Partiya sədrindən prezidentə müraciət: "Müdafiə Nazirliyini mənə verin, torpaqları 6 aya azad edim"
Ölçü:

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Qarabağla bağlı ölkə başçısı İlham Əliyevə müraciət sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Koordinat.az xəbər verir ki, VİP sədri ölkə başçısına müraciətində onu Müdafiə naziri təyin edəcəyi təqdirdə 6 aya Qarabağı işğaldan azad edəcəyini bildirib: "“Ali Baş Komandana müraciət edirəm: Müdafiə Nazirliyini mənə verin. 6 aya mən o erməniləri basıb oradan çıxarmasam, atamın oğlu deyiləm. Güllə vurub başıma özümü öldürərəm. Verin mənə Müdafiə Nazirliyini, 6 aydan sonra sizi Şuşaya aparacağam...”.

Əli Əliyevin bu müraciətini ciddi sayanlarla yanaşı tənqid edənlər də var. Hətta onunla keçmiş müdafiə naziri Rəhim Qazıyev arasında paralellər aparılır və VİP sədrinin müraciətinə ironik yanaşma sərgilənir. O, "Yenisabah"a açıqlamasında müraciətində səmimi olduğunu, elə bu baxımdan da fikirlərini publik şəkildə bəyan etdiyini deyib:  “Müdafiə naziri postu Azərbaycan Respublikasına məxsus olan dövlət vəzifəsidir. O dövlət vəzifəsində həddi buluğa çatmış istənilən vətəndaşımız yer ala bilər. Eyni zamanda Azərbaycanda bütün dövlət postları, bu istər seçkili, istərsə də təyinatlı vəzifələr olsun, heç kimin adına yazılmayıb. Heç yerdə yazılmayıb ki, Zakir Həsənov ömrünün sonuna qədər dövlət postunda oturmalıdır.

Müdafiə naziri postu hərbi deyil, siyasi postdur. Orada siyasətçi oturmalıdır. Baş qərargah rəisi hərbçi olmalıdır. Bizdə elə bilirlər ki, Müdafiə naziri postunda mütləq hərbçi olmalıdır. Qətiyyən belə deyil. İnkişaf etmiş ölkələrin əksəriyyətnidə Müdafiə naziri mülki şəxsdir.

Digər tərəfdən, Müdafiə naziri postunda hərbçilərin oturmasını 1993-1994-dən görürük. Heç bir nəticə verməyib. Deməli, burada yenilik, dəyişiklik etmək lazımdır. Mən də Azərbaycan Prezidentinə, Ali Baş Komandana Azərbaycan qanunvericiliyinin imkan verdiyi şərtlər daxilində milli maraqlarımız çərçivəsində təklif vermişəm, ictimai öhdəlik götürmüşəm. Mən siyasətçiyəm və bütün normal siyasətçilər kimi əhalinin ictimai nüfuzunu qazanmaq uğrunda mübarizə aparıram.

Bu gün Azərbaycan xalqının mütləq əksəriyyəti torpaqların geri qayıtmasını istəyir. Bunu istəməyənlər inanmıram ki, azərbaycanlı olsunlar.

Dərk edirəm ki, bu öhdəliyi yerinə yetirə bilməməyim siyasi karyeramın sonu demək olacaq. Əgər mən nüfuzumu torpağın alınması uğrunda masanın üzrəinə yatırıramsa, deməli, dediyim sözün çəkisini bilirəm”.

Əli Əliyev qeyd edib ki, Qarabağı işğaldan azad etdikdən sonra İlham Əliyevin hətta əbədi prezident olmağına dəstək verəcək: “Prezidentə də müraciətimdə bildirmişəm ki, torpaqları azad etdikdən sonra Azərbaycan Konstitusiyanın dəyişdirilməsi, İlham Əliyevin ölkədə daimi prezident olması prosesinə özüm rəhbərlik edəcəm. Mən bunu da ictimai öhdəlik kimi götürmüşəm. Bu hakimiyyətə vəzifə lazımdır, mənə torpaq”.

VİP sədrinin sözlərinə görə, Azərbaycan bu gün Şuşada keçirilən “andiçmə tədbiri” ilə bağlı qəti addımlar atmayacağı təqdirdə Milli Məclisin buraxılması məsələsini qaldıaracaq. “Bu parlamentin 2/3-si Cəbrayıldakı körpünün tikintisinə səs verən adamlardır. Bunlara gəlib desələr ki, deputat olursunuz səs verin Azərbaycanı müstəmləkəyə çevirək, onu da edərlər. Buna şübhəm yoxdur.

Əgər dediklərimdə qeyri-adi, milli maraqlara zidd nəsə varsa, desinlər bilək. Hansı vicdanı olan azərbaycanlı istəyər ki, torpaqlarımız işğalda qalsın. Hansı vicdanlı azərbaycanlı istəyər ki, Paşinyan Zakir Həsənova barmaq silkələsin. Paşinyan kim olursa-olsun Zakir Həsənovun kəsik dırnağını ona qurban vermərəm. O, Zakir Həsənova barmaq silkələyir. Mən də nə demişəm, demişəm ki, at da, bir raket at, sonra bir zabiti həbs elə də”, - deyə Əli Əliyev vurğulayıb.

Partiya sədri əlavə edib ki, Bakı bu gün Şuşada keçirilməsi nəzərdə tutulan “tədbir”lə bağlı müəyyən addımlar atsa da, bu kifayət deyil: “Xarici İşlər Nazirliyi adətən belə tədbirlərdən sonra bəyanat yayırdı. Bu dəfə dünəndən yayıblar. Həmçinin güc strukturlarının əməkdaşları sərhəd bölgələrində olublar və bunu media vasitəsiə tirajlayıblar. Bu o deməkdir ki, cavab verə bilərik. Lakin bu addımlar kifayət deyil. Bu gün o vertolyot vurulmalıdır!”

21.05.2020 15:47:00
Oxuma sayı: 35610