Harada azərbaycanlı varsa...
Sevindirici haldır ki, soydaşlarımız da dəyişiklikləri düzgün dəyərləndirir, daha da aktiv və planlı fəaliyyət göstərirlər. Hər bir azərbaycanlı bilir (və ya bilməlidir) ki, o ölkəsinin təmsilçisidir. Hər bir azərbaycanlının yaşadığı ərazidə sadə insanların biz azərbaycanlılara, Azərbaycan dövlətinə və xalqına münasibəti, məhz soydaşlarımızın həyat tərzi, davranışı, cəmiyyətə inteqrasiya olunma səviyyəsi ilə formalaşır. Başqa sözlə desək, harada azərbaycanlı var, orada Azərbaycan var. Son günlər, mətbuatda gedən yazılardan da bunu bir daha şahidi olduq.
Əslində bu yazının da yazılmasına səbəb mətbuatda Azərbaycanlılardan ibarət 416-cı taqanroq diviziyasının xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən işlərə dair rast gəldiyim informasiyalar oldu. Böyük Vətən müharibəsindən geri qayıtmayan bir neçə yaxın qohumunu bu gündə arayıb-axtaran birisi kimi informasiyalar diqqətimi cəlb etdi. Və soydaşımızın bu nəcib təşəbbüsünə cüzi də olsa mənəvi dəstək olmağı özümə borc bildim.
Qeyd etdiyimiz kimi, Böyük Vətən müharibəsində əldə edilən qələbənin 74 illiyi ilə bağlı keçirilən tədbirlər içərisində, bir məsələ diqqətimi çəkdi. Mətbuatda rast gəldiyim tədbir, bu yazının da başa gəlməsinə bir vəsilə oldu. Ölkə daxilində veteranlara diqqət və qayğı, ölkə başçısının müvafiq sərəncamı ilə hər il 9 may ərəfəsində veteranlara birdəfəlik yardımların edilməsi və s. çox gözəl.
Haqqında danışdığımız tədbir isə Azərbaycandan uzaqda, Ukraynanın bir ucqar kəndində təşkil edilmişdi. Tədbir kənddə olsa da, yüzlərlə soydaşımızın və yerli sakinlərin qatıldığı tədbirdən diqqətimi çəkən məqamlardan biri, burada azərbaycanlılardan ibarət məşhur 416-cı Taqanroq diviziyasının döyüş yolunun əyani şəkildə təsvir edilməsi oldu. Abidənin ətrafında verilmiş sxemdən görünür ki, 416-cı diviziya Bakı şəhərində formalaşdırılıb, Ucarda, Göyçayda, Ağdamda müəyyən təlimlər keçib və nəhayət yola çıxaraq Berlinədək gedib çatıbdır. Təbii ki, 1000-lərlə azərbaycanlı yollarda, döyüşlərdə məhv olub, amma diviziya Berlinədək gedib çıxıb.
Abidə Ukraynada yaşayan soydaşımız Yunis Əliyev tərəfindən Ukrayna-Azərbaycan dövlətləri və xalqları arasında tarixi dostluğun, birliyin rəmzi kimi ucaldılıb. Belə bir tarixi abidənin ucaldılması, təbii ki, soydaşımızın nəcib təşəbbüsü və doğma Azərbaycanımızın gözəl təbliğidir.
Burada olduqca vacib bir məqam isə, abidəyə gedən mərkəzi avtomagistralın üzərində, hər iki istiqamətdə, Azərbaycan adının həkk olunduğu istiqamətləndirici lövhə¬lərin vurulmasıdır. Əlbəttə, ilk baxışdan o qədər də mürəkkəb görünməyən bu proses, əslində o qədər də sadə deyildir. Başqa bir ölkənin adının olduğu lövhənin quraşdırılması üçün müəyyən təşkilati proseslərin həyata keçirilməsi, lazımi sənədləşmə işlərinin aparılması zəruridir. Amma, buna zəhmət çəkməyə dəyər. Müharibədən xəbəri olmayan, müharibənin dəhşətlərindən xəbəri belə olmayan insanlar da 416-cı diviyanın azərbaycanlılardan ibarət olduğunu, Berlinədək gedib çıxdığını, Ukrayna ərazisində ağır döyüşlərdən keçdiyini bu abidədən, bu lövhələrdən aydın şəkildə görə biləcəkdir. Bu isə, xalqımızın, dövlətimizin və Ukrayna-Azərbaycan dostluğunun təbliğində çox mühümdür.
Əlbəttə, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış uzaq-görən siyasət sayəsində Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşan, onun tələblərinə riayət edən bütün ölkələrlə yaxın dost münasibətindədir. Bununla belə, yazının başlığı da, heç də təsadüfi olaraq seçilməmişdir. Harada azərbaycanlı varsa orada Azərbaycan da var. Soydaşlarımızın bunu tam ciddiyyətilə nəzərə almaları lazımdır. Hamı öz yaşadığı ərazidə (şəhərdə, rayonda və s.), yuxarıda qeyd edilən kimi, lazımi işləri görərsə, həm ölkəmizi, həm tariximizi, həm də həqiqətləri düzgün təqdim etmiş olar. Bütün bunlar isə, müasir qloballaşma şəraitində dövlətlər və xalqlar arasında münasi¬bətlər üçün olduqca önəmlidir. Başqa sözlə desək, HARADA AZƏRBAYCANLI VAR ORADA AZƏRBAYCAN VAR!!!
C.Salahlı
21.05.2019 11:54:00
Oxuma sayı: 41264