Daha bir keşiş delimitasiyanın əleyhinə çıxdı
Ölçü:


“Bəli, bu hərəkat yönləndirilib və onu əlbəttə, Allah yönəldir. Amma biz heç bir şəkildə demarkasiyaya qarşı deyilik, sadəcə olaraq bunu xalqı müharibə ilə şantaj etməklə həyata keçirmək olmaz".

Koordinat.az xəbər verir ki, bunu mayın 8-də Gümrü şəhərində jurnalistlərlə söhbətində Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının primatı, arxiyepiskop Mikael Adjapaxyan bildirib. O, Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətə qarşı olan hərəkatın eks-prezident Robert Koçaryan tərəfindən idarə olunduğu barədə bəyanatını şərh edərkən delimitasiya prosesi çərçivəsində Azərbaycana qaytarılan 4 kənd barədə bunları deyib: "Delimitasiya və demarkasiya sülh müqaviləsindən sonra olmalıdır. Heç bir sivil ölkə təhdidlər vasitəsilə sərhədlərini çəkə bilməz. Demarkasiya müharibə hədəsi ilə həyata keçirilmir. Amma ölkəmizin başçısı bunu başa düşmür. Biz hamını bu yalandan, aldatmadan, alçalmaqdan, o cümlədən fırıldaqçılardan xilas etmək istəyirik”.

Adjapaxyan bildirib ki, 2018-ci ildə Paşinyanın başlatdığı hərəkata dəstək verməkdə səhv edib. “Mən öz səhvimi aprelin 25-də başa düşdüm və anlayıram ki, hakimiyyət bizim hərəkatdan qorxur".

Erməni Apostol Kilsəsinin nümayəndəsi Paşinyanın din xadimlərinin siyasətə qarışmaması fikri ilə razılaşmır: "Mən həmişə bu fikri bölüşməmişəm və bütün hakimiyyətlərin dövründə fəal siyasi fikirlər səsləndirmişəm. Laqeydlik ölümcül günahdır, biz Ermənistanda baş verən dövlətçiliyimizi və təhlükəsizliyimizi təhdid edən proseslərə biganə qala bilmərik”.
08.05.2024 15:36:00
Oxuma sayı: 782