Xanımı Teymur Rəcəbov haqqında: "Şahmat və ev həyatı tamam fərqlidir"
Ölçü:


İyirmi dörd yaşında ailə quran şahmat üzrə Dünya Kubokunun sahibi Teymur Rəcəbov niyə tez evlənməyinin səbəbini mediaya belə açıqlayıb: "Çoxları soruşur ki, 24 yaşında evlənmək karyerama mane olmadı ki? Karyeram mənim üçün önəmlidir. Amma sənin yarın olacaq birini tapıb, onu həyatına daxil etmək istəyəndə yaş haqqında düşünmürsən".

Koordinat.az xatırladır ki, xanımı Elnarə Rəcəbova bir neçə il əvvəl müsahibəsində həyat yoldaşı ilə necə tanış olmaları barədə xatirələrini bölüşmüşdü: "Teymurla bir futbol matçında tanış olduq. Mən futbol azarkeşiyəm və ona görə də atamla stadionlara getməyim elə də təsadüfi sayılmamalıdır. Həmin matçda bizi sadəcə olaraq bir-birimizlə tanış etdilər. Ondan sonra görüşmədik və mən Londona qayıtdım. Bu hadisənin üzərindən xeyli vaxt keçdi. Ancaq Teymur məni axtarıb tapdı və sosial şəbəkələrin birindən mənə yazmağa başladı. Bu da məni çox sevindirdi. Açığını deyim ki, Teymurla tanışlığa qədər mən evlilik, ailə həyatı barədə heç fikirləşmirdim də. Bütün bunlar mənə uzaq görünürdü. Onunla ilk yazışmağımız, evlənməyimiz və qızımızın dünyaya gəlməsi hamısı özlüyündən baş verdi. O, çox təmkinli bir insandır. Heç vaxt evə neqativ enerji vermir. Əslində şahmat və ev həyatı tamam fərqlidir. İdmanda o, çox sərtdir. Ancaq evdə belə deyil. Teymur çox güclü şəxsiyyətdir və evi ilə şahmat həyatı arasındakı balansı qoruya bilir. Çox diqqətcildir, xeyirxahdır və qayğıkeş atadır. Onunla yaşamaq mənə çox rahatdır. Buna görə də biz bir yerdəyik".

Xatırladaq ki, Teymur Rəcəbov 12 mart 1987-ci ildə Bakı şəhərində yəhudi əsilli ailədə anadan olub. Atası Boris Şeynin dünyaca məşhur Harri Kasparovla eyni şahmat məktəbində təhsil alıb. İndi o, neft-qaz mühəndi, anası Leyla Şeynin isə ingilis dili müəllimidir. Teymur Rəcəbov atasının məşqçiliyi ilə 3 yaşında şahmat oynamağı öyrənib. Bakıdakı 160 nömrəli orta məktəbdə oxuyub. 2011-ci ilin oktyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə Nəsirova ilə ailə həyatı qurub, 2013-cü ildə bu nikahdan qız övladı dünyaya gəlib.

Teymur Rəcəbov 2019-cu ilin oktyabrından etibarən reytinqinə görə Azərbaycan şahmatçıları arasında 2-ci, dünya səviyyəsində 9-cu şahmatçıdır.
06.10.2019 10:13:00
Oxuma sayı: 41656