"İrandan Cəbrayıla çəkilən körpülər Azərbaycanın razılığı ilə tikilib - Xələf Xəlov təsdiqlədi
Ölçü:


Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov Araz çayı üzərində Xudafərin və Qız qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə bağlı sualları cavablandırıb.

Koordinat.az xəbər verir ki, nazir müavin Azərbaycan hökumətinin İrandan işğal zonasındakı Cəbrayıl rayonu ərazisinə körpü tikintisinə razılıq verdiyi barədə məlumatları təqdiqləyib. O, qeyd edib ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş 23 fevral 2016-cı il tarixində imzalanıb: "Sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləridir. Bu Saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır. Həmin prinsiplərdən çıxış edərək, Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanmışdır. Həmçinin, Sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir".

Nazir müavini deyib ki, körpülərin tikilməsinə  Sazişə uyğun olaraq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır: "İran İslam Respublikasının Səfirliyinin bildirdiyi kimi, bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul edir. Bu, hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik olan sözügedən Sazişdə öz əksini tapıb.  İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək, inanırıq ki, bu körpülər məhz “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir".
06.05.2020 17:29:00
Oxuma sayı: 13909