Rusiyameylli revanşistlər Paşinyanı devirmək planını işə salıb
Ölçü:


Ermənistandakı  siyasi mübarizədə fiaskoya uğramış revanşist müxalifət öz niyyətinə çatmaq üçün rusiyapərəst qüvvələrlə birləşərək erməni kilsəsini qabağa vermək qərarına gəlib. Son günlər Qazaxın 4 kəndinin qaytarılmasına dair razılaşmadan və sərhədlərin demarkasaiyası prosesinin başlanmasından Paşinyan hakimiyyətinə qarşı istifadə etmək cəhdinə erməni kilsəsi başçılıq etməyə başlayıb.

Koordinat.az xəbər verir ki, Ermənistanın Tavuş rayonu istiqamətində işğal olunmuş kəndlərin Azərbaycana qaytarılmasını həzm edə bilməyən Erməni Apostol Kilsəsinin ali şurası bəyanat yayıb. Bəyanatda ərazilərin birtərəfli qaydada Azərbaycana təhvil verilməsinə etiraz edilib, Ermənistan hakimiyyətinin danışıqlardakı mövqeyinin qəbuledilməz olduğu vurğulanıb. Kilsə delimitasiyaya qarşı etiraz aksiyalarını dəstəklədiyini də bəyan edib.

Açıq-aşkar siyasi mübarizəyə qoşulan və Tavuş rayonundakı etirazları qızışdıran erməni kilsəsinin arxiyepiskopu Baqrat Srbazan(Qalstanyan) ermənilərin dini lideri II Qareginin xeyir-duası ilə hərəkət etdiyini bəyan edib: “Müqəddəs Eçmiədzinin başçısı həmişə bizimlədir. Biz Patriarx həzrətlərinin xeyir-duası olmadan hərəkət etmirik. Erməni patriarxı bizim atamızdır, bizə xeyir-dua verir və bizə rəhbərlik edir”.

Qazaxın işğal altındakı kəndlərinin geri qaytarılmasına etiraz əlaməti olaraq həmin yayaşayış məntəqələrində yaşayan erməniləri aksiyalara cəlb etməklə kifayətlənməyən keşiş paytaxt İrəvana doğru yürüş keçirəcəklərini elan edib. Artıq erməni kilsəsinin bir çox nüfuzlu təmsilçiləri Baqrata açıq dəstək bəyanatları veriblər. Belə ki, Livandakı Böyük Kilikiya Evinin katolikosu I Aram bütün ermənilərin katolikosu II Qareginlə əlaqə saxlayaraq, Erməni Apostol Kilsəsinin bəyanatını tam dəstəklədiyini bildirib. Katolikoslar Ermənistanın üzləşdiyi problemlər, xüsusən də Tavuşdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
 
Bu arada Ermənistan hakimiyyətinə yaxın mətbuat Tavuş yeparxiyasının rəhbəri olan Baqratın Rusiya kəşfiyyatının agenti və Rusiyanın “beşinci kalon”unun nümayəndəsi olduğunu yazır.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında bildirib ki, bütün ermənilərin katolikosu II Qaregin bu gün faktiki olaraq siyasi hərəkata başçılıq edir, onun son benefisiarı eks-prezident Robert Köçəryandır. O, Tavuş bölgəsində delimitasiyaya qarşı təşkil olunan etiraz aksiyalarına Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərlik etdiyini də gizlətməyib. Paşinyanın fikrincə, bu hərəkatın məqsədi eks-prezident Robert Köçəryanı hakimiyyətə qaytarmaqdır.
08.05.2024 15:15:00
Oxuma sayı: 711