Kəlbəcərsiz keçən illər...- Elxan Salahovun köçkünlük hekayəti
Ölçü:

Elxan SALAHOV

28 il əvvəl ötən gecə. Doğma kəndimizi, ev-eşiyimizi tərk etdiyimiz 3-cü gecə idi. Əvvəlki üç gün iki gecəni Kəlbəcərdən Xanlar (Göygöl) rayonunun Toğanalı kəndinə qədər yol gəlmişdik. Piyada. Qocalar belimizdə, körpələr qucağımızda...

Aprelin 3-də axşama yaxın Murovu aşıb Toğanalı kəndinin yuxarısındakı çöllük əraziyə çatdıq.  Üç atımız vardı, biri anamla bibimi, biri əmimi, biri isə mamamı Başlıbeldən Toğanayadək gətirmişdi. Toğanaya çatanda əmim atları Yevlax rayonundan kəlbəcərlilərə köməyə gələn bir nəfərə müvəqqəti saxlamaya vermişdi. Əmim cib dəftərçəsinə yazdığı kiçik bir qeydi göstərək "Atları Yevlaxın Partiyez kəndindən olan bir nəfərə verdim, adını və ünvanını yazmışam. Özümüzə bir sığınacaq tapandan sonra gəlib atları da aparacağıq" söyləmişdi.

Bu atlar dar gündə ən yaxın köməkçimiz idi, ortancıl qardaşım II qrup əlil olan anamı və əmimi, bibimi, mamamı son anda bu atların sayəsində xilas edərək işğal zonasından çıxara bilmişdi. Təhlükədən sovuşduqdan sonra bu sədaqətli köməkçilərimizi yad və tanımadığımız bir adama əmanət etmək çox ağrılı idi. Amma əlacsızdıq, könülsüz olsaq da, əminin qərarına etiraz etmədik...

Əmimin tövsiyəsi ilə atları yevlaxlı kişiyə verib palanını özümüzlə götürdük. Ailəmiz böyük idi - anam, 5 qardaş, 2 bacı, 2 gəlin və qardaşlarımın 3 azyaşlı körpəsi. Hara gedəcəyimizi bilmirdik, evsiz-eşiksiz, işsiz-gücsüz, bütün var-dövlətini itirmiş halda harada məskunlaşmaq, necə yaşamaq olardı ki?!

Bir yük maşını gəldi, orta yaşlı qalstuklu kişi kabinədən düşüb çarəsiz vəziyyətdə nəm torpağın üzərində oturmuş camaata səsləndi: "Yevlaxa, Bərdəyə getmək istəyənlər varsa, gəlsin!" Hamımız maşına qalxdıq, atların palanını da maşının yük yerinə atdıq...

Yevlaxı keçəndən sonra maşında təkcə əmimgillə bizim ailə qalmışdı. Gecə saat 1 radələrində maşın bizi Bərdə rayon İcra Hakimiyyətinin binası qarşısındakl kiçik meydanda düşürüb geri qayıtdı. Burada heç kəs gözə dəymirdi, hər yan zülmət qaranlıq idi. Qəribə bir sakitlik vardı, bu sükutu hələ də qulaqlarımızda cingildəyən Toğanadakı hay-küy, qışqırtı, uşaqların ağlaşma səsi pozurdu. Gecənin bu qəribə sakitliyi üşüdürdü bizi, Murovun sərt soyuğu adamı heç bu qədər üşütmürdü. Burada heç nə tanış deyildi, özümüzü yad planetə düşmüş insanlar kimi hiss edirdik...

Orta yaşlı kişi 50-60 metr məsafədə zəif işığı görünən İcra Hakimiyyətinin binasından çıxıb bizə yaxınlaşdı. "İşçilər hamısı evə gedib, bu gecəni birtəhər keçirin, sabah bir yer tapıb sizi məskunlaşdırarıq" deyib uzaqlaşdı.

Çarəsiz idik. Gecəni İcra Hakimiyyətinin binası qarışındakı kiçik meydanda gecələdik. Yaxşı ki, Toğanada buraxdığımız atların palanını özümüzlə götürmüşdük. Palanı döşək əvəzi beton plitələrin üzərinə sərib burada oturduq, kürək-kürəyə söykənib bir-birimizi bu soyuq və yad yerin sazağından qorumağa çalışırdıq. 1993-cü il aprelin 3-dən 4-nə keçən gecəni belə keçirdik...

Həmin gecədən atlarımızın palanı bizlər üçün döşək oldu. Pencək və paltolar yorğanımız, əski parçasına bükülmüş 3 ədəd avtomat silah isə (anamım 3 oğlu döyüşdən gəlmişdi) yastığımız idi.

İcra Hakimiyyətinin köməyinə ehtiyac qalmadı, səhər tezdən ortancıl qardaşım sığınacaq axtararkən Bərdənin Zümrüxan kəndində boş yer tapmışdı. Aprelin 4-də günorta saatlarından həmin kənddəki köhnə dəyirmanın binasında məskunlaşdıq. Sığınacağımız döşəməsi və tavanı beton örtükdən ibarət geniş bir zaldan ibarət idi...

Burada təxminən iki həftə yaşadıq. "Yaşamaq" deyərlərsə... Ortancıl qardaşım hər gün çörək almaq üçün Zümrüxaçdan Bərdə şəhərindəki şörəkbişirmə sexinə olan 5 kilometrlik yolu piyada gedib-gəlirdi. Növbə tutmaq üçün hər gün səhər alaqaranlıqdan "ev"dən çıxıb gunortaya güclə qayıdırdı. On beş çörəklə...

Böyük Vətən Müharibəsindən sonra Ağdamın Şişbabalı kəndinə köçmüş atamın əmisi oğlu bizim üçün maşın göndərmişdi. O, həm də böyük gəlinimizin əmisi idi, bizim çətin şəraitdə yaşadığımızı eşitmişdi. "Onlar orada dolana bilməzlər, qoçaq uşaqlardır, gəlib burada sovxozda işləyib özlərinə gün-güzəran qurarlar" demişdi...

Oğlu Əkbər bizi özünün "MAZ" markalı yük maşınına yığıb Şişbabalıya apardı. Əmimgil isə Zümrüxana bitişik İmamqulubəyli kəndindəki kluba "köçdülər"...

Şişbabalıda iki balaca otaqdan ibarət döşəməsiz köhnə tikilidə məskunlaşdıq. Burada atamın əmisi oğlugil bəzi zəruri məişət əşyaları vermişdilər - çaydan, çaynik, bir-iki dəst stəkan-nəlbəki, boşqab, çəngəl,qaşıq... Amma 13 nəfərlik ailəyə bəs etmirdi, çayı növbə ilə içir, xörəyi bir-birimizi gözləməklə yeyirdik.

Atamın əmisi oğlu anam və nəvələri üçün döşək, "odeal" da göndərmişdi. Ailənin digər üzvləri üçün atların palanı yenə də döşək, palto və pencəklər yorğanımız idi. Artıq "yastığımız" da yox idi, avtomat silahlarımızı yenicə olunmuş hərbi hissəmizə təhvil vermişdik...

Bir neçə gün sonra ortancıl qardaşım xanımı və 1 yaşı hələ tamam olmamış yeganə övladı ilə birgə Bərdəyə qayıtmış, bu rayonun ən çörəkli kolxozunda işləmək üçün Xanərəb kəndindəki çayxana binasında məskunlaşmışdı...

Şişbabalıdakı sığınacağımız Zümrüxandakından xeyli darısqal olsa da, burada iş imkanları geniş idi. İki böyük qardaşım "Şahbulaq"dakı daş karxanasında fəhləlik edirdi. Mən isə həm də döyüş yoldaşım olan kiçik qardaşımla hər gün sovxozun gilas bağlarında çalışır, yığdığımız məhsulu briqadirə təhvil verib, günün sonunda aldığımız zəhməthaqqı ilə "evimizə" qayıdırdıq.

Bizdən çox məhsul yığan yox idi, sovxoz briqadirinin təşkil etdiyi gündəlik yarışlarda ən təcrübəli və qabaqcıl sovxozçuları geridə qoyurduq...

Həyat öz axarı ilə davam edirdi. Hər kəs bildiyi, bacardığı şəkildə yaşayırdı. Ailəmiz məcburi köçkünlüyün çətinliklərinə öyrəşir, yeni şəraitə uyğunlaşırdı. Əmimlə ortancıl qardaşım atlarımızı gətirmək üçün Yevlaxın Partiyez (indiki Qaraməmmədli) kəndinə yollanmışdılar. Həmin gün hamımız çox sevincək idik, nəhayət, atlarımız qayıdacaqdı. Amma...

Qardaşım evə çox qanıqara gəlmişdi: "Atları verdiyimiz adam bizi aldadıb, Partiyezdə dedilər ki, bu kənddə sizin dediyiniz ad-soyadda adam yoxdur, orada heç vaxt belə adam yaşamayıb!"

Ermənilər Kəlbəcəri işğal edəndən sonra heç nə və heç kəs bizi bu qədər məyus etməmişdi!

Kəndin qırağındakı bulağın yanındakı daşın dibində gizlinə çəkilib atlarımızı ağlayırdım! 
 
Şişbabalıdakı sığınacaqda cəmi 3 ay yaşaya bildik. Ağdamın işğalı ilə ailəmiz ikinci dəfə məcburi köçkün düşdü. İyulun 23-də Əkbər əmioğlu bizi özünün "MAZ" maşını ilə  yenidən Bərdəyə - bu dəfə ortancıl qardaşımın məskunlaşdığı Xanərəb kəndinə gətirdi. On üç nəfərlik ailəmiz məcburi köçkün həyatını çayxana binasına davam etdirdi...

Kolxozun əkin-biçininə getdik, pul qazanıb ailəmizi dolandırdıq. Məhsul yığımı zamanı sahələrdən gətirdiyimiz pambıqla özümüzə yorğan-döşək düzəltdik. Atın palanı üzərində yatan qardaşlardan biri - anamın kiçik oğlu oktyabrda cəbhəyə yollandı, Kəlbəcərin işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etdi və yanvarın 2-də şəhid oldu. Amma nəşini tapa bilmədik...

Elşadın nəşini altı aydan sonra, 1994-cü il iyunun 20-də Murovda axtarış aparan xilasetmə dəstələri tapıb gətirmişdilər. Onunla eyni döyüşdə şəhid olmuş Şövqi və Habilin yanında dəfn elədik...

İllər keçdikcə yaralar qaysaqlayır, çətinliklər arxada qalır, həyat öz dövranını sürürdü. Müharibənin yarımçıq qoyduğu arzuların dalınca qaçmağa başladıq... İyirmi dörd yaşımda ali məktəbə daxil oldum, ikinci kursdan jurnalistika ilə məşğul olmağa başladım.

Toy da elədik, məndən iki yaş böyük qardaşımı evləndirdik.

Mən üçüncü kursu bitirəndə ailəmizin sonbeşiyi olan bacım da arzusuna qovuşdu, müəllimlik ixtisasını seçdi...

Kəlbəcərin işğalından 28 il keçdi. Palanı döşək, pencəyi yorğan, əsgər silahı yastıq olan ailəmiz geniş və rahat evə sahibdir! Özümüz tikmişik, zəhmətimizlə, inadımızla, inamımızla! Gözlə ölçülə bilən itirdiyimiz hər şeyin yerini doldurmuşuq, artıqlaması ilə. Dövlətimizin başçısı jurnalistikadakı fəaliyyətimə görə mənə üçotaqlı mənzil də hədiyyə etdi!

Hər şey var, hətta ali rəhbərin qətiyyəti, qüdrətli ordumuzun gücü sayəsində doğma Kəlbəcərimizi də özümüzə qaytara bilmişik. Təkcə şəhid qardaşımla ötən ilin fevralında övlad itkisi, yurd həsrəti ilə dünyasını dəyişən ANAmın yeri boşdur! Bir də hər addımda yanımızda olan böyüklərimizi, ağsaqqal və ağbirçəklərimizi, əmilərimizi, dayılarımızı, mənəvi dünyamızın əvəzsiz dəyərlərini. Bu itirdiklərimizin hamısını şəhid sayıram!

Bu boşluğu heç vaxt doldura bilməyəcəyimizin ağrısı bir ömür qədər bizimlədir! Hətta  bizdən sonrakı nəsilləri də incidəcək qədər dəhşətlidir bu ağrılar! Kəlbəcərsiz keçən illər kimi! Buna əminəm!

Ah, Kəlbəcərsiz keçən illər, bizlərə nələr yaşatdın?!

1993-cü il aprelin 3-dən başlayan gecələr... Rahatlığı, dincliyi olmayan, isti yorğan-döşəkdə belə, üşüyən gecələr...

Böyüklərdən üzr istəyirəm, bu gerçək hekayəti səhər-səhər hazırlıq kursunda sınaq imtahanına apararkən oğluma danışdım. Onu imtahanın keçirildiyi ünvana çatdırıb geri qayıdanda beynimdə bir sızıltı qopdu: "Bu hekayəti danışmaq kifayət deyil, həm də yazmaq lazımdır".

Amansız həyat imtahanla, ağır sınaqlarla doludur, axı! Yazdım ki, qoy, unudulmasın, gələcək nəsillərə örnək olsun! Bu torpaq, bu Vətən naminə!

Can, ay Vətən! Can, ay Kəlbəcər! Quruca torpağın, axan çayların, sal qayaların, dərələrdəki qumların bəsimizdir! Sənsiz keçən 28 ildə qurduğumuz evlər kimi, Səni yenidən quracağıq! Bərdədə, Bakıda, Gəncədə boy-boya verərək məcburi köçkünlərə qucaq açmış yaraşıqlı binlar kimi...

Yetər ki, olub-keçənlər bir də unudulmasın! Yetər ki, bir daha səni itirməyək!

Sənə qovuşmaq, cavan ikən dünyasını dəyişmiş atamın məzarını qucaqlamaq üçün günlərimi sayıram! İyirmi səkkiz ilin həsrətlisi kimi!

Başlıbeldə mühasirədə qalan 62 nəfərin sığındığı kahaları təbii muzeyə, "Portda"da  tələm-tələsik, pal-paltarlı torpağa əmanət edilmiş 13 şəhidimizin məzarını ziyarətgaha çevirmək üçün tələsirəm! Gülgəz nənəmin də uyuduğu o məzarlığı Başlıbelin Fəxri Xiyabanına çevirmək, anamın anasına deyə bilmədiklərini ünvanına çatdırmaq istəyirəm! Sonuncu borcunu ödəməyə mükəlləf övlad kimi!

Kəlbəcərin işğalının ilk günlərində xəstə yatdığı evindəcə vəhşicəsinə qətlə yetirilən Pəri mamamın sümüklərin tapıb "Portda"dakı məzarlıqda dəfn etməyə tələsirəm!

Qapısı ağzında qanına qəltan edilən Qənaət müəllimi, kolxozun binasında diri-diri yandırılan Hüseyn əmini, 113 günlük mühasirədən sonra 29 nəfəri Daşkəsənə sarı yola salıb, özü Başlıbeldə tək qalan Ələsgər babanı...  

Qovuşdurduğuna, verdiklərinə şükür, İlahi!

Aldıqlarına rəhmini və rəhmətini əsirgəmə, Ulu Tanrı!

4 aprel 2021-ci il.
Bakı

05.04.2021 12:35:44
Oxuma sayı: 2393