Ləğv olunan bankların əmanətçilərinə 100 milyon manat kompensasiya ödənilib
Ölçü:


Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 8,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 29 iyun 2020-ci il tarixinə “Kapital Bank” ASC və Azərbaycan Beynəlxalq Bankı ASC vasitəsilə 100,4 mln. manat kompensasiya ödəyib.

Fonddan Koordinat.az-a verilən məlumata görə, ləğv prosesində olan “Atabank” və “Amrahbank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank”ın adlı debet kartları və “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada Azərbaycan Beynəlxalq Bankın adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Qeyd olunur ki, “Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

29.06.2020 17:55:00
Oxuma sayı: 16988