Ağdamda dəmir yolu avadanlıqlarının istehsalı zavodu qurulur
Ölçü:


İşğaldan azad edildikdən sonra genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin həyata keçirildiyi Ağdamda daha bir zavod qurulur. Bu, həm də Azərbaycanda dəmir yolu avadanlıqları istehsal edəcək ilk zavod olacaq. 

Koordinat.az xəbər verir ki, bunu “Rail Trans Service” MMC-nin Təchizat şöbəsinin rəhbəri Nəzrin İbadova deyib. Onun sözlərinə görə, Ağdam Sənaye Parkının ərazisində tikilən zavodun cəmi iki aydan sonra, may ayında fəaliyyətə baçlayacağı nəzərdə tutulur. Məhsullar, ilkin olaraq, daxili tələbatın ödənilməsi üçün istifadə ediləcək. Şirkətin Azərbaycan daxilində məhsullarının potensial alıcısı “Azərbaycan Dəmir Yolları” QSC-dir. Bir müddət sonra isə MDB ölkələrinə məhsul ixrac ediləcək.

Nəzrin İbadova bildirib ki, mayın əvvəlində zavodun 3 korpusu - yığım, istehsal və yataqxana korpusları açılacaq. Layihənin investisiya dəyəri 5,7 milyon manatdır. Zavodda 43 daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsala başlanıldıqdan sonra bu sayın artırılması da mümkündür.

Xatırladaq ki, “Rail Trans Service” MMC İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. “Rail Trans Service” indiyədək dəmir yolu avadanlıqlarını Rusiyadan idxal edərək ölkə daxilində satırdı. Zavod fəaliyyətə başladıqdan sonra isə idxala ehtiyac qalmayacaq.
28.03.2024 16:38:00
Oxuma sayı: 719