“Mən-Aqşin Kazımzadə...”
Ölçü:

Bu yazını 2011-ci ilin iyununda – Aqşin müəllimi itirdiyimiz gün yazmışdım.  Əgər yaşasaydı, bu gün böyük ustadın 80 illiyini qeyd edəcəkdik. Aqşin Kazımzadə şəxsiyyətinə və yaradıcılığına əbədi ehtiramı olanlardan biri kimi onun xatirəsini bu gün bir daha yad etmək mənəvi borcumdur.

***
Qəbri nurla dolsun!... Aqşin müəllimin gözlənilməz vəfatı biz - onu uzun illərdən bəri tanıyan həmkarlarını hədsiz dərəcədə mütəəssir etdi. Bu kədərli xəbəri ölkənin kütləvi informasiya  vasitələri iyunun 10-da gecə yaydılar. Həmin anlarda dostlarla səhər Mərkəzi Klinik Xəstəxanaya  gedib, ona baş çəkmək  barədə vədələşirdik... Bilirdik ki,  qəlbən sevdiyi Azərbaycan futbolunun  bir həftə əvvəl  keçirilmiş 100 illik yubley tədbirlərində iştirak edəndən az sonra səhhəti pisləşib və həkim müayinəsi nəticəsində ürəyində cərrahiyyə əməliyyatının aparılması zəruri sayılıb. Bu əməliyyatın uğurla başa çatdığını, Aqşin müəllimin artıq palataya  köçürüldüyünü eşitmişdik... Ancaq səhhətindəki problem təkcə ürəyi ilə bağlı deyilmiş və həkimlər daha bir cərrahiyyə əməliyyatı aparmaq məcburiyyətində qalıblar. Ancaq görkəmli jurnalistin həyatını xilas edə bilməyiblər... Bunu da ertəsi gün    əziz ustadımızın  dəfn mərasimində onun yaxınlarından öyrəndik.

Mərasimdə Aqşin Kazımzadənin şəxsiyyətinə və yaradıcılığına  böyük hörmət və ehtiram bəsləyən insanlar-jurnalist dostları və həmkarları, ictimai qurumların və idman təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Aqşin müəllim köhnə Yasamal qəbristanlığında, öz doğmalarının-atası, Azərbaycanda     elektroenergetika elminin görkəmli nümayəndələrindən olmuş professor  Zəki Kazımzadənin və anasının yanında dəfn edildi. Bura onun 74 illik coşğun və maraqlı  ömrünün son mənzili oldu...

Azərbaycan jurnalistikasının  son 55 illik tarixində Aqşin Kazımzadə imzasının öz yeri, öz sanbalı var.  Bu imza təkcə respublikamızda deyil, həm də onun hüdudlarından kənarda, demək olar   ki, dünya miqyasında tanınırdı.

Elektroenergetika ixtisası üzrə ali təhsil aldığı dövrdə, valideynlərinin istəyinə rəğmən, taleyini jurnalistika ilə bağlamağı qərara alan bu çılğın və inadkar gənc qısa müddətdə öz yaradıcılıq  istedadını göstərə bilmiş və o vaxtlar keçmiş   SSRİ-nin ən böyük və nüfuzlu   qəzetlərindən olan “Sovetski sport”un  müxbiri kimi məsul bir vəzifəyə təyin edilmişdi...  Sonralar uzun illər Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatında mühüm rol oynamış “İdman”-“Sport” qəzetlərində redaktor müavini, redaktor işləyərkən o, öz fitri istedadı sayəsində bu mövzuda yazan jurnalistlər arasında  əsl ustad mövqeyinə  çıxmağa nail olmuşdu.

Aqşin müəllim “Vışka”, “Bakinski raboçi”, “Panorama” və s. kimi bir sıra ictimai-siyasi qəzetlərdə  redaktorluq fəaliyyəti  göstərsə də, qəlbi və qələmi daha çox idmanla bağlı idi. Özü də o, redaktor kimi redaksiyanın işini təşkil  etməklə, əməkdaşların yazılarını düzəldib “abıra” salmaqla, çoxsaylı mədəni-kütləvi  tədbirlərin iştirakçısı olmaqla yanaşı, həm də hər gün ən aktual mövzularda maraqlı və oxunaqlı  məqalələr, esselər, reportajlar, oçerklər yazmağa vaxt tapardı. Bu yazıların hər birində canlı tarix, bu tarixi yaradan insanların  bitkin obrazı diqqəti cəlb edirdi. Ömrünün axırınadək,  sadiq qaldığı mexaniki yazı makinasının  düymələrini sürətlə döyəcləyərək, ağ kağız üzərində öz intəhasız təxəyyülündən süzülən fikirləri elə ustalıqla bir-birinə bağlayırdı ki, bunları oxuyan hər kəsin gözü önündə baş vermiş hadisənin aydın mənzərəsi    canlanırdı. 

 O, sözün rənglərini dəqiq seçir, yazıda onların ahəngdarlığına  tam nail olurdu. Yazı dili rusca olsa da, hər sətirdə, hər cümlədə özünün doğma azərbaycancasından  qaynaqlanan  şirinliyi, istiliyi, dinamikanı  böyük istedadla nümayiş  etdirirdi.

Onunla birgə işləyənlər çox yaxşı bilirlər: Aqşin müəllim ünsiyyətdə   nə qədər səmimi idisə, yaradıcılıq məsələlərində  bir o qədər prinsipiallıq göstərərdi... Əlbəttə, bütün istedadlı  insanlar kimi, yaxşını pisdən tez ayırmağı, hər birinə də layiq olduğu qiyməti verməyi bacarırdı.

Biz onu təkcə xasiyyətcə deyil, həm də fiziki baxımdan  möhkəm adam kimi tanıyırdıq. Cavan yaşında infarkt keçirməsinə, səhhətində digər narahatlıqlar olmasına baxmayaraq, heç vaxt bədbinliyə qapılmazdı. Onun həyat eşqi, mənəvi gümrahlığı ətrafındakılara da sirayət edərdi. Bu gün Aqşin müəllimin itkisindən doğan ağrı-acını  yaşadığımız anlarda da o cür möhkəm bir insanın niyə belə gözlənilmədən həyatla vidalaşdığını qəbul etməyə çətinlik çəkirik.

...Onun telefonla  zəng etdiyi hər kəsə dərhal xatırlatdığı və bizim də yaddaşımıza həkk olunmuş “Mən Aqşin Kazımzadəyəm” sözlərini bir daha eşitməyəcəyik. Ancaq əziz və nurlu  xatirəsini qəlbimizdə əbədiyyən yaşadacağıq!

Elşən ƏLİYEV

18.12.2017 16:54:17
Oxuma sayı: 14896