Bakıya at əti gətirilməsinin qarşısı alındı
Ölçü:



Dekabrın 6-da alınmış məlumat əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Oğuz Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz kəndi yaxınlığındakı Seyid talası adlanan əraziyə baxış keçirilib.

Nazirlikdən Koordinat.az-a verilən məlumata görə, baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş1 baş atın baş-ayaqları və “VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilinə yüklənmiş at cəmdəyinin olması müəyyən edilib.

Lakin “VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilini saxlamaq mümkün olmayıb. Və at kəsimi ilə məşğul olanlar avtomobili sürərək ərazidən uzaqlaşıblar.

Hadisə ilə əlaqədar dərhal Oğuz Rayon Polis Şöbəsinə müraciət edilib və dekabrın 7-də“VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilində olan İsmayıllı rayon sakinləri Ziliyev Vüqar Təşkilat oğlu və Qurbanov Gündüz Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıblar.

Avtomobilin yük yerinə baxış keçirərkən dərisi soyulmamış, antisanitar şəraitdə daşınan, 180 kq çəkisində olan atın şaqqalara bölünmüş bud və cəmdəyi aşkar olunub.

İlkin araşdırma nəticəsində Vüqar Ziliyev və Gündüz Qurbanov həmin atı Oğuz rayonunun Filfilli kənd  sakini Seyidəliyev Xəyal Mustafa oğlundan aldıqlarını və at ətinin Bakı şəhərində satılması məqsədi ilə kəsdiklərini bildiriblər.

“VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilində aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozan və qanunsuz at kəsimi ilə məşğul olanlar barəsində akt yazılaraq inzibati protokol tərtib edilib.

Hadisə ilə bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.

Xəbərdarlıq olunur ki, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.
09.12.2017 14:37:00
Oxuma sayı: 874