Aqil Əsədov: "Xaricdə yaşayan alimlərlə əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır"
Aqil Əsədov
İqtisad elmləri doktoru
İqtisad elmləri doktoru
Belə mötəbər tədbirlərdən biri də 9-11 sentyabr 2024-cü il tarixləri aralığında Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN FORUMU oldu. 30-a yaxın ölkədən 100-ə yaxın alimin cəlb olunduğu Forum İlk dəfə idi ki, bu səviyyədə keçirilirdi. Ali rəhbərliyin iştirakçılara müraciəti isə Forumun əhəmiyyətliliyini bir daha ortaya qoyur.
Dövlət başçısının “Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür” sözləri bu dövrə qədər görülən işlərə verilən yüksək qiymət, eləcə də əlaqədar qurumlar və Azərbaycan diasporu üçün bir çağırış, strateji baxışdır.
Dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların ölkəmizdə fəaliyyət göstərən elm və təhsil müəssisələri ilə əlaqələrinin dərinləşməsi, Azərbaycan elminin dünya elm məkanına daha intensiv inteqrasiyası, doktorantların xarici ölkələrdə azərbaycanlı alimlərin dəstəyi ilə təcrübə keçməsi, birgə elmi araşdırmaların aparılması baxımından Forum olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Forum iştirakçılarının Şuşa və Xankəndinə səfərləri, Qarabağ Universitetində keçirilən görüş, aparılan müzakirələr isə ayrıca qeyd edilməlidir və belə bir gedişat üçün təşkilatlara təşəkkürlər! Azərbaycanlı alimlər forumunun işğaldan azad edilmiş ərazilərdə davam etdirilməsi, Forumun öz işini Qarabağ Universitetində yekunlaşdırması böyük məna kəsb edir.
Eyni zamanda, nəzərə alsaq ki, alimlərin əksəriyyəti auditoriyalarla işləyir, yaşadıqları ölkənin gələcəyi olan gənclərlə daha çox təmasda olur, onda alimlər, elm adamları üzərindən qurulan əlaqələrin əhəmiyyətliliyi aydın olar. Sadə yanaşsaq, bir alimin, bir elm adamının fikri auditoriyalarda təmasda olduğu gənclər vasitəsilə, yazdığı məqalələr vasitəsilə ən qısa zamanda yüzlərlə ailəyə, minlərlə insana çatır.
Tədbir boyunca, öz mövqelərini ifadə edən, şəxsən tanıdığım və efirdən gördüyüm, ölkəmizin gələcəyi naminə bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini, elm sahəsində Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə töhfələr verəcəklərini bildirən dəyərli alimlərimizə həmvətən və həmkar təşəkkürümü də çatdırmağı borc bilirəm.
Cənab Prezidentin müraciətində də vurğulandığı kimi, ümid edirik ki, Forum, ölkəmizin elmi əlaqələrinin genişləndirilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün strateji xətti müəyyən və davam etdirəcəkdir.
Aydındır ki, harada azərbaycanlı var, orada Azərbaycan var, mətbəxi var, adət-ənənəsi var. İnanırıq ki, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu, ənənəvi hal alaraq, daha yeni-yeni alimlərimizin ölkəmizlə əlaqələrini möhkəmləndirəcək, Azərbaycan elminin, təhsilinin dünyəviləşməsinə, müasirləşməsinə kömək edəcək və Azərbaycan dövlətinin əsas prioritetlərindən olan “Qarabağın cənnətə çevrilməsinə”də öz dəstəyini göstərəcəkdir.
13.09.2024 10:08:00
Oxuma sayı: 701