyri-müəyyən müddətədək davam edəcəyi deyilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə Modern.az-a açıqlamasında metropoliten əməkdaşlarının əməkhaqlarının azaldılmasını təkzib edib. O deyib ki, əməyin qiymətləndirilməsi və ödənilməsi zamanı əlavələrin verilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə və Metropoliten İşçiləri Həmkarlar İttifaqı ilə imzalanmış Kollektiv müqavilənin şərtlərinə qeyd-şərtsiz əməl olunur: "İstər pandemiya, istərsə ondan əvvəlki dövrlərdə əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi ilə bağlı qaydalarda hər hansısa dəyişiklik edilməyib. Xüsusi şərait, iş növbəsi üzrə, eləcə də Kollektiv müqavilədə nəzərdə tutulmuş digər əlavə və üstəliklər faktiki işlənilmiş vaxta mütənasib olaraq ödənilir”.

Bəxtiyar Məmmədov deyib ki, “Bakı Metropoliteni” QSC-nin əməkdaşları pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara, tapşırıq və tövsiyələrə, eyni zamanda qəbul edilmiş müvafiq metodiki göstərişlərin tələblərinə uyğun qaydada işə cəlb olunurlar: “Metropoliten çoxşaxəli mürəkkəb infrastruktura malik olduğundan, işə cəlb edilmə ilə bağlı vahid prinsipin tətbiqi qeyri-mümkündür. Lakin evdən iş rejiminin tətbiq edilməsi mümkün olan sahələrin işçilərinə müəssisədə məsafədən işləmək imkanı da yaradılıb. Birbaşa istismar və tikinti ilə bağlı sahələrdə qaçılmaz zərurət yaranan fəaliyyət istiqamətləri  üzrə vətəndaşlar qəbul edilmiş qərarların tələblərinə uyğun qaydada işə cəlb edilirlər”.

Tikinti və yenidənqurma sahəsində çalışan işçilərin öz hesablarına məcburi məzuniyyətə göndərilməsinə gəlincə, “Bakı Metropoliteni” QSC-də bu msələyə aydınlıq gətirməyib.
12.04.2021 15:34:00
Oxuma sayı: 52