Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azalıb
Ölçü:


Rusiyadan Azərbaycana köçürülən vəsaitlərin həcmi 3 dəfə azalıb. 

Koordinat.az xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumata görə, Azərbaycandakı əhaliyə Rusiya Federasiyasından pul köçürmələrinin həcmi cari ilin ilk yarımilində 287.05 milyon ABŞ dolları olub. Ötən il isə 608 milyon təşkil edib.

İqtisadçı alim Vüqar Bayramov bildirib ki, Rusiya iqtisadiyyatındakı dəyişikliklərin nəticəsində köçürülən vəsaitlərin həcminin azalması gözlənilən idi. Bu isə daha çox iş adamlarına mənfi təsir göstərir: “Çox vacib məqamlardan biri Rusiyada yaşayan azərbaycanlı iş adamlarının gəlirləridir. Bizim monitorinqlər göstərir ki, həmin gəlirlərdə də azalmalar müşahidə edilib. Təbii ki, bu azalmalar həm də Rusiyadan Azərbaycana göndərilən vəsaitlərinin həcminə təsir göstərir”.

İqtisadçının sözlərinə görə, MDB ölkələri arasında Azərbaycan xaricdən göndərilən pullardan ən az asılı olan ölkədir. Onun fikrincə, Rusiyadan pul köçürmələrinin kəskin azalmasının Azərbaycan iqtisadiyyatına ciddi təsir edəcəyi gözlənilmir: "Amma sözsüz bizim üçün Rusiyada yaşayan azərbaycanlıların daha çox gəlir əldə etməsi, vəsait göndərməsi arzuolunandır. Çünki bu vəsait həm də onların burada ailələrinə, yaxınlarına göndərilir, bir sıra hallarda investisiya həyata keçirilir. Amma reallıq bundan ibarətdir ki, Rusiyaya qarşı olan sanksiyalar oradan göndərilən pulların həcminə təsir göstərir”.

18.09.2024 11:23:00
Oxuma sayı: 685