Sərhəd təxribatları ermənilərə baha başa gəlib
Ölçü:


2022-ci il sentyabrın 12-14-də Ermənistan ordusunun hərbi təxribatları nəticəsində Azərbaycanla sərhəddə baş verən toqquşma barədə erməni ekspertlərin apardığı təhlillər başa çatıb. Məlum olub ki, həmin vaxt ən qızğın döyüş əməliyyatları Cermuk istiqamətində aparılıb. 

Koordinat.az xəbər verir ki, bunu erməni ekspert Tiqran Köçəryan bildirib. O, deyib ki, erməni hərbçilərinin törətdiyi təxribatların qarşısını alaraq əks-hücuma keçən Azərbaycan Ordusu düşmənə sarsıdıcə zərbə vurub.

"Şiddətli döyüşlər iki sutka davam etdi. Sərhəddə vəziyyət çox gərgin idi, hətta Azərbaycan Ordusu Cermuk şəhərinə daxil olmaq istəyirdi. Bunun üçün heç bir maneə qalmamışdı,  Azərbaycan Ordusu üstünlüyü ələ almışdı və döyüş əməliyyatları faktiki olaraq onların tam nəzarəti altında idi", - deyə Tiqran Köçəryan əlavə edib.

Erməni ekspert iki il əvvəlki sərhəd döyüşləri ilə bağlı daha bir sirri açıb. O. deyib ki, Cermuk şəhərinin qorunması və qarşı tərəfə təslim edilməməsi Ermənistan üçün böyük itkilər hesabına başa gəlib: "Biz Cermuku yüzlərlə canlı qüvvə itkisi verərək qoruya bildik, 300-dən çox yaralımız vardı. Amma Qarabağdan gələn xüsusi təyinatlı qüvvələr Azərbaycan tərəfinin əks-hücumlarını çətinliklə də olsa, dəf edə bildi. Mən buna görə, Qarabağdan gələn xüsusi təyinatlılara təşəkkür edirəm, onlar bu döyüşdə çox fəal iştirak etdilər".

Qarabağdan qaçmış terrorçuların sərhəddə Azərbaycana qarşı təxribatlarda iştirak etdiyini etiraf edən Tiqran Köçəryan bildirib ki, vaxtilə Ermənistan dövlətinin maliyyələşdirdiyi həmin hərbçilər ailələrini dolandıra bilmir. Erməni ekspert 2022-ci ilin sentyabrında sərhəd toqquşmalarında iştirak edən və Cermuku qoruyan həmin döyüşçülər diqqətdən kənarda qalıb: "Bu gün Cermukun müdafiəçiləri haqqında demək olar ki, heç bir məlumat yoxdur. Aradan iki il keçir, amma onların taleyindən hakimiyyətin xəbəri yoxdur, bir çoxlarının adlarını da bilmirik”.

Xatırladaq ki, 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusu düşmən təxribatının qarşısını almaq üçün cavab əməliyyatı keçirib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 12-14 sentyabr döyüşləri zamanı Ordumuzun 80 hərbi qulluqçusu şəhid olub, 282 döyüşçümüz isə yaralanıb.

Ermənistan tərəfi isə daha ciddi itki verib. Ermənistan rəsmilərinin bildirdiyinə görə, düşmən 224 hərbçisini itirib, daha 3 nəfər isə itkin düşüb. Ermənilərin 300-dən çox hərbi qulluqçusu yaralanıb. Ümumilikdə, qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 8 strateji əhəmiyyətə malik yüksəklik nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib.
13.09.2024 11:08:41
Oxuma sayı: 729