Sərkisyanın komandası konstitusiyanın dəyişdirilməsini istəmir
Ölçü:

"Avropa Birliyinə üzvlüklə bağlı referendum Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi ilə bağlıdır".

Koordinat.az
xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, Respublikaçı Partiyası sədri Serj Sərkisyanın müavini Edurad Şarmazanov deyib. Onun fikrincə, Ermənistanın Avropa Birliyinə üzv seçilməsi ilə bağlı aparılan təbliğat bəhanədir və Paşinyanın əsas məqsəd yeni konstitusiyanı referenduma çıxarmaqdır: "Paşinyan hökumətinin referendum yolu ilə dəyişmək istədiyi konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edilmir, orada Azərbaycana ərazi iddiası olmayacaq. Yəni, Paşinyan bu referendumla Azərbaycanın şərtini yerinə yetirəcək. Referendum vasitəsilə həm də Ermənistanın Avropaya inteqrasiyası darəsmiləşdirilə bilər. Amma əsas məqsəd Azərbaycana qarşı ərazi iddiasını geri götürməkdir".

Edurad Şarmazanov bildirib ki, referendum ideyası yalnız Azərbaycanın maraqlarına xidmət edir və Ermənistan üçün yaxşı heç nə vəd etmir. Onun sözlərinə görə, Ermənistanın hətta Avropa Birliyinin üzvlüyünə qəbul olunması illiziyadan başqa bir şey deyil və bu, ölkənin gələcək taleyini böyük təhlükə qarşısında qoya bilər: “Nikol və komandası sərhədlərin delimitasiyası və Avropaya inteqrasiya ilə bağlı referendum adı altında Ermənistan konstitusiyasını dəyişdirəcək, Ağrı dağının təsviri gerbdən çıxarılacaq. Bundan sonra Paşinyan hökuməti Ermənistanın azərbaycanlılaşdırılması proqramınə daha rahat şəkildə həyata keçirmək imkanı qazanacaq".

Xatırladaq ki, Ermənistanın hazırkı konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı bəyan edib ki, imzalanacaq sülh müqaviləsinin dayanıqlılığı üçün həmin istinad konstitusiyadan çıxarılmalı, hər iki qonşu ölkəyə qarşı ərazi iddialarından imtina edilməlidir. Ermənistan müxalifəti isə konstitusiyanın dəyişdirilməsinin əleyhinədir və onlar  həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarının geri götürülməsi ilə barışmaq istəmir.


24.06.2024 16:39:00
Oxuma sayı: 937