Ustadlıq missiyası - Şakir Yaqubovun 70 illiyinə...
Ölçü:

Elşən ƏLİYEV,
Əməkdar jurnalist

Milli mətbuatımızın əsryarımlıq tarixinin son əlli ilində yaradıcılıq istedadı və peşəkarlıq xüsusiyyətləri ilə seçilən nümayəndələri arasında Şakir Yaqubovun özünəməxsus yeri var. Bu gün ölkəmizin nəinki təkcə media mühitində, həm də ictimai-siyasi həyatında önəmli mövqeyi və nüfuzu olan bir çox insanlar onu ustad jurnalist  kimi tanıyır və dəyərləndirirlər.

Çağdaş oxucu kontingenti isə bu imzanı müxtəlif mövzuları yüksək sənətkarlıqla işıqlandıran yazıların müəllifi kimi xatırlayır: yaşlı nəsil üçün Şakir Yaqubov geniş ictimai əhəmiyyətli məsələləri dərindən araşdıran obyektiv və vicdanlı publisist, nisbətən cavanlar üçün isə idman jurnalistikasının canlı korifeyi, xüsusən, futbol mövzusunun kamil bilicisidir.

Şakir Hənifə oğlu Yaqubov 1951-ci il fevralın 25-də Astara rayonunun Balaca Şahağacı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (Hazırda Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsinin məzunudur. Jurnalist sənətkarlığı və ideoloji işin təşkili üzrə də xüsusi təhsil alıb. Almaniyada yerləşən sovet qoşunlarında zabit kimi xidmət edib. Mətbuata  isə bütün bunlardan əvvəl, hələ məktəbli ikən gəlib: ilk mətbu təcrübəsi də on üç yaşında yazdığı, 1961-ci il aprelin 20-də “Azərbaycan pioneri” (indiki “Savalan”) qəzetində dərc olunmuş “Mən də Yuri kimi olacağam” başlıqlı məktub olub. Bu təcrübə, görünür, onun peşə seçiminə təsir göstərib və orta məktəbi jurnalist olmaq, bu ixtisas üzrə ali təhsil almaq arzusu ilə bitirib. Lakin istəyini gerçəkləşdirə bilməyib, arzuladığı fakültəyə qəbulun “müşkül iş” olduğu barədə məşhur bir jurnalistdən eşitdikləri onu başqa bir ixtisasa sənəd verməyə vadar edib. Birinci cəhddə universitet tələbəsi ola bilməyib və yalnız “əla” qiymətlərdən ibarət səkkizillik şəhadətnaməsi ilə iqtisad yönümlü texnikuma üz tutub. Burada cəmi bir il oxuduqdan sonra yenidən universitetə sənəd verib və qəbulu “müşkül” olmayan Kitabxanaçılıq fakültəsinin tələbəsi adını qazanıb. Fərqlənmə diplomu ilə bitirdiyi universitetdə təhsilinin elə birinci ilindən fəal jurnalist fəaliyyətinə başlayıb: o dövrün populyar mətbu nəşrləri - “Azərbaycan gəncləri”, “Bakinski raboçi”, “Molodyoj Azerbaydjana”, “Bakı” - “Baku” qəzetləri ilə əməkdaşlıq edib. Sonra universitet qəzetinin müxbiri olub. Almaniyada ikiillik hərbi xidməti zamanı da jurnalistikadan ayrılmayıb, rusdilli ordu qəzetində müntəzəm yazıları dərc edilib...

Burada bir haşiyə çıxaraq qeyd edək ki, Şakir müəllimin Astarada oxuduğu orta məktəbdə tədris edilməyən rus dilini müstəqil öyrənməsi, bu dildə yazmaq və Azərbaycan dili ilə çarpaz tərcümə etmək qabiliyyətinə yiyələnməsi, üstəlik, hətta sonralar ingilis dilindən tərcümədə özünü sınaması onun fitri istedadı ilə yanaşı, həm də misilsiz çalışqanlığının göstəricisidir.        

Hərbi xidmətini başa çatdıranadək göstərdiyi jurnalistlik fəaliyyəti barədə onun özünün qənaəti belədir: “Təbii ki, bunların heç biri indiki anlamda əsl jurnalistika - publisistika deyildi, hərçənd həmin illərdə “Gənclər”də çıxmış bir neçə oçerkimi bu gün də yaxşı yazı nümunəsi hesab edirəm...”

Şakir Yaqubovun əsl jurnalistlik fəaliyyəti isə 1974-cü ildən başlanır. Həmin vaxtdan keçən dövr ərzində o, “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər” və “AFFA news”, “Panorama” qəzetlərində işləyib, xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoradək ən müxtəlif vəzifələrdə çalışıb, uzun müddət Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru olub.    

Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, jurnalist və redaktor kimi Şakir Yaqubov öz prinsipləri və meyarları ilə seçilib, iş yoldaşlarının bu prinsiplərə hörmətlə yanaşmasına, onları qəbul etməsinə nail olub. Əslində, bu normal iş və yaradıcılıq prinsipləridir: intizamlılıq, məsuliyyətlilik, dürüstlük, fəallıq, təşəbbüskarlıq və təbii ki, səlis, aydın yazmağı bacarmaq… Bunlara əməl etməyə çətinlik çəkənlər də, bu çətinlik səbəbindən jurnalistikanı xoşaxoşluqla tərk edənlər də olub. Belələri jurnalistikada tuta bilmədikləri yeri başqa sahələrdə tapdıqlarına görə Şakir müəllimə minnətdardırlar, yəqin ki...

Bu məqamda tanınmış şair-publisist Vaqif Bəhmənlinin rəyinə istinad etmək olar: “Şakir müəllim hələ “Gənclər” qəzetində işlədiyi illərdən jurnalistika evinin ən sayılan, ən dəyərli adamlarından biri olub. Şəxsən mən Şakir müəllimi hər görəndə özümü yığışdırmışam, hər hansı bir yazımı yazmağa başlayanda düşünmüşəm ki, hansısa bir çiy cümlə, hansısa yerinə düşməyən bir söz ola bilər, ifadə ola bilər və Şakir müəllim bunu oxuyanda mənə irad tuta bilər, mənimçün bunu qüsur saya bilər. Şakir Yaqubovun tələbkarlığı, sözə ciddi münasibəti bizim hər birimiz - ondan sonra jurnalistikaya gələn nəsil üçün ciddi dərs olub, örnək olub, mən deyərdim ki, məktəb olub... Bizim musiqimizdə də, ədəbiyyatımızda da, inzibati işimizdə də, siyasətimizdə də - hərəsində bir Şakir Yaqubovumuz olsa, ordan narahat olmağa dəyməz...” Bu fikirlər özündə ustad jurnalistin xarakterini səciyyələndirən ən mühüm cizgiləri ehtiva edir.

Müasir jurnalistika çoxşaxəli fəaliyyət sahəsidir. İndi tarixi missiyasının başa çatdığı iddia edilən qəzetçilik vaxtilə bu sahələrin ən sanballısı sayılırdı. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində yeni xüsusiyyətlər kəsb edən jurnalistikanın təməlindən qəzetçiliyi çəkib çıxarmaq mümkünsüzdür… Şakir Yaqubov məhz əsas meyarları faktın dəqiqliyi, fikrin düzgünlüyü, sözün təsirliliyi olan klassik qəzetçiliyin görkəmli nümayəndəsidir. Qəzet redaksiyasında işin istər yaradıcılıq, istərsə də texniki baxımdan ən effektiv təşkilinin nəzəriyyəsini və təcrübəsini həmkarları və həmyaşıdları arasında onun qədər mükəmməl bilənlər az olub. Dövlət müstəqilliyinin bərpasından sonra fəaliyyətə başlayan “Həyat” qəzetinin (“Azərbaycan”ın sələfi) necə yarandığının və fəaliyyətə başladığının şahidləri bunu təsdiq edə bilərlər. Yeri gəlmişkən, Şakir Yaqubov haqqında “heç vaxt birinci olmayan birinci” ifadəsinin aydın bir gerçəyi ifadə etdiyini söyləmək vacibdir. Vəzifəsindən asılı olmayaraq, işlədiyi bütün redaksiyalarda onun fikri və rəyi, xüsusən yaradıcılıq məsələlərinə münasibətdə, hər zaman birinci nəzərə alınıb.

Yaradıcılıq demişkən, Şakir Yaqubov publisistikası milli mətbuatımızın öyrənilməyə, tədqiq olunmağa layiq örnəklərindən hesab edilə bilər. Onun indiyədək çap etdirdiyi “Mən şahidəm ki...”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərir”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər” kitablarında toplanmış publisistik nümunələr tarixi həqiqətləri, aktual ictimai-siyasi hadisələri, mənəviyyat məsələlərini, insan talelərini yüksək sənətkarlıqla əks etdirməklə yanaşı, həm də öz peşəsinə ciddiyyətlə yanaşan gənc jurnalist nəsli üçün yaxşı müntəxəbatdır, əla bələdçidir. Bu yerdə bir məsələni də təəssüf hissi ilə qeyd etmək lazım gəlir: milli mətbuatımızın inkişafında xidmətləri olan Şakir Yaqubov kimi ustadların nəinki publisistika yaradıcılığı haqqında, hətta kimlikləri barədə belə müasir jurnalistika dərsliklərində bir kəlmə də yazılmayıb.

Özünün kitablarını nəşr etdirməklə yanaşı, Şakir müəllim “Vətən bizim şöhrətimiz...”, “Bizim müasirimiz” və “On ikinci şeyxülislam” kitablarının da həmmüəllifi, məşhur islamşünas alim Q.E. fon Qrünebaumun “Klassik islam” monoqrafiyasının, Y.Boqatın “Onlar belə sevirdilər” (Ə.Ağalarov və E.Cabbarovla birgə) kitabının və dövri mətbuatda çap olunmuş onlarca digər dəyərli əsərin tərcüməçisi, Vasif Səmədov, Bəxtiyar Sadıqov, Müsəllim Həsənov, Adil Qaçayoğlu və digər tanınmış publisistlərin kitablarının, habelə auditə dair 35-dən çox elmi-kütləvi nəşrin redaktoru olub. Müxtəlif janrlı yazıları ayrı-ayrı toplulara, o cümlədən əxlaq mövzusunda “Sevirsə, qayıdacaq...” adlı oçerki  IX siniflər üçün “Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat”a (Bakı, 1989-cu il) daxil edilib. Bu gün dərslik yazanlar da istəsələr, onun publisistik əsərlərindən yeni nəslin təlim-tərbiyəsinə, düşüncəsinə və dünyagörüşünə müsbət təsir göstərəcək nümunələr tapıb yararlana bilərlər.

Şakir Yaqubov jurnalistikamızın təmənnasız fədaisidir. O, bütün həyatını - öncə sağlamlığını, doğmaları qarşısındakı borcunu bu peşəyə qurban verdiyi barədə etirafında nə qədər səmimidirsə, kişi kimi yaşadığı qəzetçilik və naşirlik həyatında heç kimin yanında gözükölgəli olmadığını və belə bir ömür yolunu yenə əvvəldən-axıracan gedə biləcəyini deyəndə də bir o qədər qətiyyətli və qürurludur.

Bir yubiley təqdimatı kimi nəzərdə tutulan bu yazının janrına uyğun olaraq, ustadın mükafatları barədə də məlumat vermək zəruridir. Şakir Yaqubova həm sovet dövründə (1989-cu il), həm də müstəqillik dövründə (2005-ci il) eyni fəxri ad - “Əməkdar mədəniyyət işçisi” adı verilib. “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, Ali Media mükafatları laureatı, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatçısıdır. “Azərbaycan Respublikasının fəxri auditoru” adını almış ilk və yeganə peşəkar jurnalistdir.

Bu gün ömrünün müdriklik çağında da Şakir Yaqubov, indiki anlayışla desək, mediadan ayrılmayıb… Kompüterdə işləməyi öyrənib, “vörd”də yazmağı və elektron yazışma aparmağı, internet resurslarından istifadə etməyi bacarır. Hətta adını və mövzusunu açıqlamaq istəmədiyi bir kitab üzərində də çalışır. Müasir informasiya texnologiyaları, virtual aləm ona - ikinci qrup əlilliyi olan pensiyaçıya, ustad jurnalistə zamanın və həyatın nəbzini tutmaq, medianın gündəmini izləmək imkanı yaradıb. Ən başlıcası, vəfalı və cəfakeş həyat yoldaşının, hər birinin uğurları ilə fəxr etdiyi iki övladının qayğısı və gələcəkdə hansınınsa onun jurnalistikadakı yolunu davam etdirəcəyinə ümid bəslədiyi dörd nəvəsi ilə bağlı munis duyğuları Şakir müəllimin ömrünü uzadır.

O, əsrarəngiz gözəllikləri ilə göz oxşayan Talış dağları ilə mavi Xəzərin arasında yerləşən bir kənddə dünyaya göz açsa da, yaşadığı ömürlə, yaratdığı əsərlərlə bütöv Azərbaycanın övladıdır. Qarabağda möhtəşəm Zəfərimizin xalqımızı sevindirdiyi vaxtlarda Şakir müəllimin səhhətində növbəti dəfə problem yaranmışdı. Sağlamlığı bərpa olunduqdan sonra ailə üzvləri ona həmin vaxt yarıhuşsuz vəziyyətdə söylədiklərini xatırladıblar: “Hikmət Şuşaya mənsiz gedib”, - deyirmiş… Şakir müəllim indi inanır ki, cavan həmkarı və dostu şuşalı Hikmət Sabiroğlu, yəqin, belə vəfasızlığı özünə rəva bilməyəcək…

Yubileyin mübarək, ustad! Yaşamaq, yaratmaq, cəmiyyətə jurnalist töhfəsi vermək həvəsin heç tükənməsin!


25.02.2021 13:11:00
Oxuma sayı: 4054