Vergi sistemində institusional dəyişikliklər aparılacaq
Ölçü:


Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Koordinat.az-a verilən məlumata görə, strukturun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır.

Bununla əlaqədar olaraq, vergilər naziri Mikayıl Cabbarovun müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirlyin sərəncamına götürülüb ki, onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, ölkə rəhbərliyinin göstərişlərinə uyğun olaraq başlanan islahatlar davam etdirilməlidir: “Vergi sistemində istər struktur, istər kadr dəyişikliyi gözləniləndir. Ümumilikdə sistemin təkmilləşdirilməsinə çox böyük ehtiyac var. Azərbaycanda vergi sistemi kiçik və orta sahibkarlığın inkişafına təkan verən amillərdən biridir. Ona görə də bu sahədə şəffaflığın təmin edilməsi üçün kadr dəyişikliyi, təkmilləşdirmə, ixtisarlar olacaq. Sahibkarlarla vergi sistemindəki baryerlər, sədlər götürülməlidir ki, iqtisadiyyat daha da şaxələnsin”.

V.Əhmədov bildirib ki, yeni nazirin 64 vergi xidməti işçisini vəzifəsindən kənarlaşdırması bu sahənin təkmilləşdirilməsinə, müasirləşdirilməsinə və şaffalaşdırılmasına xidmət edəcək: “Əsas da sahibkarlığın inkişafına mane olanların kənarlaşdırılmasıdır. Ola bilər ki, hazırda boş qalan vəzifələr o qədər əhəmiyyət kəsb etmir, yaxud da əksinə, məhz bu sahənin inkişafına mane olanlardır. Ümumiyyətlə, vergi sistemi çox ağır olmasına baxmayaraq, nazirlikdə ştatın sayı da həddindən artıqdır. Ona görə də təkmilləşmə getməlidir”.

Deputat, Mikayıl Cabbarovun vergilər naziri kimi bu sahədə şəffaflığa nail olacağına ümidlidir: “Çünki Mikayıl Cabbarov təhsil sistemində fəaliyyətə başlayanda da ilk növbədə islahatlara start verdi. Amma mən təhsil eksperti olmadığım üçün nə qədər müsbət nəticələrə nail olduğunu deyə bilmərəm. Mikayıl Cabbarov təhsil sistemində daha çox islahatçı nazir kimi özünə hörmət qazanıb. Düşünürəm ki, vergi sistemində də buna davam edəcək. Xüsusilə bu sahə ilə bağlı cənab prezidentin tövsiyələri əsas götürüləcək”.

 

 
10.01.2018 12:31:00
Oxuma sayı: 13218