Kilsə sərhədlərin müəyyənləşdirilməsi prosesini poza biləcəkmi...
Ölçü:


Ermənistanda sərhədlərin müəyyənləşdirilməsinə qarşı davam edən etiraz aksiyalarının arxasında kilsə dayanır. Bir neçə ildir yaz aylarında Ermənistanda müxalifətin fəallaşdığı müşahidə olunur. Amma Azərbaycanın Qazax rayonu ilə sərhəd kəndlərdəki etirazları kilsə təşkil edir və Paşinyana qarşı olan müxalifəti təşkilatlandırmaq istəyir. Məqsədləri Azərbaycanla sərhədlərin müəyyənləşdirildiyi şəraitdə narazılıqlardan istifadə edərək Paşinyanı devirmək və rəsmi Bakı ilə anlaşmanı dayandırmaqdır. 

Koordinat.az xəbər verir ki, bunu siyasi şərhçi, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib. O, qeyd edib ki, Ermənistanda sərhədlərin müəyyənləşdirilməsinə qarşı davam edən etirazların genişlənməsində bəzi xarici qüvvələr də maraqlıdır. Ekspert xarici faktorlar arasında Rusiyanın daha böyük təsirə malik olduğu qənaətindədir: "Ermənistan ərazisində sərhədlərin müəyyənləşdirilməsi prosesində Rusiya da iştirak etmək istəyir. Lakin rəsmi İrəvan buna imkan vermir. Etiraz aksiyalarında Ermənistanda yaşayan rusmeyilli qüvvələr fəallıq göstərməsi təsadüfi deyil. Rusiya və Erməni Apostol Kilsəsinin yeparxiyasının başçısı Mkrtiç Qriqoryeviç Nersisyanla ermənilərin katolikosu II Qaregin qardaşdır. Onlar sərhədlərin müəyyənləşdirilməsi prosesinin hansısa formada dayandırılmasına çalışır. Onların təşkil etdiyi yürüş mayın 9-da İrəvana çatmalı və orada yekun mitinq keçirilməlidir".

Siyasi şərhçi onu da bildirib ki, Ermənistanda sərhədlərin müəyyənləşdirilməsinə qarşı davam edən aksiyaların öz məqsədinə çatıb-çatmayacağını mayın 9-dakı yürüşdən sonra proqnozlaşdırmaq mümkün olacaq. Onun sözlərinə görə, həmin yürüş həm də Paşinyanı devirmək istəyən kilsənin siyasi proseslərə təsir imkanlarını da ortaya qoyacaq: "İrəvanda başa çatacaq aksiyanın yekununu etirazların davamlılığı və erməni cəmiyyətində Paşinyana qarşı güclü müqavimətin olub-olmadığını göstərəcək. Əgər bu baş verməsə, Paşinyan indiyədək göstərdiyi siyasi iradəni davam etdirəcək”.

07.05.2024 10:00:00
Oxuma sayı: 735