Alpinistlər indiyədək keçilməyən marşrutla getmək istəyib
Ölçü:


"Alpinistlərin axtarışında bu gün hava şəraiti ilə əlaqədar fasilə yaransa da, axtarış qrupları təhlükəsiz yerlərdə düşərgə quraraq qarla müşayiət olunan güclü küləyin səngiməsini gözləyir."

Koordinat.az
xəbər verir ki, bu barədə "Report"a axtarış prosesində iştirak edən Arzu Mustafayev bildirib. O deyib ki, hazırda alpinistlərin tapılmasında çətinlik yaradan ən əsas amil onların müraciət edərkən göstərdikləri klassik marşrutdan kənara çıxmalarıdır.

"Axtarışlar nəticə vermədiyinə görə, tədqiqat aparılıb və məlum olub ki, alpinistlər öz həmkarları ilə telefon danışıqlarında deyiblər ki, müraciətdə göstərdikləri kimi klassik marşrutla deyil, tamam yeni, bu vaxta qədər keçilməyən 2-3 marşrutla zirvəyə çıxacaqlar. Bu da 20-30 kvadrat kilometr ehtimallar üzərində qurulan ərazi və axtarışların çətinləşməsi deməkdir. Yəqin ki, Fövqəladə Hallar Nazirliyinin axtarışlara məsul nümayəndəsi də açıqlamasında deyəndə ki, dəqiq məlumat yoxdur elə bunu nəzərdə tutur. Bəli, onlar üzərlərinə götürdükləri marşrutla getməyiblər və problem də bundan ibarətdir", - A.Mustafayev qeyd edib.

O əlavə edib ki, Tufandağ zirvəsinin hündürlüyü 4191 metrdir, 4172 metrdə isə, yəni cəmi 19 metr aşağıda Ekologiya Nazirliyinin meteostansiyası qurulub və həmin yerə mütəmadi olaraq nazirliyin meteoroloqları qalxıb-düşür.

"Əgər onlar klassik marşrutla getsəydilər, belə problemin yaranmasına ehtimal da az olardı", - axtarışda iştirak edən şəxs deyib.

A.Mustafayevin sözlərinə görə, hazırda yüksəklikdə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə bərabər Ekologiya Nazirliyinin 30-dan artıq dağlarla təması olan mütəxəssis və nümayəndəsi var və hava şəraiti imkan verən kimi axtarışlar birlikdə davam etdiriləcək. 
03.01.2018 16:51:00
Oxuma sayı: 13145