Füzulidən Daşaltıya, Daşaltıdan Şuşaya... - Raquf Orucovun keçmiş əsgərinin döyüş yolu
Ölçü:

Qəhrəmanlıq salnamələri ilə zəngin olan 44 günlük Vətən müharibəsi Azərbaycanın ictimai həyatı üçün xüsusi önəm daşıyan mühüm bir məqamı da üzə çıxardı. Məlum oldu ki, Azərbaycan xalqı, xüsusilə gənclər lazım olan anda bir yumruq ətrafında birləşə və məğlubedilməz gücə çevrilə bilir. Məhz bu birlik və həmrəylik Ali Baş Komandanın dediyi kimi, dəmir yumruğa çevrilərək Azərbaycan xalqına zəfər qazandırdı.

Əslində hər şey iyulun 12-də işğalçı Ermənistanın Tovuzda törətdiyi təxribatla başlamışdı. İşğalçı ölkə dövlət sərhədlərindən hücuma cəhd göstərərkən general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olması Azərbaycan xalqınını səbrini daşırdı, gənclər böyük coşqu ilə orduya dəstək aksiyalarına başladı, cəbhəyə yollanmaq üçün kütləvi şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbələrinə axışdı. Elə həmin günlərdə SHXÇDX-yə mürasciət edərək könüllü kimi ön cəbhəyə yollananlardan biri də 25 yaşlı Anar Heydərov idi. Onun Füzulidən başlayan döyüş yolu Xocavənddən, məşhur Daşaltı kəndidən,  Qarabağın baş tacı olan Şuşa şəhərindən keçdi.

TANITIM:

Heydərov Anar Çingiz oğlu 1995-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 2011-ci ildə Bakının Səbail rayonunda fəaliyyət göstərən Zəngilan rayon orta 10 saylı məktəbi biririb. 2015-2016-cı illərdə Azərbaycan Dənizçik Kolleçinin Gəminin idarə olunması və təşkili fakültəsində təhsil alıb. 2013-2014-cü illərdə Ağdamda həqiqi hərbi xidmətdə olub.

O, hərbi xidmətini Ağdamın Orta Qərvənd kəndinə əfsanəfi kəşfiyyatçı, şəhid polkovnik Raquf Orucovun komandiri olduğu hərbi hissədə keçib.  2016-cı ilin “Aprel döyüşləri”ndə şəhid olmuş Raquf Orucovu şəxsən tanıyırdı, onun döyüş xatirələri, işğal altındakı Ağdamda anasının qəbrini ziyarət etdiyini də eşitmişdi. Raquf Orucovla bağlı bir xatirəsini də xatırlayır: “Bizm postlarımızı həmişə Raquf Orucov özü yoxlayırdı. Bir dəfə əsgərlər maaş alanda postda təmizlik işləri aparmaq üçün öz pulumuzla xlor almışdıq. Beş ədəd litrlik xloru qazana töküb işə başlayarkən hərbi hissə komandiri Raquf Orucov, qərargah rəisi polkovnik-leytenant Elsevər Əhmədov və təlim-tərbiyə işləri üzrə müavin mayor Çingiz Mehdiyev gəldilər. Gördülər ki, xlor əlimdə qazanın içərisinə boşaldıram. Raquf Orucov nə etdiyimi soruşdu, cavabı eşidəndən sonra manqa komandiri kimi belə bir təşəbbüs göstərdiyimə görə məni bağrına basaraq öpdü...”

Anar Heydərov hərbi xidməti başa vurduqdan sonra Bakıda müxtəlif ticarət obyektlərində satıcı işləyib. Ailədə iki qardaşdırlar, Anar həm də evin kiçiyidir. Subaydır, Bakıda kirayə mənzildə yayaşır.

Polad Həşimovun şəhadətinin 3-cü günü...

Ermənistanın ötən yay Tovuzda törətdiyi təxribatlar zamanı Anar Heydərov könüllü kimi cəbhəyə yollanmaq üçün SHXÇDX-nin Səbail rayon şöbəsinə müraciət edib. Bu, general Polad Həşimovun şəhadətə qovuşmasının 3-cü gününə təsadüf etmişdi. Orada ona “Könüllü döyüşçülərə hələ ehtiyac yoxdur, lazım olsa çağıracağıq”- deyə, bildirmişdilər. Oktyabrın 5-də isə SHXÇDX-nin Səbail rayon şöbəsindən gələn çağırış əsasında Anar Heydərov bir qrup könüllü gənclərlə birlikdə cəbhəyə yollanıb.

“Bizi əvvəlcə Ağcabədiyə apardılar, oradan isə döyüşə göndərdilər. Oktyabrın 13-14-də Ağcabədidən Füzuli istiqamətinə apardılar. Hadrut yolu ilə getdik, Füzuli şəhərində, Alıxanlı, Qaraxanbəyli, Aybasanlı və digər kəndlərin azad olunması uğrunda döyüşdük. Oradan isə gecə ilə Xocavəndin Tuğ kəndinə, bir neçə gündən sonra Şuşaya – Topxana meşəsinə getdik” – deyə, gənc döyüşçü bildirir.

Qruplara bölünərək “Topxana” meşəsinin ortasından keçərək Daşaltı kəndinə doğru irəliləyən döyüşçülər bölük komandiri Amil Hüseynovun rəhbərliyi altında  keçilməz yollarla döyüş mövqelərini tutmalı idilər. Baş gizir Əhməd, snayperçi Nəzərli İlkin, gizir Vasif Cəfərli və daha bir neçə döyüşçünün olduğu birinci qrup qabaqda gedirdilər. Anar Heydərovgilin qrupu isə bir qədər arxada irəliləyirdi. Düşmən hər tərəfdən Azərbaycan ordusunun mövqelərini atəşə tuturdu. Sərt dağlıq ərazilər, soyuq iqlim şəraitində Daşaltıya enmək o qədər də asan deyildi: “O cür yollarla irəliləmək çox çətin idi. Həm də düşmən sağımızı-solumuzu vururdu. Hətta orada itkilərimiz də oldu, şəhid və yaralananlar vardı. Amma biz nəyin bahasına olursa-olsun, tapşırığı yerinə yetirilməli, lazım olan mövqeləri tutmalı idik. Bölük komandirimiz Amil Hüseynov yüksəklikdə erməni barağını PK ilə vuraraq dağıtdı. Sonradam onu özü də Xankəndi yolunun üstündə ayağından yaralanmışdı. Biz dağa çıxanda gördüm ki, döyüş yoldaşlarımız onu da özləri ilə çıxarıblar. Yəni, hamı bir-birinə kömək edirdi. Mən fəxr edirəm ki, elə bir komandirin bölüyündə xidmət etdim. Cox mehriban döyüş yoldaşlarım vardı, hamı bir-birinə ruh verirdi, “Hər şey yaxşı olacaq” deyə bir-birini döyüşə ruhlandırırdı”.

Anar Heydərovla eyni tağımda xidmət edən snayperçi İlkin Nəzərli həmin vaxt qarın boşluğunun yuxarı hissəsindən yaralanmışdı. Beyləqanlı döyüşçü, çavuş Bəyişli isə Anarın lap yaxınlığında düşmən gülləsinə tuş gəlmişdi.

“Çox mehriban oğlan idi, boş vaxtlarımızda dərdləşirdik. Həmişə deyirdi ki, müharibə bitən kimi evlənəcəyəm. Amma onun da arzusu gözündə qaldı, şəhidlik zirvəsinə ucaldı” – deyə, Anar Heydərov Beyləqan rayonundan olan çavuş Bəylini ehtiramla xatırlayır.

Göyçaylı Qüdrət də Anarın yanında şəhid olmuşdu. Ermənilər Azərbaycan əsgərlərini minomyotla atəşə tutarkən Qüdrət düşmənin hədəfindən yayınmaq üçün aşağı əyilsə də, özünü qoruya bilməmişdi. Arxaya çəkilən zaman atılan növbəti güllədən sonra əbədiyyətə qovuşmuşdu.

Erməniləri qorxuya salan “Allahu Əkbər” sədaları...

Hərbi bölmələrimiz çətinlik bahasına olsa da, “Topxana” meşəsindən keçib Daşaltı kəndinə daxil ola bilmişdi. Amma kəndin girişində işğalçıların cəhrayı boya ilə rənglənmiş abidəsi önündə hansısa bir canlanmanın olduğu onların diqqətindən yayınmamışdı. Hamı yerə uzanaraq ətrafı diqqətlə müşahidə etməyə başlayır. Leytenant Fərid Əliyev, gizir Elşad, Orxan Məmmədov döyüşçüləri tələsik addım atmamağı tövsiyə edir. Elə bu vaxt düşmən minomyotla onları atəşə tutur. Qızğın döyüş başlayır, əsgərlərdən biri yaralansa da, hərbi bölmələrimiz döyüşə-döyüşə Daşaltının mərkəzinə doğru irəliləməyə çalışır. Düşmən əsgərlərinin gizləndiyi mövqelər lap yaxınlıqda idi – cəmi 100-120 metrlik məsafədə. Buradan ermənilərin çoxlu itkilər verdiyi aydın görünürdü, abidənin ətrafı yaralılarla dolu idi. Düşmən Azərbaycan ordusunun hücumları qarşısında tab gətirməyərək qaçmağa başlamışdı. Anargilin bölüyü döyüş mövqelərini tərk edib qaçan ermənilərin arxasına düşüb onları təqib edir, daha çox itkilərə mərz qoymağa çalışırdı. Məqsəd düşmənin bütün canlı qüvvəsini məhv etmək idi.

“Qaçan erməniləri təqib edərkən ətrafdakı yüksəkliklərdən minomyotla bizi vurdular. Yəqin onları tamamilə məhv edə biləcəyimizi başa düşmüşdülər, həmin istiqaməti aramsız atəşə tuturdular. Buna görə də biz istiqamətimizi dəyişib dağa tərəf qalxdıq. Biz ermənilərin nə qədər qorxaq olduğunu burada bir daha gördük. “Allahu Əkbər” sədaları altında düşmənin üzərinə şığıyırdıq, onlar isə “Allahu Əkbər” sözlərini təkrarlamaqla guya, Azərbaycan əsgərləri olduqlarını hiss etdirmək, qaçıb canlarını qurtarmaq üçün imkan qanmaq istəyirdilər. Hər dəfə “Allahu Əkbər” sədaları ilə hücuma keçəndə düşmənin necə təşvişə düşdüyünü, qorxub qaçdıqlarını görürdük...” – Anar Heydərov böyük iftixar hissi ilə danışır.

"Silahdaşlarla birlikdə olmaq başqa bir hissdir”

Noyabrın 6-da gecə ikən Daşaltıdan çıxıb 2-3 saata qədər çayın içərisi ilə Şuşaya doğru irəliləyən bölük Xankəndi yolunun yaxınlığında düşmənin qəfil həmləsi ilə qarşılaşır. Ermənilər hər tərəfdən minomyotla atəş açır, Azərbaycan ordusunun irəliləməsinin qarşısını almağa çalışırdı. Anargilin bölüyü həmin döyüşlərdə ikti versə də, namla irləliyir, döyüş tapşırığını yerinə yetirmək və müəyyən edilmiş hədflərə çatmaq üçün vuruşmaqda davam edirdi. Həmin döyüşlərdə Anar Heydərov da yüngül xəsarət almışdı. Amma o, yaralandığını keç kəsə deməmiş, bunu gizlətməyə çalışımışdı: “Orada zabitlər vardı ki, qolunun yarısını güllə sivirib qoparmışdı, sümüyü görsənirdi. Bununla belə, yarasının üstünü bağlayıb döyüşə davam edirdi. Bölük komandirimiz ayağından yaralansa da, “Mən yaxşıyam, heç kim narahat olmasın!” deyib onu döyüş zonasından çıxarmağa çalışan əsgərlərin köməyindən imtina edir, “Mən özüm gələcəyəm, siz mümkün qədər irəliləyin” söyləyirdi (İndi –həmin komandir qoltuq ağacı vasitəsilə yeriyir – müəl.) Amma döyüşçülər yaralı komandirə kömək edərək onu təhlükəli zonadan çıxara bilmişdi. Səhərəyaxın çayın içərisi ilə irəlləyib Xankəndi yoluna çatanda ermənilər kasetli bomba atdı, ardınca BTR-lərin köməyi ilə hücuma keçdilər. İtkilərimiz olsa da, mövqelərimizi qoruyub saxlaya bildik, düşmən qaçmağa məcbur oldu. Biz Xankəndi yolunun üzərindəki “Şuşa” istirahət mərkəzinin yaxınlığında ələ keçirilmiş postunda möhkəmləndik. Ertəsi gün erməni snayperləri bizi atəşə tuturdu. Ancaq snayperin hansı istiqamətdən atıldığını müəyyən etmək çətin idi. Döyüşçü yoldaşlarımızdan bir neçəsi aşağıdakı bulağın yanına enərək düşmənin yerini müəyyənləşdirmiş, biri qadın olmaqla 4 erməni snayperçisini yerindəcə məhv etmişdi”.

Anar Heydərov hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzrə müavini leytenant Şamxal Əliyevi da ehtiramla xatırlayır: “Şamxal Əliyev döyüşə girəndə bizi əli ilə arxaya itələyirdi ki, qabaqda mən gedəcəyəm. Eynilə bölük komandirimiz kimi. İlkin Nəzərli, gizir Vasif Cəfərli (müharibədən sonra Ali Baş Komandanın sərəncamı ilə ona leytenant rütbəsi verilib) isə zarafatla deyirdi ki, sən subaysan, məndən qabaqda getmə. Çox sağ olsun, hər biri balaca qardaşı qədər qayğıma qalır, çətinliyə düşəndə köməklik edirdilər. İndi təəssüratlarımı bölüşdükcə anlayıram ki, döyüş şəraitində silahdaşlarla birlikdə olmaq tamamilə başqa bir hissdir”.

Xankəndi ovucun içərisində...

Noyabrın 8-də Anargilin bölüyü Daşaltıdan qalxaraq Şuşaya daxil olmuşdu. Artıq düşmənin müqaviməti qırılmış, Şuşa şəhəri işğaldan azad edilmişdi. Azərbaycan ordusu Xankəndi şəhərinin lap yaxınlığında – Xankəndi-Şuşa yolunun üstündəki meşəlik ərazidə mövqe tutmuşdu. Artıq Xankəndi şəhərinin işğalçılardan təmizlənməsi bir an məsələsi idi. Şəhərdə mülki əhali demək olar ki, görünmürdü. İşğalçı ordu bölmələrinin çaşqın vəziyyətdə olduğu açıq hiss olunurdu. Qarabağın mərkəzi şəhərinin tezliklə ordumuzun tam nəzarətinə keçəcəyinə heç bir şəkk-şübhə yox idi. Amma...

Anar Heydərovgilin bölüyü Şuşa-Xankəndi yolunun üzərindəki mövqelərdə möhkəmləndirmə işləri apararkən müharibənin dayandığı, Rusiyanın vasitəçiliyi ilə üçtərəfli razılaşma əldə edildiyi və işğalçı Ermənistanın kapitulyasiya aktına imza atdığı barədə məlumatlar yayılmağa başladı. Sıravi əsgərlər və könüllü döyüşçülər bu məlumatın doğruluğuna inanmasalar da, bu həqiqət idi. Bölük komandiri “Müharibə dayanıb, atəşkəs elan olunub. Ali Baş Komandanımız xalıqa müracət edərək Ermənistanın Baş nazirinin kapitulyasiya aktına imza atdığını bildirib” deyə, şəxsi heyətə elan etdi.


Bundan sonra hərbi bölmələrimiz yaralı əsgərlərimizin, şəhidlərin təxliyəsi ilə məşğul olmağa başladı. Şuşa və Xankəndi ətrafında şəhid və yaralıların təxliyəsi başa çatdıqdan sonra Anargilin bölüyü Şuşa türməsində cəmləşdi. Əsgərlər burada ermənilərin 2014-ci ildən girovluqda saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevə məxsus olduğu güman edilən şeir dəftərçəsi və gündəlik tapmışdılar. Saxlama qameralarının birində Azərbaycan xəritəsi və Azərbaycanın “Əlifba kitabı” da vardı.

“Dilqəmlə Şahbazın saxlanıldığı kameradan tapdığımız əşyaları əsgərlərdən biri götürdü, dedi ki, onların ailəsinə çatdıracaq. Azərbaycan xəritəsi və “Əlifba” kitabını komandirə də göstərdik. Dedi ki, Şahbazla Dilqəmin “Əlifba” kitabına ehtiyacə olmaz, yəqin ermənilər özləri Azərbaycan dilini öyrənmək istəyirmişlər. Bizim xüsusi təyinatlılarımız Şuşa türməsində bir erməni zabiti də tutmuşdular. Həmin erməni zabit Şahbaz Quliyevlə Dilqəm Əsgərovun bir neçə gün əvvəl Ermənistana aparıldaqlarını söyləmişdi” – deyə, Anar Heydərov bildirir.
 
Şuşanın azad edilməsinin 10-cu günündə Anargilin bölüyü Şuşanın Qaybalı kəndinə qalxaraq dəniz səviyyəsindən 2500-3000 metr yüksəklikdə yerləşən bu məntəqədə möhkəmləndi. Hərbi bölmələrimiz həmin ərazilərdə möhkəmlənmə işləri apararkən müşələrə doluşmuş erməni silahlı qüvvələrini nəzarət altında saxlaya bilmək üçün 3 yerdə keşikçi postu qurmuşdu. Hər üç post Xankəndi yolunun üzərində yerləşirdi, şəhərin küçələrində hərəkət edən hərbi və ya mülki şəxslər buradan aydın şəkildə görünürdü. Buna görə də ermənlər Xankəndi yolundan yalnız Rusiya sülhməramlılarının müayiəti altında istifadə edirdilər.

İki medalla evə dönən qazi...


Şuşanın ətraf ərazilərindəki bütün döyüş nöqtələrində Anar Heydərovun ayaq izləri var. Döyüşlərdən sonra manqa komandiri kimi təkcə Qaybalıda 26 gün postda dayanıb. Burada birinci taborun ikinci bölüyündə (komandir leytenant Müşfiq Həsənli) xidmət edib, sonradan isə xidmətini ikinci taborda davam etdirib. O, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunması xəbərini də elə Qaybalıda postda olarkən eşidib: “Mən təltif olunduğumu eşidəndə postda döyüş növbətçisi idim. Manqa komandiri kimi dəstəni döyüş postuna çıxaran zaman tağım komandirimiz, baş leytenant Samir Paşayev “Füzulinin azad olunmasına görə” təltif edilənlər arasında mənim də adımın olduğunu söylədi. Bunu eşidəndə hansı hisslər keçirdiyimi sözlə ifadə edə bilmirəm. Təltif olunmağımdan qürur hissi keçirdim, özümü qəhrəman kimi hiss edtdim - Allahverdi Bağırov, Polad Həşimov, Raquf Orucov, Mübariz İbrahimov, Fərid, Xudayar kimi. Mənim ağlıma gəlməzdi ki, Vətən müharibəsi tezliklə başlayar, həmin müharibədə iştirak edər və sonda düşməni məğlub edərək qələbə qazanar və mən də bu döyüşlərdə iştirakıma görə Ali Baş Komandanın sərəncamı əsasında təltif olunaram. Bu, həqiqətən mənim üçün sürpriz oldu. Özümü çox şanslı sayıram ki, İkinci Qarabağ müharibəsində iştirak etmişəm və ordumuzun qazandığı bu zəfərdə mənim də payım var”.

Anar Heydərov “Şuşanın azad olunmasına görə” medalı daha çox gözləyirdi. Axı, onun 44 günlük Vətən müharibəsindəki döyüş xidmətlərimin çoxu Şuşa və Şuşaətrafı kəndlərdə olmuşdu. Hətta komandirləri də onun adını “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunanların siyahısında axtarırdılar.

Amma bu, o qədər də vacib deyil, əsas odur ki, torpaqlarımız düşmənin işğalından azad edilib: “Mən döyüşə yollananda hansısa medalla təltif oluna biləcəyimi ağlıma belə gətirmirdim. Biz yalnız torpaqlarımızı işğaldan azad etmək, qələbə qazanmaq barədə düşünürdük və bu amalla döyüşlərə qatılmışdım. Tərxis olunandan sonra müharibəd iştirak etdiyinizə görə 906 manat aldım, həmin vəsaitin demək olar ki, hamısını şəhidlərin məzarları üzərinə əklil almağa, evlərinə ziyarət və bu kimi işlərə xərclədik. Şəhid ailələrinə hansı dəstəyi göstərsək də, yenə azdır. Ona görə dövlət bizə verdiyi pulları da bu işlərə sərf etdik ki, şəhid qardaşlarımızın ruhu şad olsun. O pulu verməsələr də, biz onu edərdik. Yəni, biz vətəni qorumağa getmişdik, orden və ya pul almaq barədə düşünmürdük”.

Yanvarın 1-də Qaybalı kəndində möhkəmləndirilmiş mövqelərdə xidmətdə olan 35 nəfər könüllü ordu sıralarından tərxis olunmaq üçün Şuşa şəhərinə gətirilir. Həmin axşam onları Beyləqana gətirdilər. Hərbi biletlərimin yazılması, sənədlərin təsdiqlənməsi üçün iki gün Beyləqanda qaldıqdan sonra Anarın da daxil olduğu 35 könüllü döyüşçü evə buraxıldı.

Qalib qazi kimi evə qayıdan Anar Heydərovu Bakıdakı dostları gül-çiçəklə, böyük çoşqu ilə qarşıladı...
 


27.01.2021 13:32:17
Oxuma sayı: 24666