Dünyanı heyrətləndirən musiqi... video-konfransda təqdimat
Ölçü:

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə maliyyə dəstəyi ilə  “Dünyanı heyrətləndirən musiqi” adlı layihə həyata keçirib. 

Bu barədə Koordinat.az-a “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva məlumat verib. O, bildirib ki, müasir Azərbaycan peşəkar musiqi məktəbinin əsasını qoymuş dahi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyinə həsr olunmuş layihə Azərbaycan Milli Konservatoriyası, Azərbaycan-Amerika Musiqi Fondu və Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurasının tərəfdaşlığı ilə reallaşdırılıb.
Layihə çərçivəsində Üzeyir Hacıbəyli yaradıcılığından seçmələr həm amerikalı, həm də azərbaycanlı  musiqiçilər tərəfindən ifa edilərək video lentə alınıb. Dahi bəstəkarın doğum günündə - sentyabrın 18-də layihənin video-konfrans şəklində təqdimatı keçirilib.

Təqdimatda əvvəlcə Azərbaycan Milli Konservatoriyasının tələbə xorunun ifasında Üzeyir bəyin 1996-cı ildə  Azərbaycan Respublikasının Dövlət himni kimi qəbul olunan «Azərbaycan marşı» səsləndirilib. İfaçıları Amerikalı pianoçu Krista Miller müşaiyət edib.

Bəstəkarın “Leyli və Məcnun” operasından parçanı muğam ifaçısı, beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli və  Sədəf  Budaqova tarzən Toğrul Orucovun və kamança ustası Maşallah İsgəndərovun müşayəti ilə ifa ediblər.
«Sevgili canan» romansını ABŞ-dakı Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurasının dəstəyi ilə soprano Marina Şinko və pianoçu Frənk  Konlon, «Arşın mal alan»dan Vəli ilə Tellinin duetini  Azərbaycan-Amerika Musiqi Fondunun təşkilatçılığı ilə  Sezar Velez (tenor), Ariel Hernandez (soprano) və Cəmilə Cavadova  Spitzberq (piano) səsləndiriblər.

Dahi bəstəkarın "Aşıqsayağı"  musiqi nömrəsini Azərbaycan-Amerika Musiqi Fondunun təşkilatçılığı ilə Aleksandr Snytkin (skripka),  Andrey Ponoçevny (piano) və Oliver Şlafferdən (violonçel),  «O olmasın, bu olsun» musiqili komediyasından “Sərvərin ariyası”nı Emin Zeynallı, “Sənsiz” romansını Nyu Yorkda yaşayan həmvətənimiz, pianoçu professor və  Milli Musiqi Qlobal Mədəniyyət Cəmiyyətinin (Natıonal Musıc & Global Culture Society) yaradıcısı Nərgiz Əliyarova və kontr-Tenor İlham Nəzərov, “Cəngi" rəqs musiqisini Doqni Şiye, “Koroğlu”operasından “Çənlibel” xorunu Azərbaycan Milli Konservatoriyasının tələbə xoru ifa edib. Tələbə xorunun rəhbəri Təranə Yusifovadır.

Musiqili proqramda rəssam Nərminə Vəliyevanın bəstəkarın personajlarına çəkdiyi illüstrasiyalar nümayiş olunub. 

Video-konfransda Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurasının təsisçisi Şato Qardetski, Azərbaycan-Amerika Musiqi Fondunun  direktoru Cəmilə Cavadova-Spitzberq və Konservatoriyanın Tələbə xorunun rəhbəri Təranə Yusifova bəstəkarın yaradıcılığı haqqında danışıblar.
Tədbirin sonunda layihənin rəhbəri, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva layihəyni maliyyələşdirmiş sponsor təşkilatlara, azərbaycanlı və amerikalı tərəfdaşlara və musiqiçilərə layihənin gerçəkləşməsi üçün göstərdikləri böyük dəstəyə görə dərin minnətdarlığını bildirib.

21.09.2020 12:59:00
Oxuma sayı: 16372