Nazirlik İqbal Ağazadənin suallarına cavab verə bilmir - tezlik qalmaqalı böyüyür
Ölçü:

Ümid Partiyasının sədri İqbal Ağazadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə haqqında ağır ittiham irəli sürüb. Onun sözlərinə görə, Azərbaycan ərazisindəki 134 tezliyi Ermənistana verilib.

Koordinat.az xəbər verir ki, İqbal Ağazadə bununla bağlı nazirliyə ünvanladığı sorğuya hələ də cavab almadığını deyib: "Ölkənin 134 tezliyinin Ermənistan tərəfinə verilməsi ilə bağlı Nəqliyyət, Rabitə və Yüksək Texnologiyalar nazirliyinə müraciət etmişəm, lakin, bu günə qədər müraciətimə cavab verən olmayıb. Burdan nazir Ramin Quluzadəyə bir daha müraciət edirəm, əgər o, qarşıdakı 10 gün ərzində də sussa, bütün sənədlərin hamısını ortaya qoyacağam".

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, İqbal Ağazadənin ünvanladığı sorğuya bir neçə dəfə cavab verilib. Sorğunun cavabında deyilir: “Azərbaycanın müvafiq radio yayım stansiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) qeydiyyata alınması Ermənistan tərəfinin etirazlarına baxmayaraq təmin edilib. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkəmizin radio yayım stansiyalarının maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə onların beynəlxalq qeydiyyatı üçün müvafiq tədbirlər görülüb. BTİ-nin rəhbər şəxsləri, eyni zamanda mütəxəssislərinin iştirakı ilə Cenevrədə 2019-cu ildən başlayaraq müxtəlif vaxtlarda müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycanın qeydiyyat üçün Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim etdiyi FM radio yayım stansiyalarının Ermənistanın yayım stansiyalarına hər hansı maneə təsirinin olmadığı texniki hesabatlarla BTİ-nin mütəxəssislərinə və qarşı tərəfə sübut olunub. Nəticədə Ermənistan tərəfindən edilmiş əsassız etirazlar geri götürülüb və Azərbaycanın qeyd olunan radio yayım stansiyalarının BTİ-də qeydiyyata alınması təmin edilib”.

Nazirlikdən bildirilib ki, son illər ərzində Azərbaycanın radio yayım stansiyalarının maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə onların beynəlxalq qeydiyyatı üçün Beynəlxalq Telekommunikasiya İttifaqına tərəfimizdən edilmiş müraciətlərə Ermənistan Rabitə Administrasiyası tərəfindən əsassız etiraz edilirdi: “Ermənistan Rabitə Administrasiyasının bu əsassız etirazları ölkəmizin radio yayım stansiyalarının BTİ-də qeydiyyata alınmamasına, bununla da Azərbaycan tərəfinin fəaliyyətinə maneə təsirlərinin yaranmasına səbəb olurdu. Bir məqamı heç kəs unutmasın ki, Dağlıq Qarabağdakı qeydiyyatda olan bütün radiostansiyalar Beynəlxalq Telekommunikasiya İttifaqında Azərbaycanın adındadır və bu stansiyalar müzakirə mövzusu ola bilməz. Biz müzakirələr nəticəsində Tovuz, Qazax, Naxçıvan və respublikanın digər ərazilərindəki radiostansiyalarımıza maneələrin yaranmaması üçün onların beynəlxalq qeydiyyatını apardıq. Qeyd edək ki, BTİ BMT-nin qurumudur və Azərbaycanın ərazi bütövlüyü birmənalı qəbul olunduğu üçün ərazilərimiz daxilindəki heç bir stansiya ermənilərin adı altında qeyd oluna bilməz və bunu biz mütəmadi izləyirik”.

İqbal Ağazadə isə bu cavabın qanedici olmadığını, nazirliyin məsələni əsaslandırmadığını deyib. O qeyd edib ki, Azərbaycanın ərazisində olan tezlikdən ölkənin icazəsi olmadan heç bir dövlət istifadə edə bilməz: “Cavabda deyilənlər olduqca absurddur. Azərbaycanın ərazi məkanından Rusiya bu gün icazəsiz telekanal yayımlaya bilərmi? Biz vaxtilə hətta Türkiyə və Rusiyanın telekanallarının Azərbaycanda yayımlanmasının qarşısını aldıq. Bəs, Ermənistan icazəmiz olmadan necə bizim tezliklərdən istifadə edə bilər? Hansı Beyəlxalq müqaviləyə görə? Mən yenə qeyd edirəm, Azərbaycan tərəfindən razılıq verilməsə, heç bir ölkə bizim tezliklərdən istifadə edə bilməz. Azərbaycan tərəfi də Ermənistana bu icazəni verib. Mən də nazir Ramin Quluzadədən soruşuram, niyə?! Mənim gözlədiyim cavab bu deyil”.

İ. Ağazadə xüsusi olaraq vurğulayıb ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi qaydada Ermənistana bizim tezliklərdən istifadə hüququ verib: “Azərbaycanın izni olmadan bizim ərazidə Rusiya, Türkiyə telekanalları yayımlana bilmir. Həmçinin, Azərbaycan ərazisindəki tezliklərdən icazə hüququ verilmədən Rusiya, Türkiyə istifadə edə bilmir.Çünki bura Azərbaycan ərazisidir, icazə mütləqdir. Mənim nazir Ramin Quluzadəyə sorğum məhz budur: Necə olur ki, icazə verilmədən Azərbaycan ərazisindəki tezlikdən Ermənistan istifadə edə bilir? Beynəlxalq normalara görə, tezliklər yalnız həmin ölkənin icazəsi ilə başqa dövlətdə yayımlana bilər. Niyə, Azərbaycan bu icazəni Ermənistana verib?”
09.09.2020 15:53:00
Oxuma sayı: 31690