Deputatın mandatı əlindən alına bilər - Sona Əliyevanın mülkiyyət davası
Ölçü:


99 saylı Şəmkir kənd Seçki Dairəsindən deputat seçilən Sona Əliyevanın ailəsi ilə bağlı problemləri bir neçə gündür ki, mətbuatın gündəmindədir. Belə ki, deputatın anası Bəşirə Əliyeva mətbuata açıqlamasında bəzi iddialar səsləndirib.

Koordinat.az xəbər verir ki, Bəşirə Əliyeva “Azpolitika”ya açıqlamasında qızı Sonanı həyat yoldaşı mərhum Sakit Əliyevin bütün əmlakını ələ keçirməkdə suçlayıb. Qadın qeyd edib ki, həyat yoldaşı Sakit Əliyev bir müddət öncə vəfat edib. Əmlakın ədalətli bölünməsi üçün oğlu ilə birgə məhkəməyə müraciət edib. İddiaya görə, deputat “mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz” deyərək bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə “ağlını itirməkdə” ittiham edərək evindən qovub.

Sayt yazıb ki,  Sona Əliyevanın atası Sakit Əliyev Şəmkirin tanınmış iş adamlarından, nüfuzlu ağsaqqallarından biri olub: “Bu yaxınlarda uzun sürən xəstəlikdən sonra vəfat edən Sakit Əliyevin xeyli malı-mülkü qalıb. Nə qədər qəribə də olsa, bu gənc xanım atasının mal-mülkünə təkbaşına sahib olmaqdan ötrü, ailəsinin rayondakı hörmətini, uzun illər ərzində qazandıqları ad-sanı, eləcə də deputat kimi özünün nüfuzunu zərbə altında qoymaqdan çəkinməyib. İşi o səviyyəyə gətirib ki, anası və qardaşı Sona Əliyeva tərəfindən qəsb edilən haqlarını geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Ancaq bu da deputatı öz yolundan döndərməyib. O, səhvini anlamaq və ailəsinin haqqını özünə qaytarmaq əvəzinə ”mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz" deyə, bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə “ağlını itirməkdə” ittiham edib, onu evindən qovub".

Millət vəkilinin gözüyaşlı anası Bəşirə xanım Əliyeva sayta müraciət edərək, bütün bunlar haqda ətraflı danışıb: “Məni aldadıb, etibarımdan sui-istifadə edərək rəhmətə gedən həyat yoldaşımın bütün mirasına təkbaşına yiyələnib”.

Səslənən ittihamlara 3 gün sonra cavab verən Sona Əliyeva “Qafqazinfo”ya açıqlamasında hazırda xaricdə olduğunu deyib: “Bütün bu iddialar uydurmadır, qardaşım məsələyə aydınlıq gətirəcək”.

Deputatın qardaşı, Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Adil Əliyev isə söyləyib ki, artıq problem həll edilib: “Bizim ailəmizdə heç bir narazılıq, problem yoxdur. Hər şey qaydasındadır. Mən o işlərə qarışmıram, xırda bir münaqişə olub. O da həll edilib. İşimlə bağlı başqa evdə oluram, həmin evdə qalmıram. Anam, bacım və qardaşımla aramızda heç bir problem yoxdur”.

Deputatın ətrafında baş verənlər onun mandatı üçün təhlükə yarada bilərmi?

Hüquqşünas Ələsgər Məmmədli “Yeni Müsavat”a bildirib ki, deputatın mandatının alınması qanunvericlikdə var: “Ancaq deputat cinayət başında yaxalanarsa haqqında həbs olunma qərarı verilə bilir. Daha öncə də Azərbaycan parlamentində deputatlıq səlahiyyəti, toxunulmazlıq hüququ qaldırılaraq həbs edilən deputatlar olub. Həmin şəxslərin adları cəmiyyətə də məlumdur. Lakin hansısa mülki mübahisə ancaq məhkəmə qaydasında həllini tapa bilər. Fərqi yoxdur ki, bu mülki mübahisəni kim qaldırıb. Heç kim buna görə birbaşa cinayət məsuliyyətinə cəlb oluna bilməz. Lakin burada istisna hallar da var. Cinayət Məcəlləsinin 178-ci maddəsi dələduzluq hallarına aiddir. Şəxsin etibarındandan sui-istifadə etmə və ya aldatma yolu ilə onun əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə halında dələduzluq maddəsi ilə cinayət işi başlana bilir. Ancaq bunun da sübut olunan tərəfləri var. Əgər bütün bu məsələlər baş verərsə və deputatın da prosesdə əli olduğu ehtimal olunarsa, Baş prokurorluq vasitəsilə Milli Məclisə onun toxunulmazlığının qaldırılması ilə bağlı təqdimat gəlməlidir. Daha sonra isə onun haqqında cinayət işi açıla bilər. Yəni belə baxanda hər hansı ailə və ya mülki münaqişə zəminində deputatın toxunulmazlığının ortadan qaldırılmır”.

Hüquqşünas bildirib ki, toxunulmazlıq dedikdə söhbət deputatın siyasi fəaliyyətindən gedir: “Toxulmazlıq, onun siyasi toxunulmazlığıdır. Yəni deputat siyasi ifadələri, mövqeyinə görə daha çox qorunmalıdır ki, öz işini görə bilsin. Deputat toxunulmazlığı o demək deyil ki, bütün qanunları pozasan, sonra da deyəsən ki, mən toxunulmazam. Toxunulmazlıq bir çərçivədir və buna da hər kəs hüquqa hörmət göstərərək bağlı qalmalıdır”.
10.02.2018 09:56:00
Oxuma sayı: 51645