Kremldə tar çalan oğlanın 60 illiyinə...
Ölçü:

Müsəllim HƏSƏNOV

Bu gün onun 60 yaşı tamam olur.

Tanımayanlara onu necə təqdim eliyim?

Jurnalistdir... Özü də yaxşı jurnalistdir!

Hazırda “Dövlətqaçqınkom”un “Bətən səsi” qəzetinin baş redaktorudur. Bundan əvvəl də müxtəlif mətbuat orqanlarında çalışıb: “Xalq qəzeti”, “Respublika”, “Panorama” və s....

İşini biləndir. İstedadlıdır. Kreativ düşüncəlidir. Müasir texnologiyalara meylli, texnologiyaların imkanlarından yararlanandır. Hərdən bədii yaradıcılığa da meyl göstərir. Hətta telefon klaviaturası ilə şeir yazmaq istedadı var. Zarafat xarakterli şeirlər...

Bir neçə dostun yazdığı KAMİL bəndlərə cavab olaraq... Bu məşğuliyyətin bizdə adı “telefonda şeyir deyişməsi”dir...

Həyatın yekrəngliyindən bezəndə bu yolla istirahət eliyirik hərdən...

Yazı-pozuda dil-üslub məsələlərini yaxşı bilir. Ona görə də, şəxsən mən bu cür problemlərlə üzləşəndə “dosta zəng” ünvanı kimi onu seçirəm...

Redaktorluq qabiliyyətini bəyənirəm. Şübhəli məqamları onunla dəqiqləşdirirəm.
O isə jurnalistikanı məndən fərqli olaraq, qiyabi oxuduğuna görə yanımda bir az  “gözükölgəlidir”. Amma təsəlli verməyə söz tapıb sakitləşdirə bilirəm. Mənə inanır...

Həyatda təvazökar olmağa çalışır, lovğalara nifrət etdiyi(miz) üçün...

Yumor hissi çox güclüdür. Rastlaşdığı problemlərin aradan qaldırılmasında bu hissin rolu böyükdür. Hətta ən çətin sınaqları belə özünəməxsus yumor hissilə yola verə bilir...

Amma şəkili deyil! Ağdamlıdır! Dediyinə görə, “korennoy” Ağdamlı! Daha doğrusu, Seyidli...

Kötəl suyu içib... Amma oxumağı yoxdur. Tar çalır.

Deyilənə görə, uşaq vaxtı Kremlin Qurultaylar sarayında tar çalıb. “Qarabağ bülbülləri” sırasında. Özü də Leonid İliç Brejnevin qarşısında... O rəhmətlik də bu balaca qarayanız uşağı göstərərək, Suslovdan nəsə soruşub. Partiyanın baş ideoloqu da Baş katibə nələrsə deyib...

Amma bütün bunların onun karyerasına heç bir təsiri olmayıb. Hətta sonralar rayon qəzetində partiya təşkilatı katibi olmasına da...

Öz qabiliyyəti ilə seçilib o vaxtın bu hörmətli vəzifəsinə! İkinci ali təhsil kimi Ali Partiya Məktəbini seçsə də, raykom katibi olmağa can atmayıb. O ərəfədə “raykom katibləri” dövləti dağılmaqda olduğundan...

Jurnalistikaya maraq göstərib. Və özü özünü yetişdirib. Jurnalistikanı qiyabi oxumaqla...
Hərbi xidməti raket qoşunlarında keçirməklə...
Ağdamda çıxan “Lenin yolu” qəzetində linotipçi işləməklə... Və sonradan məsul katib vəzifəsinə qədər yüksəlməklə!

Bütün bu mərhələləri keçəndən sonra Bakıya gəlib. Hazır jurnalist kimi...

Söhbət tanınmış jurnalist Elşən Əliyevdən gedir... Ötən il Azərbaycan Respublikası Prezidentinin Əməkdar jurnalist fəxri adı verdiyi Elşən Əliyevdən...

Mən isə... sadəcə Əməkdar mədəniyyət işçisiyəm...

Mənim fəxri adıma yumoristik baxışı var...

İncimirəm...

Bu barədə 70 illiyində...

Sağ qalsaq (m)...

P.S. Restoranlar isə... hələ fevralın 1-dən açılır...))
24.01.2021 11:49:00
Oxuma sayı: 24078