Əməkdar müəllim yeni orfoqrafiya "qaydaları"na etiraz etdi: "Səhvdir, əsassızdır, mənasızdır"
Hüseyn ŞAHBƏNDƏYEV,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri, Əməkdar müəllim
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri, Əməkdar müəllim
Dil xalqın varlığını təsdiq edən əsas amillərdən biridir. Dilin qoruyucusu məhz xalqın özüdür. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən yeni orfoqrafiya qaydalarının təklif olunmasını zamanın tələbi, müstəqil Azərbaycanın iqtisadi və mədəni inkişafından irəli gələn zərurət hesab edirəm. Çünki dil cəmiyyətlə ahəngdar inkişaf edir. Odur ki, dilin əsaslarına toxunmadan bir əsrdə 3-4 dəfə orfoqrafiya lüğətini yeniləşdirməyi düzgün hesab edirəm.
Hazırda istifadə etdiyimiz 2013-cü ildə nəşr olunmuş orfoqrafiya lüğətinə bir çox qondarma və anlaşılmaz sözlərin salınması həmin lüğətin sanbalına və nüfuzuna mənfi təsir edib. Məncə, yeni, daha mükəmməl lüğət tərtib etmək üçün mövcud qaydaları dəyişmək yox, lüğəti təkmilləşdirmək daha vacibdir. Maddələrin sayını süni surətdə artırmaq çaşqınlıq yaratmağa gətirib çıxara bilər.
Layihədəki ziddiyyətlər yeni lüğətin də uğurlu bir mənbə olacağını şübhə altına alır. Bəzi razılaşmadığım fikirləri bildirmək istəyirəm:
22-ci maddə. Əsgər-əskər, əsginas-əskinas, İsgəndər-İskəndər, isgənə-iskənə əvəzlənməsinin elmi və ümumxalq əhəmiyyəti yoxdur. Hamı həmin sözləri tərkibində g samit ilə tələffüz edir... “Mənşə dildə belədir”,- fikri də əsassızdır.
29-cu maddə səhvdir, elmi düzəliş edilməlidir: Bildiyimiz kimi, söz ortasında qoşa qq-[k’q] kimi tələffüz olunur. Ancaq layihədə yazılıb: “Hecalarından biri q samiti ilə bitib, sonrakı hecasının ilk samiti [k’] kimi səslənən sözlər qoşa qq samiti ilə yazılır: diqqət, doqquz, saqqal və s.”.
37-ci maddə. Əvvəlki qaydalardakı ziddiyyətlər üzündən vahidlik prinsipinə əməl olunmaması bir çox sözlərin yazılışında çətinliklər yaratmışdır. Zənnimcə, şəkilçilərində qoşa yy samiti olan sözlər vahid bir qaydada -yy ilə yazılmalıdır. Buradakı -iyyat, -iyat (ədəbiyat, riyaziyat və s.) əvəzlənməsi də mənasızdır.
43-cü maddənin d bəndində alğı-satqı sözünün yazılışı elmi cəhətdən düzgün olsa da, dilimizin ahəngi və səs məxrəci sayəsində dəyişikliyə məruz qalacaq, alğı-satğı şəklinə düşəcək. Odur ki, bu sözü də alqı-satqı şəklində, indi işləndiyi kimi saxlamaq yaxşı olar.
Ümumiyyətlə, sayca çox qaydalar tərtib etmək əvəzinə, lüğəti yersiz və anlaşılmaz sözlərdən təmizləmək daha yaxşı olar.
Komissiyada işləyən alimlərimizə Qaydalara bir daha baxmaqla olduqca mükəmməl, işlək orfoqrafiya lüğətinin yaradılmasında uğurlar arzulayıram.
20.01.2018 22:04:21
Oxuma sayı: 70776