Zəngəzur dəhlizinə nəzarət mexanizmi Bakının şərti ilə müəyyənləcək
Ölçü:

Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın çox fərqli planları var".

Koordinat.az xəbər verir ki, bunu politoloq Turab Rzayev Zəngəzur dəhlizi ətrafında gedən müzakirələrə münasibət bildirərkən deyib. O qeyd edib ki, əslində, 9 noyabr 2020-cildə imzalanmış üçtərəfli bəyanata görə, dəhlizə nəzarəti Rusiyanın sərhəd qoşunları həyata keçirməlidir: "Bu, faktiki olaraq Ermənistanın İranla yeganə sərhədinin Rusiyanın nəzarətinə keçməsi deməkdir. İran və Ermənistan bunu istəmir. Moskva da dəhlizə nəzarəti əldən vermək niyyətində deyil".

Politoloq deyib ki, Zəngəzur dəhlizi reallaşdırılması mümkün olan və beynəlxalq əhəmiyyətli bir layihədir: “Bu yol dəqiq açılacaq. Əsas məsələ onun hansı şərtlərlə açılacağıdır. Hazırda yolun açılması üçün bir neçə təklif irəli sürülüb. Yola kim nəzarət edəcək: Rusiya, Ermənistan, yoxsa özəl şirkət? Yoxsa Paşinyanın “Sülh qovşağı” adı verdiyi layihəsi əsasında açılacaq? Paşinyan yolların və kommunikasiyaların açılmasının əleyhinə deyil. Dəfələrlə təklif edib ki, yollar açılsın. Amma o, bütün yolların bərabər şəkildə açılmasını istəyir. Necə ki, Gürcüstanla bağlı bizim yollara Azərbaycan, Gürcüstan yoluna isə gürcülər nəzarət edir. Zəngəzur yolu Ermənistana lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan neft-qaz layihələrinin, elektrik enerjisi, fibor-optik xətlərin və beynəlxalq kommunikasiyaların mərkəzidir. Ermənistan isə kənardadır. Yeganə şansları var ki, Orta Dəhlizin bir hissəsini Bakı-Qars dəmir yolundan saldığımız kimi, bir hissəsini də Zəngəzur yolu üzərindən sala bilərik”.

Turab Rzayev qeyd edib ki, Zəngəzur yolunun açılması ilə bağlı Bakının təklifi əlverişlidir. Sadəcə, kənar aktorların buradakı maraqları kommunikasiyaların açılmasına mane törədir. Onun sözlərinə görə, Azərbaycan üçün yola kimin nəzarət edəcəyinin heç bir əhəmiyyəti yoxdur: "Sadacə, biz istəyirik ki, həmin yolda müəyyən üstünlüyümüz olsun. Yəni Naxçıvana “Azərbaycandan Azərbaycana” prinsipi tətbiq edilsin. Burada Kalinqrad, yaxud digər fərqli model tətbiq edilə bilər. Bakı istəyir ki, Azərbaycan vətəndaşları qeydiyyatsız, yükləri gömrük nəzarəti olmadan Naxçıvan ərazisinə rahat keçə bilsin. Amma Azərbaycandan Türkiyəyə, Türkiyədən də Naxçıvan üzərindən ölkəmizə gələn mal və xidmətlər isə gömrük və vergi rüsumlarına cəlb oluna bilər. Bakı buna etiraz etmir. Ermənistan bir müddət bu təklifə isti yanaşırdı, ancaq görünür, indi bu mövqedən uzaqlaşıb”.

18.09.2024 10:47:00
Oxuma sayı: 568