COP29-un önəmi və gözləntilər
Ölçü:

Son zamanlarda COP29 beynəlxalq tədbiri haqqında tez-tez eşidirik. Bəs bu beynəlxalq tədbirin məqsədi nədir? COP (Conference of the Parties; Tərəflərin konfransı) iqlim dəyişikliyi və bununla mübarizədə dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. 198 üzvü olan bu tədbir əgər tərəflərin fərqli qərarı olmazsa, hər il keçirilir. İlk tədbiri 1995-ci ilin martında Berlində baş tutan COP-un katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında bir ölkədən digər ölkəyə keçir. Həmin ölkələr BMT-nin 5 regionunu – Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropanı (Mərkəzi, Şərqi, Qərbi və digər) əhatə edir. Bununla yanaşı bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə sistemi mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar isə Şərqi Avropa ölkələrinin yekdil rəyi əsasında ötən ilin dekabrın 11-də Dubayda keçirilmiş COP28-in plenar iclasında qəbul olunub.

Bu il 11-24 noyabrda Bakıda keçiriləcək olan COP29  Azərbaycanın bu zamanadək ev sahibliyi etdiyi ən böyük və mühüm dövlətlərarası tədbirdir. Tədbirin keçiriləcəyi iki həftə ərzində dünyanın 190-dan çox ölkəsini təmsil edən təxminən 80-100 min nəfərə qədər olan nümayəndə heyəti Azərbaycanda olacaq. Halbuki ölkə tarixində ən böyük beynəlxalq tədbir olan Avropa Oyunlarında 8 minə yaxın qonaq qəbul edilmişdi. Bu, bir daha COP29-un Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.

Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsindən biri də ölkədə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı tədbirlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətidir. Bu istiqamətdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”,  “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”,  “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”,  “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”,  “Yerin təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və digər proqramlar çərçivəsində tədbirlər həyata keçirilmişdir və hal-hazırda da davam edir. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir və bu çərçivədə ölkə ərazisində konfranslar, forumlar, ağacəkmə aksiyaları və bunun kimi başqa tədbirlər həyata keçirilir.

Azərbaycanın yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi sübut edən əməli fəaliyyətlərindən biri də Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməlinin qoyulmasıdır. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri “Təmiz ətraf mühit” və “yaşıl artım” ölkəsi olmaqla bağlıdır. Bu prioritet daxilində strateji dövrdə aşağıdakı iki məqsəd qarşıya qoyulmuşdur:
1. Yüksək keyfiyyətli ekoloji mühit
Ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır.
2. Yaşıl enerji məkanı
Strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaqdır. Bunu nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir.

Ölkəmiz baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Bununla yanaşı, Prezident İlham Əliyev ölkəmizin işğaldan azad edilmiş ərazilərini “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Xəzərsahili ərazilərin və dağlıq bölgələrin küləkli, bolsulu çayların çoxluğu və ölkə ərazisinin bütövlükdə günəşli olması yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir. Buna görə də dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar.

Bu möhtəşəm tədbir imkan verəcək ki, dünya ictimaiyyətinin diqqəti ölkəmizə və ölkəmiz vasitəsilə Cənubi Qafqaza fokuslansın. Bu gün Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan COP29-un nüfuzlu platforması çərçivəsində beynəlxalq birliyə, tərəfdaşımız olan dost və qardaş ölkələrə göstərə biləcək ki, yaşıl enerji ilə bağlı layihələr və yaşıl enerjinin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir və bu siyasət nəticə etibarilə Avropadakı tərəfdaşlarımızın maraqlarına xidmət edir. Həmçinin COP29 tədbiri Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.

Fərəh MƏCİDLİ,
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və   
mühasibat” fakültəsinin “Maliyyə” ixtisası üzrə təhsilin III ili,  
690 saylı qrup tələbəsi


03.06.2024 17:18:00
Oxuma sayı: 2013