Müsavat YAP-ın dəvətini qəbul etməyib
Ölçü:


Yeni Azərbaycan Partiyasının qərargahında iqtidar və müxalifətin iştirakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi”mövzusunda dəyirmi masa keçirilir.

Koordinat.az
xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası və "REAL" tədbirə dəvət olunmayıb. Müsavat Partiyasının başqanı Arif Hacılıya isə dəvət göndərilsə də, o, dəyirmi masaya qatılmayıb.

Dəyirmi masaya qatılmaması ilə bağlı Modern.az-a danışan  Müsavat başqanı Arif Hacılı bildirib ki,  tədbirin adının qeyri-müəyyənliyi və formatı onları qane etməyib: “Əsas məsələ odur ki, xarici müdaxilə nə deməkdir?!  Burada nəyin nəzərdə tutulduğu aydın deyil. Eyni zamanda, tədbirdə iştirak edən partiyalar, təşkilatlar həmçinin, format bizi qane etmədiyindən iştirak etmədik”.

“Növbəti dialoq keçirildiyi təqdirdə dəvət olarsa, qatılarsınızmı” sualına Arif Hacılı belə cavab verib: “Müsavat Partiyasının bu məsələyə konseptual yanaşması ondan ibarətdir ki, biz ümummilli məsələlərin müzakirələrində real siyasi qüvvələrlə müzakirələr aparmağa hazırıq. Bu,  hakimiyyət və müxalifət partiyaları da ola bilər. Ancaq hər hansı qeyri-müəyyən məzmunda, qeyri-müəyyən tərkibdə keçirilən tədbirlər bizim fikrimizcə səmərəsizdir”.

 

11.09.2019 12:12:00
Oxuma sayı: 235