Rus ordusu Ermənistnadakı bəzi postlardan çəkiləcək
Ölçü:

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında iki gün əvvəl keçirilən görüşdə bu ölkədəki rus qoşunları ilə bağlı mühüm razılıq əldə edilib.

Koordinat.az xəbər verir ki, razılaşmaya əsasən rus sərhədçiləri Zvartnots hava limanı ilə yanaşı 44 günlük müharibədən sonra yerləşdikləri bir sıra yaşayış məntəqələrindəki postları da tərk edəcək. Buraya Sünik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuş bölgəsində yerləşən qoşun hissələri daxildir. Bununla belə, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu davam edəcək.

Politoloq Qabil Hüseynli Pitin və Paşinyan arasındakı razılaşmanı Bakı və İrəvanın sərhədlərin delimitasiyası prosesinə başlamasından sonra Ermənistanın daxilində yaranmış siyasi gərginliklə əlaqələndirib. O, bildirib ki, Ermənistan daxilində vəziyyət gündən-günə gərginləşir və baş verən poseslərdə rusiyameylli qüvvələrin rolu ön plana keçir: "Açıq-aydın görünür ki, Rusiya Ermənistandakı gərginliyi vətəndaş müharibəsi həddinə çatdırmaqla Paşinyanı istefaya məcbur edə bilərır. Çünki Paşinyana böyük vədlər verən Qərb onun harayına çatmaq istəmir və yaxud çata bilmir. Belə olan halda Paşinyan Rusiya ilə balanslaşdırılmış siyasət terminindən istifadə etmək niyyətinə düşür”.

Qabil Hüseynli bildirib ki, Ermənistan lideri hazırda həm Qərbi təmin edəcək fikirlər söyləyir, həm də Rusiyanın imtiyazlı vəziyyətini Emrənistanda qoruyub saxlamaq istəyir. Onun fikrincə, indiki halda Rusiya ilə əməkdaşlıq Ermənistan iqtisadiyyatına milyardlarla dollar gəlir gətirir: "Rusiyaya lazım olan Qərb məhsullarının əksəriyyəti Ermənistan vasitəsi ilə alınır. Bundan İrəvan böyük mənfəət götürür. Ona görə də, İrəvan Kremllə körpüləri tamam yandırmağa, qarşıdurma vəziyyəti yaratmağa ehtiyac olmadığından Paşinyan da məhz bu yolu seçdi. Görünən odur ki, bu istiqamətdə hər iki tərəfi qane edən razılaşma əldə edildi”.

Politoloq vurğulayıb ki, Baş nazir Paşinyan Rusiyanın Ermənistandakı "beşinci kolon"un dağıdıcı qüvvəyə çevrildiyini anlamağa başlayıb: "Paşinyan Rusiyanın əl altından onun hakimiyyətinə qarşı təxribatlar təşkil etdiyinin də fərqindədir. Onun Moskvaya səfərinin əsas məqsədlərindən biri həm də bu gərginliyi azaltmaq idi. Bununla Putinə mesaj verir ki, guya Ermənistan əvvəlki kimi Rusiyanın tərəfindədir”.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illik yubiley sammitində iştirak etmək üçün Moskvada işgüzar səfərdə olub. Onun səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşünün əsas hissəsi qapalı keçirilib.
10.05.2024 10:27:28
Oxuma sayı: 644