Atəşkəs, yoxa davamlı sülh: bunların hansı olacaq?
Ölçü:

“Azərbaycan iki səbəbdən daha üstün mövqedədir. Birincisi, onun Türkiyə tərəfindən dəstəklənən daha böyük bir ordusu var. Rusiya isə Ermənistanı əvvəlkindən daha az dəstəkləyir. Ermənilər rusların çox tez bir zamanda onların tərəfində olacağını gözləyirdilər. Bu, baş vermədi. Moskva bunun əvəzinə fransalılar və amerikalılarla birlikdə atəşkəsə çağırdı. Beləliklə, hazırki şəraitdə müharibə meydanında Ermənistan daha zəif vəziyyətdədir”.

Koordinat.az xəbər verir ki, bunu “Amerikanın səsi”nə müsahibəsində ABŞ-ın keçmiş Sovet İttifaqı məsələləri üzrə sabiq müşaviri, tanınmış ekspert Pol Qobl bildirib. Ekspert münaqişənin hələ bir müddət davam edəcəyini düşünür. Onun sözlərinə görə, hazırda döyüşlərin dayanması üçün hərəkət yoxdur: “Azərbaycan döyüş meydanında diqqətəlayiq bir irəliləyiş əldə edib və yaxın günlərdə bunun daha da çox olacağını gözləyərəm. Maraqlı sual budur ki, Azərbaycan qüvvələrinin uğurları Rusiyanın hazırkı neytral mövqeyini dəyişib Ermənistan tərəfinə keçəcəyi qədər olacaqmı? Çünki mənim tamamilə əmin olduğum və 91-ci ildən dəyişməyən bir şey var: ruslar heç bir tərəfin qalib gəlməsini istəmirlər. Onlar manipulyasiya edə bilmələri üçün münaqişənin davam etdiyinə əmin olmaq istəyirlər. Beləliklə, Azərbaycan qələbəyə bənzər bir uğura çox yaxınlaşsa, ruslar müdaxilə edə bilər. Lakin onlar indi bunu etməkdən çəkinirlər, çünki ilk növbədə, uduza bilərlər. Ermənistandakı hərbi bazasını təmin etmək getdikcə çətinləşir. Açığını deyim ki, Azərbaycan qüvvələri özünü hamının gözlədiyindən daha yaxşı nümayiş etdirdi”.

P.Qobl Minsk Qrupunu hələ də çoxlu danışıqlar aparmasından məyus olduğunu deyir. Ekspert qeyd edir ki, Türkiyənin Bakını dəstəkləməkdə daha sərt mövqe tutması onun üçün bir qədər gözlənilməz olub: “Aydındır ki, Türkiyə imkanların olduğunu hiss edir. İranın da sakit qalması məni təəccübləndirir. İranlılar da ruslar kimi heç bir tərəfin qalib gəlməsini istəmir. Onlar İrandakı azərbaycanlıların bundan cəsarət almaması üçün Bakının işlərinin çox yaxşı getməməsini istəyirlər. Amma Ermənistanın da qalib gəlməsini istəmirlər, çünki bu baş versə, İranın daxilində türk xalqları arasında buna reaksiya sərt ola bilər”.

Amerikalı ekspert vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi şücaəti ona təsir edib: “Vəziyyət göstərir ki, onlar işin öhdəsindən yaxşı gəlirlər. Bu, yaxşı təlimin nəticəsidir. Fikrimcə, bunu başa düşmək vacibdir ki, heyrət doğuran müasir hərbi avadanlıq deyil, onların keçdikləri təlimdir. Tərəflər arasında silahlanma fərqləri bəzi hərbi münaqişələrdə olduğu kimi o qədər də böyük deyil. Lakin tamamilə aydındır ki, Azərbaycan qüvvələri daha peşəkardır”.

Münaqişədə Rusiyanın tutduğu mövqeni təhlil edən Pol Qobl Putinin heç bir tərəfin qalib gəlməsini istəmədiyini bildirib: “Putin bir tərəfidən maraqlarına uyğun olaraq münaqişənin davam etdiyinə əmin olmaq istəyir. Fikrimcə, o hazırkı Ermənistan hökumətinin bir qədər uduzmasını istəyir, çünki Paşinyan hökuməti Moskvanın mövqeyinə daha az rəğbət bəsləyir. Lakin işlərin çox dərinə getməsini də istəmir, çünki bu baş versə, Moskva həm Yerevanda, həm də Bakıda olan təsir gücünü itirə bilər”.

Ekspertin sözlərinə görə,  Putin narahatdır ki, türklər prosesdən açıq şəkildə kənarlaşdırılmasın. Çünki türklər bu məsələdə olduqca vacib əhəmiyyətə malikdir. "Onlar boğazları bağlaya, Qara dənizdə problem yarada bilərlər. Türkiyə ərazisindən keçən Şərq-Qərb boru kəmərlərini bağlamaq iqtidarındadırlar. Buna görə də Putin çox ehtiyatlı, dediyim kimi, tərəflərin heç birinin qalib gəlməməsini təmin etmək üçün uzun müddətə hazırlanmış bir rol oynayır”.

Qərbin tutduğu mövqeyə gəlincə, P.Qobl hesab edir ki, onlar hələ də iki tərəfdən birini tamamilə dəstəkləməyə hazır deyillər: “Milli sərhədlərin heç bir əhəmiyyəti olmadığını, öz müqəddəratını təyin etmənin daha yüksək səviyyədə olduğunu demək istəmirlər. Lakin bunun tam əksini də deməyə hazır deyillər. Hazırda masa üzərində nizamlanma ilə bağlı nəyinsə olduğunu düşünmürəm. Fikrimcə, insanlar başqa bir atəşkəs istəyir. Lakin atəşkəs sülh deyil. Atəşkəs döyüşlərin sonudur. Sülh isə iki tərəfin, ya tərəflərdən birinin hərbi baxımdan böyük üstünlüklə qalib gəldiyi üçün, ya da hər iki tərəfin istədikləri şeyi aldıqlarını hiss edərək nəsə dəyişə bildikləri üçün razılaşa bilməsidir. Mən 30 il əvvəl Ermənistanla Azərbaycanın masadan qələbə ilə qalxmasına imkan verməyin yollarından biri kimi ərazi mübadiləsi təklifini etmişdim. İndi bunun real olduğunu düşünmürəm. Azərbaycan bütünlüklə Qarabağa və onun ətrafındakı ərazilərə nəzarət etmək üçün çox çalışmalıdır. Ermənistanı Şərq-Qərb, Şimal-Cənub tranzit yollarına və iqtisadi əməkdaşlığa elə bir şəkildə inteqrasiya etdirməlidir ki, Ermənistan hökuməti bunun Xankəndində bayrağını saxlamaqdan daha vacib olduğuna qərar versin. Hesab edirəm ki, bunu etmək çox çətin olacaq. Lakin bu baş verməsə, bu münaqişə ilə on illər yaşayacağıq” (“AzPolitika.info”

08.10.2020 18:09:00
Oxuma sayı: 29619