40 ton yük qaldıran kran Kəlbəcərə göndərildi
Ölçü:


“SOCAR STP” MMC-də istehsal edilən yük qaldıran kran Kəlbəcər rayonu Aşağı Vəng Su Elektrik Stansiyasına təhvil verilib.

Koordinat.az xəbər verir ki, şirkətin Mexaniki Emal Zavodunda hazırlanan kran 40 ton yük qaldırma qabiliyyətinə malikdir. Aşırımı 17615 mm, nəzəri çəkisi 19 ton olan bu avadanlıq su elektrik stansiyasında turbinin quraşdırılması və təmiri üçün nəzərdə tutulub.

Xatırladaq ki, Kəlbəcər rayonu ərazisində “Nadirxanlı”, “Yuxarı Vəng”, “Aşağı Vəng” və işğaldan azad edilən Murov dağın aşağı istiqamətində “Toğanalı” Kiçik Su Elektrik stansiyalarının layihə sənədləri 2023-cü ildə təsdiqlənib. Hazırda Laçın və Kəlbəcər rayonlarında 9 yerdə ümumi gücü 76,8 meqavat olan Su Elektrik stansiyalarının tikintisi davam edir ki, bunlardan da biri Aşağı Vəng kəndində yerləşir. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək bu stansiyaların hər biri rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olmaqla yanaşı, stansiyalara Bakıdan və digər yerlərdən nəzarət etmək əlçatan olacaq. Su Elektrik stansiyalarında il ərzində ümumilikdə 230 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl hidroenerjinin istehsalı nəzərdə tutulub.

 “SOCAR STP” separatorlar, yüksək gərginlikli elektrik qülləli işıq dirəkləri, 200 tona qədər yerüstü kranlar, portal kranlar, dəniz kranları, istilik dəyişdiricilər, flanslar (dupleks, blind), dişli çarxların və hazır sxemlər (cizgilər) əsasında bir çox detalların istehsalını həyata keçirən təcrübəli şirkətdir. Burada həmçinin tərəfdaş şirkətlərə ağır mühəndislik və “OCTG Threading” (API, qazma borusu iplərinin kəsilməsi və təmiri) kimi xidmətlər təklif edilir.

21.05.2024 16:54:00
Oxuma sayı: 812