Yasamaldakı 31 saylı məktəbdə ekoloji maarifləndirmə tədbiri keçirilib
Ölçü:

Azərbaycan Respublikası Konstitusiyasının ll fəslinin 78-ci maddəsində  deyilir ki,   ətraf mühitin mühafizəsi hər bir şəxsin borcudur. Bu vəzifələri  yerinə yetirmək üçün ölkə vətəndaşlarının ekoloji mədəniyyətini inkişaf etdirilməsi pedaqoq alimllər, müəllim və tərbiyəçilər qarşısında mühüm vəzifə olaraq qoyulub. Ekoloji mədəniyyətin formalaşdırılması fasiləsiz olaraq ailədən, uşaq baxçalarından başlayaraq ümumtəhsil məktəblərində və nəhayət, ali məktəblərdə aparılmalıdır. Tədris müəssələrində ekoloji bəlalarla, ekoloji şüurla, ekoloji təfəkkürlə və fəaliyyətlə, təbiətə qayğılı münasibət bəsləməklə bağlı biliklərin verilməsi ekoloji tərbiyənin mahiyyətini və məzmununu təşkil edir.

Müasir dövrdə qlobal problemlərin sırasında ekoloji poblemlər birinci yeri tutur. Hazırda bu cür problemlər bəşər cəmiyyətinin ümumi mənafeyini əks etdirir. Bundan  başqa, ekoloji problemlər sivilizasiyanın inkişafına birbaşa təsir göstərir.  Ekoloji problemlərin  miqyası genişləndikcə sosial-iqtisadi tərəqqi kəskin şəkildə ləngiyir və bəşər mədəniyyəti məhv olmaq təhlükəsi ilə üz-üzə qalır.

Ekoloji problemləri təhlil etmək üçün iqtisadiyyat, sosial, təbiət və texnika sahələri üzrə elm nümayəndələrinin birgə fəaliyyətinə ehtiyac duyulur. ABŞ və İsveçrədən olan bir qrup alim Yer kürəsinin bir çox regionlarında qurunt suların tükənməsinin həyəcanverici sürətinə diqqət çəkib. Nəticələr göstərib ki, qurunt sularının səviyyəsi 2000-ci ildən bəri çox yerlərdə aşağı düşüb. Bir çox bölgələrdə bu rəqəm hər il 50 santimetrdən çox azalır. Bu, Əfqanıstan, Çili, Çin, Hindistan, İran, Meksika, Mərakeş, Səudiyyə Ərəbistanı, İspaniya və ABŞ-nin cənub-qərbində baş verir.

Daha bir həyəcanverici nəticə ondan ibarətdir ki, tədqiq olunmuş ərazilərin təxminən üçdə bir  hissəsində qrunt sularının səviyyəsinin aşağı düşmə sürəti daha da artmaqdadır. Təbii ki, bizim ölkəmiz də bu problemdən kənarda deyil. Bu baxımdan  hər il ölkəmizdə ekoloji mühitin saflaşdırılması ilə bağlı müxtəlif xarakterli tədbirlər həyata keçirilir.

Belə  tədbirlərin sırasına bu günlərdə Yasamal  rayonu Aslan Ağaverdiyev adına 31 saylı tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri və məktəb rəhbərlıyi tərəfindən  hazırlanan “Ekoloji  problemlər  və  müasir  həyat” adlı maarifləndirici  hesabat  tədbirini də aid etmək olar. Müasir dünyada əsas qlobal problemlərdən biri mövcud su  ehtiyatlarının azalması və  çirklənməsidir. Bu problemin kökündə bir sıra səbəblərin  mövcudluğu bu gün  diqqət çəkən məsələlərdəndir.

Əhalinin sayının artması, sənayenin və kənd təsərrüfatının inkişafı ilə suya ehtiyac kəskin şəkildə artır. Son onilliklərdə dünyanın bir çox bölgələrində   su çatışmazlığı hiss olunur. Su ehtiyatlarının kəmiyyətcə və keyfiyyətcə tükənməsi prosesi gedir, bu da keyfiyyətsiz suyun istifadəsi ilə əlaqədar əhalinin xəstəlik hallarının artmasına, eləcə də  iqtisadiyyatın zəifləməsinə səbəb olur.

Tədbirdə  məktəbin şagirdləri ”Dünyanın  su  ehtiyatları” (Abdullayeva Alimə), ”Şoran suları və onların yuyulması”  (Zeynəb Sadıqzadə), “Qurunt suları” (Aylin Cabbarova)   və s. mövzularda  təqdimatlar  nümayiş  etdilər. Onlar çıxışlarında   su probleminin yaranma səbəblərini, iqlim dəyişmələrinin su ehtiyatlarına təsirini, sudan qənaətlə istifadənin  əhəmiyyətini, sudan səmərəli istifadə  yollarını   müzakirə edərək   birgə   fikir mübadiləsi apardılar.

Məktəbin  direktoru  Zülfiyyə Rəsulova , fənn  müəllimləri  Ülviyyə Həsənova və Kəmalə Hüseynova tədbirdə iştirak    edərək  şagirdələrə  müzakirə olunan  mövzularla  bağlı     praktiki tövsiyələr verdilər.  Biz də, öz  növbəmizdə,   məktəbin  müsbət  təşəbbüsünü  alqışlayaraq   belə  qənaətə  gəlirik ki, ekoloji tərbiyə işi müasir tələblər əsasında qurularsa, onda  məktəblilər  ekologiya və təbiətin mühafizəsi kimi mühüm vəzifələrin  həyata keçirilməsində fəal iştirak edərlər.