Altmışdan o yana qorxusu yoxdur...
Ölçü:


Süleyman QARADAĞLI

Onun kimi çoxşaxəli və hərtərəfli qabiliyyətinə malik olan istedad sahibi az-az olar...

Gözəl rəssamlıq bacarığı var- əmək fəaliyyətinə Ağdam Şəhər Mədəniyyət Evinin nəzdindəki Bədii emalatxanada rəssam kimi başlayıb.

Sürücülük məharəti ilə seçilir -  ən mürəkkəb dağ yollarında, dumanda-çəndə avtomobili son dərəcə diqqətlə idarə edir.

İqtisadi məsələlərdən yaxşı baş çıxarır - bir vaxtlar iqtisadçı-jurnalistlər yaratdıqları peşə birliyinə onu rəhbər seçmişdilər. Sonralar uzun müddət iqtisadiyyatın iki mühüm sahəsi ilə - vergilər və elektrik energetikası ilə bağlı olan  nəşrlərdə eyni vaxtda uğurla çalışıb, hətta bu sahələrə dair bir neçə elmi-populyar kitaba redaktorluq da edib.

Hüququ da pis bilmir - inzibati və mülki hüquq sahəsində bilikləri bu sahənin mütəxəssisləri tərəfindən təqdir olunub, üstəlik, bu biliklərdən  yeri gələndə jurnalist kimi istifadə də edir.

Dilçi desən, dilçidir, Azərbaycan dilinin leksik, semantik normalarından  tutmuş üslub  xüsusiyyətlərinə qədər ən xırda incəliklərinə  bələddir.

Yaxşı tərcüməçiliyi də var - rus dilindən Azərbaycancaya çevirmələri olduqca səlis və axıcıdır. Hətta xalq yazıçı Çingiz Abdulalyevin “Qatıl üçün Qran-pri” əsərinin mükəmməl tərcüməsinə görə müəllif ona xüsusi təşəkkürünü bildirib.

Kompüterdə işləmək bacarığına görə isə nəinki həmyaşıdı olan həmkarları, hətta gənc jurnalistlər də ona həsəd apara bilərlər.  Nəşriyyat işləri və qəzet buraxılışı üçün gərəkli olan bütün proqramlara mükəmməl şəkildə bələddir...

Qaldı, bir ağdamlı olaraq ticarətə münasibətinə... Jurnalistikadan çörək çıxarmağın çox çətin olduğu ötən əsrin doxsanıncı illərində biznesə qoşulmağa cəhd elədi. Amma ticarətdə əli gətirmək heç də hamıya nəsib olmur...

Ən nəhayət, jurnalistikada əsl peşəkarlardan biridir. İstər rəsmi-işgüzar, istərsə də bədii-publisistik üslubun bilicilərindəndir. Redaktorluq istedadı öz yerində, informasiyadan oçerkə qədər ən müxtəlif janrlardakı yazılarını  Əməkdar jurnalist Elşən Əliyevin bənzərsiz və çoxçalarlı yaradıcılığıının bir hissəsi hesab etmək olar. Hələ  üzə çıxarmadığı bədii yaradıcılıq nümunələri, tamamlamadığı namizədlik dissertasiyası da var.

“Hər bir insan yaradıcıdır... Fransız filosof Jan-Pol Sartrın məşhur sözləri ilə desək, insan, ilk növbədə, özünü yaradır və bununla da gələcəyini müəyyənləşdirir”.

Bu sətirlər vaxtilə onun qələmə aldığı bir oçerkdəndir.  Məşhur filosofun sözləri ilə desək, Elşən də özünü yaradıb və gələcək yolunu müəyyənləşdirib. Həmin oçerkdə müəllif  yazır: “...İkimərtəbəli qədim binanın üst qatında “Tarix-diyarşünaslıq muzeyi”, az qala, zirzəmi sayılacaq alt qatında rayon mətbəəsi yerləşirdi. 1978-ci il dekabrın 1-də burada linotipçi (poliqrafiyada “kompüter inqilabı”nın tarixin arxivinə göndərdiyi peşələrdən biri) kimi işə başlayanda mən artıq Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinin birinci kurs tələbəsi idim”.

Düz altı il o, bu mətbəədə işləyib, qəzetçiliyin bütün texniki məsələlərini də dərindən öyrənib. Ali təhsilini başa çatdırandan sonra isə “Lenin yolu” (indiki “Ağdam”) qəzetinin məsul katibi təyin edilib və redaksiyanın əsas ağırlığı onun çiyinlərində olub. Qəzetin maketini çəkmək, tərtibatını verməklə yanaşı,  materialların redaktəsini də ona həvalə ediblər, nömrənin ən əsas materialını yazmağı da... Hətta qəzetin gecikməməsi, işin ləngiməməsi üçün yeri gələndə qollarını çırmayıb poliqrafiya dəzgahının arxasına  keçib.

Ötən əsrin 90-cı illərinin əvvəlində redaksiya ilk partiya təşkilatının gənc rəhbərini göndərişlə Bakıya - Ali Partiya Məktəbinə göndəriblər. Elə həmin vaxtdan  da respublikanın tanınmış qəzetlərində - “Xalq qəzeti”ndə, “Azərbaycan”da, “Respublika”da, “Panorama” da və digər mətbuat orqanlarında  şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışıb.  Harda işləməyindən asılı olmayaraq - istər “Bizim əsr”, istər “Azərbaycan işıqları”, istər “Vətən səsi” olsun - Elşən  qəzetin tərtibatından, dizaynından tutmuş orda dərc olunan materialların məzmununadək hər şeyin peşəkar səviyyədə olmasına çalışıb. Çünki özü peşəkardır, ən adi, ən xırda məsələyə də peşəkarlıqla yanaşır. Şübhəsiz ki, bu, onun ən üstün keyfiyyətlərindən biridir.

Məşhur fizik İsaak Nyuton deyirdi: “Mən böyüklüyüm üçün özümdən əvvəlkilərin çiyninə borcluyam”. Elşən özündə olan və həyatda qazandığı ən yaxşı keyfiyyətlərə görə rəhmətlik valideynlərinə - atası Əli kişiyə, anası Sənubər xanıma borcludur. Valideynləri onu heç vaxt tək övlad kimi ərköyün, qayğısız, yağ-bal içində böyütməyiblər. Elşən də bu dünyada ata-anasına son günə qədər sədaqətlə qulluq edən layiqli övlad olub.

Aldığı bu tərbiyənin nəticəsidir ki, o özü də bu gün vəfalı ömür-gün yoldaşı, ləyaqətli ailə başçısı, qayğıkeş ata, nəvələrini çox sevən babadır – övladlarının bütün  qayğılarını çəkir, nəvələri Əlixanı, Dilşadı və Mehini baba məhəbbəti ilə bağrına basır.

Elşən həm də yaxşı qohum, vəfalı yoldaş, etibarlı dostdur. O, imkanı daxilində hamıya kömək əli uzatmağa, xeyir-şərində iştirak etməyə çalışır. Elə bil bu dünyaya hamıya yardım göstərmək, xeyirxahlıq etmək, təmənnasız və umacaqsız yaşamaq üçün gəlib.

Özünün kifayət qədər qayğıları olsa da, ona kömək üçün üz tutanlara,  tanıdığı və tanımadığı hər kəsə yardım göstərmək Elşənə xas olan alicənab keyfiyyətlərdəndir. Səxavət kisəsi, necə deyərlər, hatəm əli həmişə açıqdır.

Qonaqlıq vermək, qəlbən özünə yaxın bildiyi adamları süfrə arxasına toplamaq da onun sevimli şakəridir. Həmin məclislərdə özü də Azərbaycan kulinariyasının ləziz təamlarını, dünya mətbəxi nümunələrini çox iştahla həzm-rabedən keçirir.

Dostlar arasında bəzən onun “ideya generatoru” adlandırılması heç də təsadüfi deyil. Bir vaxtlar Elşənin beyni, müasir dillə desək, star-tap layihələri ilə dolu olardı. Doğrudur, həmin layihələrin heç də hamısı real həyata vəsiqə ala bilməyib, amma layihə kimi həmişə çox cəlbedici və maraqlı görünürdü. Hətta vaxtilə mərhum həmkarlarımızdan biri  bu layihələrdən birinin cəlbedici və gəlirli olduğuna o qədər ürəkdən inanmışdı ki, səhəri günü onu reallaşdırmaq həvəsi ilə gələndə Elşən bu iş üçün icra hakimiyyətinin qeydiyyatı, lisenziya icazəsi və digər hüquqi prosedurlar tələb olunduğunu deyəndə dünəndən xam xəyallara yaşadığı üçün özünü əməlli-başlı qınamışdı.


Tale iki dəfə onu sağlamlıq sınağına da çəkib.

2004-cü ilin yazında keçirdiyi kəskin pankreatiddən həkimlərin səyi, özünün iradəsi sayəsində sağ-salamat qurtula bilib.  Ötən ilin noyabrında isə Saraydakı modul tipli xəstəxanada koronovirusla mübarizədən qalib çıxıb.  Bu barədə özü ictimaiyyətə belə məlumat verib: “Hamı kimi, Vətən müharibəsində qələbəmizdən hədsiz sevinc və qürur hissi duyduğum günlərdə, qəfildən, gözəgörümməz düşmənin - COVID-19-un caynağına keçdiyim məlum oldu. Əvvəlcədən deyim, buna görə özümü çox qınayıram. Görünür ki, hardasa, biganəliyə yol vermişəm, özümü tam etibarlı şəkildə qoruya bilməmişəm. Müharibə vəziyyətində olan dövlətimin "yük"ünü artırdığıma görə təəssüf edirəm”.

... Məktəbli vaxtı məşhur “Qarabağ bülbülləri” ansamblının tərkibində tar çaldığını, hətta bir neçə mötəbər konsertdə iştirak etdiyini həyatının ən şirin xatirələrindən biri kimi  xatırlayır.  Üstündən illər keçsə də, çox vaxt maşında gəzdirdiyi tarı çıxarıb hərdən sinəsinə sıxır. Çox şirin də barmaqları var.  Öz zəif damarını bildiyinə və son vaxtlar hər yerindən duranın efirə çıxdığına görə  evdə uşaqlarına bərk-bərk tapşırıb ki, birdən qocalanda ağlım çaşar, tarı qoltuğuma vurub efirə çıxaram,  qoymayın...

Həqiqətən, çox maraqlı, ən çətin və kritik anlarda belə yumor hissini itirməyən, yaradıcılıq qabiliyyəti aşıb-daşan və hər kəsdə olmayan çox üstün keyfiyyətlərə malik bir adamdır. Yeri gələndə, hətta meyxana yaradıcılığına da baş vurur və heç də pis alınmır.

Bizi ötən əsrin 80-ci illərindən bəri davam edən uzun illik bir münasibət birləşdirir.  Mən onların Ağdamın Seyidli kəndində, Kötəl çayın sahilindəki evlərində olmuşam, o bizim Füzulidə, Qozluçayın sahillərindəki evimizdə gecələyib. İndi də o yerlərə, ömrün arxada qalan illərinə dönmək arzusu ilə alışıb yanırıq.

Amma  hər işdə məndən ən azı bir addım qabaqda olub - məndən bir il əvvəl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub...

Əvvəl o hərbi xidmətə gedib,  bir il sonra mən...

Əvvəl o Ali Partiya Məktəbində müdavim qəbul olunub,  bir il sonra mən.

Əvvəl o, rayondan Bakıya gəlib, bir il sonra mən.

Beləcə, neçə illərdir ki, dalınca dabanqırma gedirəm, hələ də çata bilmirəm.

Altmış yaşa da  yenə məndən əvvəl o çatdı.

Baba Vəziroğlu demiş, əgər rəqəmlərin artmağı heç nəyə xələl gətirmirsə, qoy artsın.

Altmışım arxada qalıb haçandı,
Haçandı gözümün yuxusu yoxdur.
Ömrün şirinliyi altmışacandı,
Altmışdan o yana qorxusu yoxdur.

22.01.2021 18:22:00
Oxuma sayı: 9389