SOCAR-ın 414,2 milyonluq binası ətrafında spekulyasiya - yalan məlumatlar yayılır
Ölçü:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bakıdakı yeni binası bir neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusudur.

Koordinat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda SOCAR-ın binasına çəkilən xərclər Dubaydakı "Dynamic Tower" binası müqayisə edilir. Bildirilir ki, SOCAR-ın 42 mərtəbəli binasının tikintisinə 414 milyon 237 min 659 manat, Dubaydakı "Dynamic Tower"ə isə cəmi 30 milyon dollar xərclənib.

Əslində isə Dubaydakı "Dynamic Tower"ə çəkilən xərclər barədə söylənilənlər həqiqəti əks etdirmir. Belə ki, "Dynamic Tower"in tikintisinə indiyədək 700 milyon dollardan çox pul xərclənib. Üstəlik bina hələ tam hazır deyil, hazır olması üçün bundan sonra daha 200 milyon dollar xərclənəcək. Binada ən bahalı mənzilin qiyməti isə 30 milyon dollardır.

SOCAR-ın yeni inzibati binası olan "SOCAR Tower"in isə tikintisi 414 mln. 237,659 min dollara başa gəlib. Burada tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən 5 il ərzində ərsəyə gəlib. "SOCAR Tower" beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.

Göründüyü kimi, SOCAR-ın 414,2 milyon dollarlıq binası ətrafında yayılan məlumatlar doğru deyil və Dubaydakı "Dynamic Tower"ə çəkilən xərclər bilərəkdən təhrif olunur. Belə ki, "Dynamic Tower"də bir mənzilin qiyməti bütöv binanın tikintisinə çəkilən xərc kimi təqdim olunur.

Qeyd edək ki, SOCAR-ın yeni binası Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "külək-alov" konsepsiyası əsasında inşa olunur. 2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında Türkiyənin"TEKFEN İnşaat və Təchizat" şirkəti qalib gəlib və həmin şirkətlə SOCAR arasında müqavilə imzalanıb.

Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini "Heerim" şirkəti həyata keçirilib. Layihə ilkin olaraq 235,4 milyon ABŞ dolları məbləğində dəyərləndirilib. 200 metr hündürlüyündə olacaq ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edib. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək.

Binanın yeraltı mərtəbəsində 1045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaq. İkinci mərtəbə fitnes mərkəzi, 3-6-cı və 18-37-ci mərtəbələr şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulub. Binanın fasadının ümumi sahəsi 27 min kvadrat metr, zirzəminin sahəsi təxminən 52 min kvadrat metr, ofis hissəsinin sahəsi isə 40,5 min kvadrat metrdir. Layihənin sahəsi 100 min kvadrat metrdən artıqdır.
23.05.2020 11:21:00
Oxuma sayı: 15935