Zatulin Paşinyanı "Rusiyanın düşməni" adlandırdı
Ölçü:


Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdə olduğu hər gün Rusiya ilə münasibətlər üçün riskdir.

Koordinat.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin bildirib. O, Lenta.ru-ya açıqlamasında deyib ki, Ermənistan lideri Qərbə üz tutmaq ideyasından ilhamlanır.

Paşinyanı Rusiya ilə münasibətlərin düşməni hesab edən Zatulin Ermənistan liderinin iyunun 12-də parlamentdə müzakirələr zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) sabun köpüyü adlandırmasına və İrəvanın təşkilatı tərk etmək istəməsinə də münasibət bildirib: "Paşinyan 2022-ci ildən bu kursu açıq şəkildə aparır, ona görə də, belə bir bəyanat Rusiya üçün gözlənilməz olmamalıdır. Əslində, mənim başa düşdüyüm kimi, o, hakimiyyətə gəldiyi andan Qərbə üz tutmaq ideyasından ilhamlanıb, baxmayaraq ki, hələlik, şəraitə görə bunu maskalamaq məcburiyyətində qalıb. Amma əslində cənab Paşinyan və onun həyatı ilə yaxından tanış olan insanlar yaxşı bilirlər ki, o, həmişə Rusiya ilə münasibətlərə, Rusiya bazasının Gümrüdən çıxarılmasına, Ermənistanın KTMT-dən çıxmasına çalışıb”.

Uzun illərdir ermənipərəst mövqeyi ilə seçilən rusiyalı deputat bildirib ki, Moskva Rusiya-Ermənistan münasibətlərinin keçmişinin və gələcəyinin düşməni olan şəxslə qarşı-qarşıyadır: "Paşinyan KTMT-dən çıxmaqla bağlı bəyanatın ümumi xəttə uyğun olduğunu söyləyib. Üstəlik Ermənistandan təşkilatın maliyyələşdirilməsinə dəstək dayandırılıb. Bütün bunların fonunda Rusiya sərhədçilərinin ölkədə mövcudluğu tədricən aradan qaldırılır”.

Zatulin bildirib ki, Paşinyan KTMT-dən çıxacağını elan etdiyi gün İrəvanda Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb: “Mənə elə gəlir ki, cənab Paşinyanın bu gün hakimiyyətdə olduğu hər günün bu ölkə ilə münasibətlərimizin gələcəyi üçün risk olduğunu başa düşmək üçün falçıya gedib əlavə araşdırmalar aparmağa ehtiyac yoxdur”.

14.06.2024 15:25:00
Oxuma sayı: 1400