Şərqi Zəngəzurda daha iki günəş stansiyası qurulacaq
Ölçü:


Azərbaycan hökuməti enerji şirkətləri ilə tərəfdaşlığın birinci mərhələsinə uyğun olaraq, 2027-ci ilədək  2 qiqavata yaxın yeni bərpaolunan enerji mənbələırinin yaradılmasını planlaşdırır. Bununla da bərpaolunan enerji mənbələrinin ümumi enerji gücündəki payı 33 faizə çatacaq.

Koordinat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib. O, bildirib ki, BP və “Nobel Energy” ilə Şərqi Zəngəzurda yaşıl enerji zonası çərçivəsində daha iki günəş stansiyasının təməlqoyma mərasimi nəzərdə tutulur. 

Həmçinin 240 meqavat gücündə “Şəfəq” günəş enerjisi layihəsi üzərində iş gedir. Səngəçalda reallaşdırılacaq həmin layihə dünyanın ən böyük neft və qaz terminallarından birini bərpaolunan enerji ilə təmin edəcək. 

Daha bir layihə isə bu ilin aprelində həərac vasitəsilə elan edilən 100 meqavat gücündə olacaq stansiyadır. Həmin günəş stansiyası ilə bağlı hərracın nəticələri  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının noyabrda Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində açıqlanacaq.

Pərviz Şahbazov vurğulayıb ki, bütün bu tədbirlər Azərbaycan Prezidentinin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə uyğun atılan addımlardır.
06.06.2024 11:33:00
Oxuma sayı: 1604