İkiüzlü Ermənistan: "Sözdə sülhdən danışır, əməldə atəş açır"
Ölçü:


"İndiki şəraitdə Naxçıvan istiqamətində atəşkəsin pozulması çox ciddi və 8 saata qədər davam edən təxribatdır". 

Koordinat.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev son iki gündə ermənilərin Naxçıvan istiqamətində atəşkəsi müntəzəm olaraq pozmasını şərh edərkən bildirib. O, sülh danışıqlarının davam etdiyi və tərəflər arasında etimad quruculuğunun möhkəmləndiyi halda Naxçıvanın atəşə tutulmasının prosesə mənfi təsir göstərəcəyini söyləyib və bildirib ki, bu cür təxribatlar Ermənistanın öz başında çartlayacaq: "Naxçıvanın 3 kəndi istiqamətində Ermənistanın fərari əsgəri atəş açıb. Axı, atəşkəs pozuntularının əvvəlki nümunələri, ağrılı-acılı və sarsıdıcı nəticələr Ermənistanın başında dəfələrlə çatlayıb. Görünür, yenə də "dəmir yumruğun" müəyyən qədər fasilə verməsi Ermənistanda kimlərinsə beyninə oksigen axıntısını azaldfıb. Oksigen təminatı məsələsində əlimizdə çox gözəl imkanlar və resurslar var. Bunu ermənilər özləri də yaxşı bilir".

Hərbi ekspert bildirib ki, atəş açan ermənilərin hazırda tutduğu mövqelər Azərbaycan ordusu üçün əhəmiyyət daşıyıyırsa, çox rahatlıqla həmin ərazidə üçrəngli bayrağımızı ucalda bilərik: "Ya da İstisu rayonunun Aşağı Hand kəndində olduğu kimi, atəş açanların hamısının uca Tanrı ilə görüşünü tezləşdirib həmin əraziya bir daha erməni əsgərinin ayağını dəymənməsini təmin edərik".

Ədalət Verdiyev onu da əlavə edib ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasını uzatması Azərbaycanın səbrini daşırır: "Onlar sülh sazişini imzalaması və kommunikasiyaların açılması barədə bəyanatlar verir, amma reallıqda Azərbaycan əsgərinin dayandığı mövqelərə atəş açır. Bu, sağlam məntiqə sığmır. İndiki vəziyyətdə heç bir dərrakəli insan Ermənistan istiqamətindən Azərbaycan əsgərinə gözünün ucu ilə baxmalı deyil. Nəticələrə nəzər salsaq, sağlam məntiqlə belə olmalıdır. Amma əksini görürük..."

Xatırladaq ki, dünən Ermənistan ordusu atəşkəsi yenidən pozub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyunun 13-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
14.06.2024 15:16:00
Oxuma sayı: 1597